• USD 1,7339 0,00% EUR 1,8297 0,00%
    • GBP 2,2001 0,00% RUB 0,0270 0,00%

Əli Həsənov: “Azərbaycan qısa zamanda ərazi bütövlüyünü təmin etmək imkanına malikdir”

  • Nida.az
  • 22 Dekabr 2014 14:50
  • 1 703 Baxış
Əli Həsənov: “Azərbaycan qısa zamanda ərazi bütövlüyünü təmin etmək imkanına malikdir”

“Azərbaycan dövlətinin gənclər siyasəti ilə öyünmək üçün kifayət qədər əsas var”.

Publika.az-ın məlumatına görə, bunu bu gün Bakıda keçirilən “Gənclər Təşkilatları: yeni imkanlar və müasir çağırışlar” mövzusunda tədbirdə çıxışı zamanı Azərbaycanın Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

Onun sözlərinə görə, bu siyasətin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub.

Ə.Həsənov deyib ki, Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin təməlində duran başlıca prinsip gənclərin xalqımızın milli-mənəvi dəyərlərinə, dövlətimizin gələcəyinə sahib çıxması, onu qorumağı bacarması ilə bağlıdır: “Gənclər bunu bacarırsa, Azərbaycan dövlətinin, azərbaycançılıq ideologiyasının gələcəyi var. Eyni zamanda, gənclərimiz öz fəaliyyətini düzgün qiymətləndirməyi, qlobal çağırışlara cavab verməyi bacarırlarsa, xarici dilləri, müasir texnologiyaları mənimsəyirlərsə, onda rəqabətə davamlı olacaqlar.

Azərbaycan əhalisinin təxminən 2/3-si yaşı 35-dək olan gənclər, yeniyetmə və uşaqlardır. Əhalinin təməli sağlam olmasaydı, dövlət siyasi, iqtisadi, mənəvi resursları onun inkişafına yönəltməsəydi, bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirməsəydi, biz gələcəyimizdən necə əmin ola bilərdik? Gənclik sağlam formalaşdırılıbsa, dövlət bu istiqamətdə düşünülmüş siyasət yürüdübsə və qarşısında duran vəzifələri tam məsuliyyətlə yerinə yetiribsə, o dövlətin gələcəyi var. Azərbaycan dövləti öz gənclər siyasətini mükəmməl proqram əsasında həyata keçirir. Prezident İlham Əliyev də dəfələrlə bəyan edib ki, hər bir dövlətin həyata keçirdiyi siyasətin əsasında milli maraqlar dayanmalı və hər bir hakimiyyət öz xalqına söykənməlidir. Əgər xalq bu siyasəti dəstəkləməsə, heç bir proqram müsbət nəticə verə bilməz. Azərbaycan dövlətinin uğuru odur ki, bu siyasət xalqın maraqlarına söykənir və xalq da onu dəstəkləyir”.

PA-nın şöbə müdiri Gənclər və İdman Nazirliyinin Azərbaycanda gənclər siyasətini həyata keçirən əsas qurum olduğunu diqqətə çatdırıb: “Yardımçı qurumlardan biri də Gənclər Fondudur. Heç kim deyə bilməz ki, Gənclər Fondunun fəaliyyətində hansısa xoşagəlməz hal mövcuddur. Prezident yanında qurumların hamısında, Elm Fondunda, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunda da belə şəffaf fəaliyyət qurulub. 3 il az müddət olsa da, Gənclər Fondunun fəaliyyətini uğurlu hesab etmək olar. Gənclər Fondu 3 illik fəaliyyəti dövründə kifayət qədlər səmərəli fəaliyyət göstərib və bu fəaliyyət praktiki nəticələrini göstərməkdədir. Hər bir fəaliyyət dövlətin, xalqın maraqlarına xidmət etməlidir: Gənclər Fonduna müraciətlərin getdikcə artması, 3 il ərzində 1865 layihəyə vəsaitin ayrılması, habelə maliyyələşmə ilə bağlı istiqamətlərin genişlənməsi görülən işin effektivliyindən, ictimai dəyərindən xəbər verir

Azərbaycanın müstəqilliyə qovuşmasından 23 il keçir. Biz 23 ildə nəyə nail olmuşuq? İlk növbədə ümummilli lider Heydər Əliyevin rəhbərliyi və səyləri nəticəsində Azərbaycan dövləti quruldu. Bu gün öyünə biləcəyimiz ən dəyərli sərvətimiz Azərbaycan dövlətinin varlığıdır. Azərbaycan dünyanın ən nüfuzlu qurumu olan BMT Təhlükəsizlik Şurasında təmsil olundu, Avropa Şurası Nazirlər Komitəsinə rəhbərlik etdi. Azərbaycan iqtisadi inkişafı ilə beynəlxalq aləmin diqqətini özünə cəlb etməyə, dünyanın enerji xəritəsində özünəlayiq yer tutmağa və onu dəyişdirməyə nail oldu. Azərbaycanda həyata keçirilən sosial siyasət artıq nümunə kimi təqdim edilir. Azərbaycanda xalqlar, millətlər və etnik qruplar arasında sivil birgəyaşayışın nümunəvi modeli formalaşıb, ölkəmiz tolerantlıq məkanı kimi bütün dünyada ad qazanıb. Dövlətin həyata keçirdiyi siyasət xalqın maraqlarına xidmət edir və hər bir vətəndaş bu siyasətdən bəhrələnə bilir. Artıq Azərbaycanın güclü ordusu formalaşıb və əminəm ki, bu ordu ən qısa zamanda ölkəmizin ərazi bütövlüyünü təmin etmək imkanına malikdir” .

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR