
Gələn ilin martında Ammanda Azərbaycan və İordaniya Haşimilər Krallığı hökumətləri arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclası keçiriləcək.
Bu barədə Publika.az-a açıqlamasında Azərbaycanın İordaniya Haşimilər Krallığındakı səfiri Sabir Ağabəyov bildirib.
Onun sözlərinə görə, iclasda iştirak etmək üçün Azərbaycanın bir neçə hökumət rəsmisinin İordaniyaya səfəri gözlənilir.
Səfir deyib ki, 2013-cü ildə Azərbaycan ilə İordaniya arasında xarici ticarət dövriyyəsi 2 124,8 min ABŞ dolları təşkil edib: “Bu rəqəm ildən-ilə daha da artır. Biz 2015-ci ildə ticarət dövriyyəsi həcminin xeyli artacağına inanırıq”.
S.Ağabəyov onu da qeyd edib ki, 20 Yanvar faciəsi ilə bağlı səfirlik tərəfindən İordaniyada bir sıra anım tədbirləri təşkil olunacaq: “Bu tədbirlərdə iştirak etmək üçün Azərbaycanın Prezident Administrasiyasının (PA) rəsmi şəxslərinin də İordaniyaya səfəri nəzərdə tutulub. Bundan əlavə, gələn il İordaniya Haşimilər Krallığı Senatının sədri və İordaniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin Azərbaycana səfəri gözlənilir”.
Vasif Həsənli