“Üçüncü dünya müharibəsi başlaya bilər” - sabiq spikerdən ŞOK PROQNOZ
Bizi izləyin

Nida.az

“Üçüncü dünya müharibəsi başlaya bilər” - sabiq spikerdən ŞOK PROQNOZ

“Qərbin Azərbaycana qarşı olan təzyiqləri başadüşülən deyil”.

Bu sözləri Publika.az-a açıqlamasında Azərbaycan Ali Sovetinin sabiq sədri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Yaqub Məmmədov bildirib.

Onun sözlərinə görə, Qərb uzun illərdir ki, Azərbaycana qarşı müxtəlif təzyiqlərə əl atıb: “Azərbaycan Prezidentinin indiyədək apardığı xarici siyasət doğru və düşünülmüş siyasətdir”.

Y.Məmmədov deyib ki, Azərbaycan öz xarici siyasətində Qərb və Rusiya arasındakı balansın qorunmasına xüsusi diqqət etməlidir: “Rusiya ilə münasibətlərimiz əvvəllər də yaxşı olub. İndi də bu münasibətlə uğurla davam edir. Rusiya bizim yaxın qonşumuz olan böyük dövlətdir. Bizim yüz minlərlə soydaşımız Rusiyada çalışıb öz ailələrinə pul göndərirlər. Ona görə də, Rusiya ilə münasibətlərimiz nə qədər normal olsa, bir o qədər yaxşı olar. Ancaq Qərblə də münasibətlər saxlanılmalıdır”.

Qərbin Rusiyaya qarşı iqtisadi sanksiyalarına da toxunan Y.Məmmədov deyib ki, bu cür addımlar Rusiyanı dağıda bilməz: “Bu cür fikirləri söyləyənlərdən biri olan Vəfa Quluzadəyə hörmətim var. O, uzun illərdir deyir ki, Rusiya bu gün-sabah dağılacaq və sairə. Bu, onun şəxsi mövqeyi və dünyagörüşüdür. Ancaq mən hesab edirəm ki, Qərbin həyata keçirdiyi sanksiyaların Rusiyaya elə ciddi təsiri olmayacaq. Rusiya tarixində bu cür sanksiyaları çox görüb. Qərb bu cür addımlarla Rusiyaya heç nə edə bilməyəcək. Rus xalqı da çətinliklərə dözümlü xalqdır, tarix boyu müharibələr və digər böyük çətinliklərlə üzləşib, hər zaman da qalib çıxıb. Rusiya böyük və güclü dövlətidir, böyük hərbi potensialı var. Vaxtilə SSRİ-nin iqtisadiyyatını çökdürməklə dağıtdılar. İndi də həmin siyasəti Rusiyaya qarşı tətbiq edirlər. Amma indi zaman və Rusiya fərqlidir. İndi ölkədə xalq da daha çox Putini dəstəkləyir. Ona görə də hesab edirəm ki, bu sanksiyalar Qərbin gözlədiyi nəticəni verməyəcək. Əgər bu sanksiyalar davam edərsə, o zaman daha böyük fəlakətlər ola bilər. Bu sanksiyalar belə davam edərsə, yaxşı nəticə verməyəcək. Hətta üçüncü dünya müharibəsi başlaya bilər”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm