Məhəbbət Muradov: “İsa Qəmbər və Arif Hacılı Müsavata obyekt kimi baxırlar”
Bizi izləyin

Nida.az

Məhəbbət Muradov: “İsa Qəmbər və Arif Hacılı Müsavata obyekt kimi baxırlar”

“Mənim məhkəməyə şikayət edəcəyimdən qorxaraq partiyaya üzvlüyümü bərpa etdilər. Daha sonra əvvəl olduğu kimi nizamnamə pozuntusuna gedərək bərpa qərarını ləğv etdilər”.


Bunu Publika.az-a açıqlamasında Müsavat Partiyasının Qubadlı rayon təşkilatının qərarı ilə partiyadan çıxarılan Məhəbbət Muradov deyib.


Qeyd edək ki, bu ilin oktyabrın 22-də M. Muradov özünü iştirakı olmadan Qubadlı rayon təşkilatının qərarı ilə partiyadan uzaqlaşdırılıb. Bir neçə gün öncə rayon təşkilatının qərarı ilə yenidən partiyaya üzvlüyü bərpa olunub. Bu qərardan bir gün sonra yenidən üzvlüyü ləğv edilib. Rayon təşkilatının sədri Nazim Əliyev bunu M. Muradovun sosial şəbəkələrdə partiya yoldaşları haqda aşağılayıcı fikirlər səsləndirməsi ilə əsaslandırıb.


M. Muradov isə bunu təkzib edir. Onun sözlərinə görə, yazdığı fikirlərin heç birində heç kimin adı çəkilmir və heç kimə qarşı aşağılayıcı fikirlər səsləndirməyib.


“Qubad İbadoğlunun təşəbbüsü ilə mənim müdafiəmlə bağlı kampaniya başladılmışdı. Həmin kampaniyaya 500-dən artıq müsavatçı imza atdı. Onlar gördülər ki, bu kifayət qədər güc deməkdir və mənim məhkəməyə şikayət edəcəyimdən çəkinərək rayon təşkilatının sədrinə bərpa olunmağımla bağlı göstəriş verdilər. Bir növ Nazim Əliyevə “nə qələt etmisənsə, düzəlt” göstərişi verildi. Mən Nazimlə uzun illər yaxın olmuşam. Hətta ailəvi dostluq münasibətimiz də olub. O əlildir və buna görə mən əlillə qarşı hansısa söz demək istəmirəm. Ümumiyyətlə mən əlillərlə mübarizə aparmıram. Amma o savadsızdır, traktorçu olaraq işləyir və nə nizamnamədən, nə məramnamədən başı çıxmır. Ona deyiləni edir. Müsavatın hazırki rəhbərliyi istəyirdi ki, etdikləri səhvi düzəltsin, amma bu dəfə də nizamnamə pozuntusuna getdilər və özlərinin qərarını özləri ləğv etdi. Çünki mənim partiyada olmağım onlara sərf etmir.

Mən ömrü boyu Müsavatda müxalif olmuşam. Bütün qanunsuzluqlara qarşı çıxmışam. Mən olduğum müddətdə də o təşkilatda nizamnamədən kənar heç bir addım atıla bilməzdi. Ona görə də belə etdilər. Hələ 22 oktyabr qərarında nizamnaməni pozmuşdular. O vaxt mənim iştirakım olmadan, xəbərdarlıq, töhmət və uzaqlaşdırma etaplarını gözləmədən çıxarılan qərar qanunsuz idi. İndi də eyni qanunsuzluqlarını davam etdirirlər. Bu yollarla məni əngəlləmək, siyasi fəaliyyətimə kölgə salmaq istəyirlər. Lakin bu baş tutmayacaq”, - deyə o vurğulayıb.


M. Muradov onun mübarizəsinin Azərbaycan davası olduğunu bildirib: “Mən səmimi olaraq dəfələrlə qeyd etmişəm ki, İlham Əliyev Qarabağı alsa, bir Qarabağ veteranı kimi onun qarşısında baş əyəcəm. Bizim davamız Azərbaycan davasıdır. Müsavatçılıq təkcə partiya üzvü olmaq deyil. Rəsulzadə də vaxtında deyirdi ki, bir gün müsavatçılar hakimiyyətə gələcək. Lakin bu müsavatçılar Müsavat Partiyasının üzvü olmaya da bilər. Müsavat Partiyası sentyabrın 27-də həqiqi mənada bitibdir. Keçirdikləri mitinq də onların bitdiyini göstərdi. Bu gün İsa Qəmbər, Arif Hacılı Müsavata obyekt kimi baxır. Mən illərlə İsa Qəmbərə xidmət etmişəm. Lakin heç vaxt ona qarşı namərdlik etməmişəm. Bu gün mənim Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatında olmağım onları narahat edir. ADR yaxın günlərdə daha da genişlənəcək və hazırkı Müsavatdan qat-qat güclü bir təşkilata çevriləcək”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm