Qənirə Paşayeva türk jurnalistləri Quba məzarlığına apardı
Bizi izləyin

Nida.az

Qənirə Paşayeva türk jurnalistləri Quba məzarlığına apardı

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin dəvəti ilə ölkəmizdə səfərdə olan GAP Qəzetəçilər Birliyinin rəhbəri Zeynel Abidin Kıymaz, GAP Qəzetəçilər Birliyinin üzvü, radyo temponun sahibi Hamit Özpolat, GAP Qəzetəçilər Birliyinin baş katibi Fahrettin Çelik, GAP Qəzetəçilər Birliyinin idarə heyətinin üzvü Mustafa Saim Ayhan, GAP Qəzetəçilər Birliyinin rəhbərinin müavini Durdu Mehmet Taş, Kanal 35TV Yayın Yönetmeni Halit Tunç, Beyaz tv "Dinamıt" proqramının aparıcısı və müəllifi Latif Şimşek millət vəkili Qənirə Paşayevanın müşayiəti ilə Quba rayonuna səfər etmişlər. KİV rəhbərləri öncə Quba rayon İcra Hakimiyyəti başçısı Mübariz Ağayev ilə görüşüblər.

Görüşdə Qubanın tarixi ilə yanaşı bu günü, həyata keçirilən tikinti-quruculuq işləri barədə də məlumat verilib. Qonaqlar ilk öncə Quba Soyqırımı Məzarlığında olmuşlar. Millət vəkili, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin sədri Qənirə Paşayeva qonaqlara Quba Soyqırımı məzarlığı haqqında məlumat verərək, 1918-ci il martın sonunda erməni silahlı birləşmələrinin azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınlar, soyqırımlar və onun acı nəticələri barədə danışıb, Bakıda, Şamaxıda, Qubada, Lənkəranda və digər bölgələrdə törədilən bu soyqırımlar zamanı on minlərlə həmvətənimizin qəddarcasına öldürüldüyünü, xalqımızın qiymətli maddi mədəniyyət abidələrinin məhv edildiyini bildirdi: “Günahsız insanların, özəlliklə körpə uşaqların, qadınların, yaşlı insanların işgəncələrlə öldürülməsini, məsələn, insanların başlarına mismar çalınaraq, yaxud küt alətlərlə qətlə yetirildiyini, qətliam qurbanlarının toplu halda su quyusuna doldurularaq üstlərinin qapadıldığını düşünmək belə ağırdır. Quba Soyqırımı Məzarlığı ermənilərin Azərbaycan xalqına tək XX əsrin sonlarında deyil, həm də əvvəllərində soyqırım törətdiyini bir daha sübut edir.” Qonaqlar Prezidenti İlham Əliyevin Sərəncamı ilə hazırda Quba məzarlığında ermənilərin qanlı izlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan muzeyi də ziyarət ediblər və onlara erməni silahlı dəstələrinin, terror təşkilatlarının dinc azərbaycanlılara qarşı törətdiyi soyqırım və vandalizm aktları ilə bağlı məlumatlar verilmişdir.

Türkiyə KİV nümayəndələrinin Quba Soyqırım Məzarlığını ziyarətinin önəminə toxunan millət vəkili Qənirə Paşayeva həqiqətlərimizin bütün Türk Dünyasında bilinməsinin, əslində problemlərimizin, üzləşdiyimiz tarixi faciələrin zaman və məkanı fərqli olsa da, mahiyyətcə eyni olduğunu, ortaq keçmişdən ortaq gələcəyə boylanmamızın qaçınılmaz olduğunu vurğulamışdır. “Bura təşrif buyuran Türkiyədən olan qonaqlarımız sıradan insanlar deyil, hər biri cəmiyyət içində nüfuz sahibi olan ictimai-siyasi xadim, ədib, nüfuzlu KİV, media nümayəndələridir. Belə bir heyət ilə Quba Soyqırım Məzarlığını ziyarət etməyimizdə məqsədimiz ilk öncə, Türkiyə ictimaiyyətini ermənilərin tarixən Azərbaycan türklərinə qarşı soyqırım siyasəti yürütməsi barədə daha geniş məlumatlandırmaq və Türkiyə ictimaiyyətinin diqqətinə Azərbaycan, Qarabağ həqiqətlərini çatdırması, ermənilərin Azərbaycan xalqına soyqırım siyasəti yürütməsini davam etdirməsi, Ermənistanın işğalı altında saxladığı Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları barədə daha geniş məlumat verməyə çalışmasıdır. Ona görə də hörmətli qonaqlarımızın istər Quba səfərlərinin, istərsə də daha öncəki Xocavənd və qarşıdakı Gəncə-Tovuz səfərlərinin onların yaddaşında dərin iz buraxacağına inanırıq.” Muzeylə yaxından tanış olan Türkiyə KİV nümayəndələrindən ibarət nümayəndə heyəti dinc insanlara qarşı törədilmiş soyqırıma görə böyük üzüntü duyduqlarını bildiriblər və bu həqiqətlərin həm Türkiyədə, həm də Avropada daha geniş yayılmasında əllərindən gələn dəstəyi göstərəcəklərini deyiblər. Türkiyə KİV nümayəndə heyətinin üzvlərinə Quba Soyqırımı da daxil olmaqla, Azərbaycan həqiqətlərini özündə əks etdirən kitablar və materiallarda hədiyyə olunub. Qonaqlar Quba şəhərinə səfər çərçivəsində rayonda həyata keçirilən tikinti-quruculuq işləri ilə geniş tanış olublar. Qubanın tarixi yerlərini, abidələrini, yeni yaradılmış gənclər mərkəzini ziyarət edib, rayon nümayəndələri ilə görüşüblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm