• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Amerikaya ötürülən casus siyahısı - Şok araşdırma

  • Nida.az
  • 13 Fevral 2014 10:09
  • 1 215 Baxış
Amerikaya ötürülən  casus  siyahısı -  Şok araşdırma

Həmişə qalmaqlaları ilə seçilən jurnalist Eynulla Fətullayev maraqlı araşdırma ilə çıxış edib. ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin iki tədqiqatçısı - Con Zadrozni və Daniel Vajdiçin Bakı səfərinə toxunan müəllif müşahidələrini ortaya qoyub.

Müəllifin fikrinə görə, bu səfərin əhəmiyyəti amerikalı mütəxəssislərin Bakıda əldə etdiyi və böyük ehtimalla artıq öz siyasi rəhbərliyinə ötürdüyü informasiyaların Vaşinqtonun Azərbaycandakı vəziyyətə dair baxışlarını köklü surətdə yenidən nəzərdən keçirməyə məcbur edəcəyinə görə əhəmiyyətlidir.

Hər iki Senat əməkdaşının ABŞ kəşfiyyat orqanlarına qeyri-leqal bağlılığına və ABŞ xarici siyasətinə təsirinə diqqət çəkən E.Fətullayev D.Vajdiçi Azərbaycandakı vəziyyətə sərt yanaşma tərəfdarı kimi təqdim edir: “D.Vajdiç Bakıya ilk dəfə hələ 2010-cu ilin iyul ayında gəlib. Yeri gəlmişkən, D.Vajdiç Azərbaycana ilk səfəri zamanı burada ABŞ politoloqu və “American Enterprise” institutunun əməkdaşı kimi təqdim olunmuşdu”.

Xədicənin etirafları

Müəllif Senat əməkdaşlarının jurnalist Xədicə İsmayıl, hüquq müdafiəçisi Emin Hüseynov və vəkil Rəşid Hacılı ilə görüşündən də yazır. Bildirir ki, Xədicə İsmayıl Azərbaycanda demokratiyanın böhranından, korrupsiyadan, təhsil və səhiyyə sisteminin iflic olmasından, məktəblərdə elementar kompüterlərin olmamasından, ölkədəki sosial gərginlikdən onlara danışıb...

“Bir sözlə, X.İsmayılova buna əmin olduğunu qətiyyətlə bildirir ki, Azərbaycanda inqilabın bütün ilkin şərtləri yetişib, inqilab ərəfəsindəki vəziyyət yaranıb...

Görünür, X.İsmayılova həmsöhbətlərinin sual dolu baxışlarını özünəməxsus şəkildə başa düşür deyə onları daha bir etirafı ilə mat qoyur: “Bilirsinizmi, Azərbaycanda indiyədək niyə inqilab baş verməyib? Çünki bunda Qərb günahkardır!”

Qərb? Bəli, Qərb.

Çünki Vaşinqton “Maqnitski qanunu”nu Azərbaycana da tətbiq etməlidir, amma etmir... Çünki nüfuzlu konqresmenlər Bakıya gəlib milli-demokratik qüvvələrə dəstək vermirlər... Çünki ABŞ Azərbaycana münasibətdə digər təzyiq mexanizmlərini işə salmır...

...Bu jurnalist söhbət boyunca yalnız bu fikirdə israr edir ki, Qərb müxalifətə və vətəndaş cəmiyyəti fəallarına ayırdığı maliyyənin həcmini artırmalıdır. Yəni Qərbi açıq şəkildə pul paylamağa çağırır!

C.Zadrozni ilə D.Vajdiç Azərbaycan müxalifətinin dağılıb getməsinin səbəblərini izah eləməyə çalışırlar, etiraz hərəkatının zəifləməsinin kökündə dayanan hadisələrin əsl mahiyyətini açmağa cəhd edirlər".

“Müxalifətdən kim hakimiyyətlə bağlıdır?”

Bu başlıq altında Eynulla Fətullayev Xədicə İsmayılın siyahısını təqdim edir. Müəllifin sözlərinə görə, “Zadrozniyə baxanda nisbətən az təcrübəli olan gənc Vajdiçin səhlənkarlığı və Bakı aeroportunda gömrükdən keçərkən yol verdiyi diqqətsizlik X.İsmayılovanın bu hay-küylü hesabatı barədə informasiya sızıntısına yol açıb. Bu hesabat redaksiyamıza da elə gömrük xidmətindəki mötəbər mənbə tərəfindən verilib.

Bəs hakimiyyətə kimlər işləyir?

Xədicə İsmayılovanın hesabatında hakimiyyətlə əməkdaşlıq edən aşağıdakı müxalifətçilərin və vətəndaş cəmiyyəti sektoru təmsilçilərinin adları göstərilir.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu - Daxili İşlər Nazirliyindən maliyyələşir. R.Arifoğlunun siyasi idarəçiliyi bilavasitə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov tərəfindən həyata keçirilir. R.Arifoğlu DİN-ə 2006-cı ilin avqustundan işləyir.

Müsavat başqanı İsa Qəmbər - İlham Əliyev hakimiyyəti tərəfindən “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun köməyi ilə “verbovka” olunub. İsa Qəmbərin fəaliyyətinin koordinasiyası Prezident Administrasiyası tərəfindən Rauf Arifoğlu vasitəsilə həyata keçirilir. İsa Qəmbərin maliyyələşdirilməsi R.Arifoğlunun hər ay DİN-dən aldığı vəsait hesabına həyata keçirilməkdədir. İsa Qəmbərin oğulları Turqut və İlkin Qəmbər də həmçinin Rauf Arifoğlu tərəfindən maliyyələşdirilir.

Müsavat Partiyası ilə hakimiyyət arasında 2015-ci il parlament seçkilərində partiyanın bir neçə fəalına deputat mandatı verilməsinə dair razılaşma əldə olunub. Əldə edilmiş razılaşmaya əsasən növbəti çağırış parlamentdə deputat mandatını İsa Qəmbər özü, habelə onun partiyasının bir neçə təmsilçisi də əldə edəcək. Separat razılaşmanın şərtlərinə riayət edən İsa Qəmbər üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək Milli Şuranı parçaladı, hakimiyyətlə əməkdaşlıq etməyə başladı və konstruktiv müxalifət mövqeyi tutdu.

Siyasətçi Arif Hacılı, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri - Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən ələ alınıb.

Jurnalist Eynulla Fətullayev - 2002-ci ildən Milli Təhlükəsizlik Nazirliyi ilə əməkdaşlıq edir. E.Fətullayevin hərəkətləri belə təsəvvür yaradır ki, onun 2007-ci ildəki həbsi, sonrakı məhbusluğu və səs-küylü şəkildə azad edilməsi Azərbaycan xüsusi xidmət orqanlarının planlarının bir hissəsi idi. X.İsmayılova jurnalisti həddən artıq təhlükəli və məkrli adam kimi xarakterizə edir.

Siyasətçi Həsən Kərimov, AXCP sədrinin müavini - MTN-in Antiterror Mərkəzi ilə birbaşa əlaqədədir. İdarə olunur.

Siyasətçi Eldar Namazov - 80-ci illərin sonlarında SSRİ KQB-si tərəfindən “verbovka” olunub. İnformasiya Azərbaycan KQB-nin keçmiş sədri Vaqif Hüseynov tərəfindən də təsdiqlənir. 80-ci illərin sonlarında E.Namazov Azərbaycan KQB-si ilə analitik və xüsusi agent qismində əməkdaşlıq edib. SSRİ-nin dağılmasından sonra xüsusi agent Rusiya xüsusi xidmət orqanlarının nəzarətinə keçib. Hazırda Rusiya Federal Təhlükəsizlik Xidməti ilə əməkdaşlıq edir və maliyyələşdirilir.

İctimai fəal Erkin Qədirli - Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin rəhbəri Fuad Ələsgərovla əməkdaşlıq edir. Onunla tez-tez görüşür və bilavasitə F.Ələsgərovun özündən təlimatlar alır. Məhz Ələsgərov E.Qədirlini həbslərdən və repressiyalardan qoruyur.

Jurnalist Babək Bəkir - “Azadlıq” radiostansiyasının Azərbaycan xidmətinin rəhbəri. Xüsusi xidmət orqanları ilə əməkdaşlıq edir. X.İsmayılovanın agentura hesabatında göstərilir ki, məhz Babək Bəkirin hakimiyyətə yaxınlığı ona radiostansiya rəhbərliyinin Azərbaycan hakimiyyətinin təzyiqləri ilə X.İsmayılovanı vəzifəsindən uzaqlaşdırandan sonra xidmətin rəhbəri vəzifəsini tutmağa imkan verdi.

Jurnalist Mehman Əliyev - Babək Muradov adlı sahibkarın vasitəsi ilə MTN-lə əməkdaşlıq edir. Babək Muradov MTN rəhbərliyinə yaxın şəxsdir. M.Əliyev maskalanmış radikal müxalifətçi rolunda B.Muradova informasiyaları sızdırır.

Əbülfəz Elçibəyin ailəsi - tamamilə Prezident Administrasiyası tərəfindən nəzarət olunur və maliyyələşdirilir. Eks-prezidentin ailəsi ilə administrasiya arasında vasitəçiliyi Elçibəyin qardaşı Almurad Əliyev həyata keçirir. Administrasiya ilə həmçinin İsa Qəmbərin müavini, keçmiş deputat Arzu Səmədbəyli də əməkdaşlıq edir.

Siyasətçi Mirmahmud Fəttayev - Şeyxülislam Allahşükür Paşazadə vasitəsilə hakimiyyətlə əməkdaşlıq qurub. Onun nəzarəti və təsiri altındadır.

ReAl hərəkatı İdarə Heyətinin üzvləri Natiq Cəfərli, Zöhrab İsmayıl, Xalid Bağırov və hərəkatın digər üzvləri də Prezident Administrasiyasının siyasi analiz şöbəsinin rəhbəri Elnur Aslanovla fəal əməkdaşlıq edirlər. Məhz E.Aslanov ReAl hətəkatının yaradılmasının ideya müəllifi və təşəbbüskarıdır.

Siyasətçi Sərdar Cəlaloğlu - Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin rəhbərinin müavini Tahir Süleymanov tərəfindən koordinasiya olunur və idarə edilir.

Hüquq müdafiəçiləri Çingiz Qənizadə, Novella Cəfəroğlu, Səadət Bənənyarlı, Səidə Qocamanlı, Arzu Abdullayeva, Eldar Zeynalov - Leyla Yunus istisna olmaqla bunların hamısının fəaliyyətini Ədliyyə Nazirliyi və Milli Məclisin Beynəlxalq Məsələlər Komitəsinin sədri Səməd Seyidov koordinasiya edir.

Siyahıda göstərilir ki, hüquq müdafiəçisi Elçin Behbudov daxili işlər naziri Ramil Usubov və MTN rəhbəri Eldar Mahmudovla əməkdaşlıq edir...

Xədicə İsmayılovanın Zadrozni və Vajdiçə təqdim etdiyi siyahıda vətəndaş cəmiyyəti sektorunun, QHT və KİV-lərin hakimiyyətlə əməkdaşlıq etdiyi iddia olunan 100-ə yaxın nümayəndəsinin adları göstərilir”.

Sonda X.İsmayılın bu hesabatını “murdar hesabat” adlandıran müəllif ona xarici kəşfiyyatın casusu və satqın ittihamını irəli sürür...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR