• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Leyla Yunusun iddia etdiyi “qarapaltarlı”: O, mən idim!

  • Nida.az
  • 24 Dekabr 2014 19:21
  • 1 340 Baxış
Leyla Yunusun iddia etdiyi “qarapaltarlı”: O, mən idim!

Hazırda dövlətə xəyanətdə ittiham olunaraq həbsə alınan Leyla Yunusun bir müddət öncə açıqladığı bəzi məqamlara aydınlıq gətirilib. Belə ki, L. Yunus onun saxlanıldığı kameraya qara paltarlı adamların gəldiyi, ona qarşı sui-qəsdin hazırlandığı haqda iddialar səsləndirib.

Ədliyyə Nazirliyi yanında Pentensiar Xidmət üzrə İctimai Komitənin üzvü
Əhməd Abbasbəyli Publika.az-a açıqlamasında sözügedən qarapaltarlı şəxsin özü olduğunu deyib: “Leyla Yunus deyib ki, kameraya qara paltarlı adam gəlib. O qara paltarlı adam mən olmuşam. Kişi xeylağı bir mən olmuşam, qalan 8-9 nəfər ancaq qadın idi, onlar da ağ xalat geyinmişdilər. Mülki formada isə Səadət Bənənyarlı idi. Leyla Yunusa izah etməyə çalışdıq ki, məqsədimiz səhhətiniz haqqında obyektiv fikir alıb ictimaiyyətə çatdıqmaqdır. Burada isterika salası, təhqir edəsi nə bəhanə ola bilər? Gedəndə fikirləşirdim ki, Leyla Yunusla səmimi söhbətimiz olacaq, dərdini deyəcək, müəyyən problemlərini ictimaiyyətə çatdıracağam. Amma gözlədiyimin tamam əksini gördüm”.


İctimai Komitənin üzvü Leyla Yunusun həkimlərin müayinəsinə imkan vermədiyini və onları təhqir etdiyini bildirib: “Leyla Yunusun müayinəsi ilə bağlı məsələ qaldırılmışdı və Ədliyyə Nazirliyinə müraciət edilmişdi. Tələblərdən biri müayinəyə Ədliyyə Nazirliyinə tabe olmayan strukturlardan həkimlərin dəvət olunması idi. Müstəqil həkimlər, Səhiyyə Nazirliyinin tərkibində olan strukturlardan 11 nəfər olmaqla həkim heyəti yaradılmışdı. Bu heyət Bakı İstintaq Təcridxanasında Leyla Yunusun müayinəsini aparmaq üçün getdilər. İctimai Komitənin nümayəndəsi kimi prosesi izləmək, şəffaflığın yaradılması üçün mən və Səadət Bənənyarlı getdik. Leyla Yunusun səhhəti ilə bağlı obyektiv rəy almaq üçün Ədliyyə Nazirliyi tərəfindən bizə icazə verildi. Həkimlər Leyla Yunusun saxlandığı kameraya daxil olanda o həkimlərə çox aqressiv davrandı. Həkimlərin də hamısı qadınlardan ibarət idi ki, artıq söz-söhbətə ehtiyac olmasın. Leyla Yunus həkimləri görən kimi qışqırmağa başladı. Rus dilində “məni öldürmək istəyirlər” deyirdi. Mən də içəri keçib ondan soruşdum ki, Leyla xanım nə problem var? Həkimləri də, məni də təhqir etməyə başladı. Bizi faşist olmaqda ittiham elədi. Mən ona izah etməyə çalışdım ki, müayinə olunması üçün gəlmişik. İzahlarımıza baxmayaraq, öz “repertuarını”, təhqirini, isterikasını davam etdirdi. Onunla bir kamerada olan digər 3 nəfərdən onlara qarşı təzyiqlərin olub-olmamasını soruşdum. Heç bir təzyiqin olmadığını dedilər. Dedim Leyla Yunusa qarşı təzyiqi müşahidə etmisiniz? Söylədilər ki, heç bir təzyiq olmayıb”.


Ə. Abbasbəyli Leyla Yunusun onlara qarşı saymazyana davrandığını bildirib.


“Leyla xanım həkim heyətini görəndə heç ayağa durmadı. Çarpayıda uzanmış vəziyyətdə arxasını bizə çevirdi. Çox kobud şəkildə davrandı.

Əslində mən Leyla Yunusu ziyalı xanım kimi tanıyırdım, amma onun hərəkətləri məndə təəssüf hissi doğurdu. Görüşümüz təxminən yarım saat çəkdi. Axırda gördüm ki, isterika yüksək həddə qalxıb. Biz çıxmaq istəyəndə qayıtdı ki, məni öldürmək istəyirlər. Soruşdum ki, axı sizi kim öldürə bilər. Plastmas su qabı vardı, onu həkimlərdən birinin üstünə də atdı. Mənim məqsədim həqiqətən Leyla xanıma kömək etmək idi. Ona dedim ki, sizi müdafiə etməyə həmişə hazır olmuşam, amma hərəkətlərindən təəssüf hissi keçirdim. İndiyədək heç vaxt Leyla xanımla konfliktim olmayıb, toqquşmamışıq, bizi o cür qarşılamağı təəssüf doğurdu. Bir halda ki ona yalnız kömək etmək üçün getmişdik. Adi bir müayinə proseduru idi, nə sorğu, nə istintaq gedirdi, bizim iştirakımızı da ona görə təmin edildi ki, həkim müayinəsinin həqiqətən normal və obyektiv aparıldığına şahidlik edək. O, həkim müayinəsindən tamamilə imtina etdi. Həkimlərin əksəriyyəti öz tibbi avadanlıqlarını özləri ilə gətirmişdilər. Cəzaçəkmə müəssisəsinə, yaxud Ədliyyə Nazirliyi sisteminə aid olan heç bir şey yox idi. Ancaq Leyla Yunus həkimləri çox kobudluqla qarşıladı”, - deyə komitə üzvü vurğulayıb.


Qeyd edək ki, L. Yunusa qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 178-ci (dələduzluq), 213-cü (vergidən yayınma) və 192-ci (qanunsuz sahibkarlıq), Arif Yunusa qarşı isə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 178-ci (dələduzluq) maddələri ilə ittiham elan olunub və bu ilin iyul ayının 30-da onun barəsində həbs qətimkan tədbiri seçilib.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR