“Artıq elə bir yaşdayam ki...” – Asim Mollazadə ilə qeyri-siyasi söhbət
Bizi izləyin

Nida.az

“Artıq elə bir yaşdayam ki...” – Asim Mollazadə ilə qeyri-siyasi söhbət

Milli Məclisin deputatı, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə, adətən, mətbuata ölkəmizdə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər barədə fikirlərini bölüşüb. Publika.az-ın “Siyasətsiz siyasətçi" rubrikasının növbəti qonağı olan Asim müəllimlə siyasətdən kənar mövzuda söhbətləşərək onu daha yaxından tanımağa və təqdim etməyə çalışdıq. Amma bütün cəhdlərimizə baxmayaraq, Asim müəllim rəsmiliyin atributuna çevrilən qalstuku çıxartmaq istəmədi.

“Bizim yaşadığımız mühit ağır mühitdir”

- Asim müəllim, işləriniz necədir?

- Hər şey normaldır. Hər zamankı işlərimizi davam etdiririk.

- Hansı istiqamətdə?

- Elə indiyə qədər apardığımız istiqamətdə. Çalışırıq seçicilərimizin hüquqlarını müdafiə edək, onların həyatının müsbət istiqamətdə dəyişməsinə nail olaq. Mənə elə gəlir, Azərbaycan və azərbaycanlıların haqq səsini dünyaya, beynəlxalq təşkilatlara, aparıcı dövlətlərə çatdırmaq bizim ən əsas vəzifəmizdir. Bizim birinci vəzifəmiz Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq və bu istiqamətdə ədaləti bərpa etməkdir.

- Sizcə, biz öz həqiqətlərimizi dünyaya hansı dildə çatdırmalıyıq - Azərbaycanca, ingiliscə, yoxsa şirin dildə?

- Onların bizi anladığı dildə.

- Bizi hansı dildə anlayırlar?

- Mənə elə gəlir bu beynəlxalq ictimaiyyətin bizi anladığı mədəni dəyərlər çərçivəsində olmalıdır. Azərbaycanın dünya üçün önəmi təkcə ölkəmizin böyük enerji mənbələri ilə bağlı deyil. Azərbaycan xalqı zəngin mədəniyyətini, dəyərlərini, dünyagörüşünü dünyaya açmalıdır.

- Bir neçə dil bilirsiniz. Bizim yaxın qonşularımızla dil tapmaq asandır, yoxsa uzaq dostlarla?

- Bizim yaşadığımız mühit ağır mühitdir. Tarixən Cənubi Qafqaz regionu böyük imperiyaların savaş bölgəsi olub. Azərbaycanın dünyada önəmi artdıqca, ölkəmizin həm regionda, həm də beynəlxalq aləmdə rolu gücləndikcə, bizə qarşı təzyiqlər də artır.

“Bu, məndə uşaqlıqdan vərdiş halını alıb və inkişafıma təkan verən əsas amil olub”

- İxtisasca həkimsiniz. Bir xalq, millət olaraq hansı “xəstəliyimizin” müalicəsinə ehtiyac var?

- Azərbaycan xalqı gənc və inkişafda olan xalqdır. Xalqımız tarixən bir neçə istiqamətdə, ilk növbədə mədəni istiqamətdə İslam və Türk dünyasının liderlərindən olub. Bu xalq Türk və İslam dünyasının ilk dünyəvi dövlətini qurub, ABŞ və Avropanın bir sıra dövlətlərindən daha tez qadınlara seçki hüququ verib. Şərqdə ilk opera, ilk balet, ilk caz nümunələri məhz Azərbaycanda yaranıb. Bununla yanaşı, biz indi müasir dövlət quruculuğu ilə məşğuluq. Hər bir gənc dövlətin də təbii olaraq nöqsanları da, uğurları da olur.

- Bildiyimə görə, çox mütaliə edirsiniz.

- Əlbəttə. Bu, məndə uşaqlıqdan vərdiş halını alıb və inkişafıma təkan verən əsas amil olub.

- Amma kabinetinizdə kitablar yoxdur.

- İş yerimdə kitab mütaliəsi ilə məşğul olmuram. Zəruri işləri qoyub kitab oxusam, bu, gülünc olar.

- Sonuncu dəfə hansı ədəbiyyatı oxumusunuz – elmi, yoxsa bədii ədəbiyyatı?

- Həm elmi, həm bədii ədəbiyyatı mütaliə edirəm. Söhbət ondan gedir ki, mən hər gün nəyisə oxumağa vərdiş etmişəm. Sovet imperiyası dövründə, cavanlığımızda informasiya əldə etmək üçün çox ciddi problemlərlə üzləşirdik. Lakin indi internet dünya səviyyəsində biliklər əldə etmək üçün bizə geniş imkanlar yaradıb. Bir neçə saniyədə istənilən kitabı, məqaləni əldə etmək mümkündür. Bu mənada mütaliə imkanları genişlənib və informasiya əldə etmək asanlaşıb. İnformasiya mübadiləsi də həmçinin.

- Sosial şəbəkələrdən və digər internet resurslarından tez-tez istifadə edirsiniz?

- Sosial şəbəkələrə çox vaxt ayıra bilməsəm də, digər internet resurlarına tez-tez müraciət edirəm. İndi on-line informasiya şəbəkələri, elektron kitab mənbələri çox zəngindir. Tədricən Azərbaycanın virtual kitabxanaları da zənginləşməyə başlayıb.

“Uzun illər həkim ixtisası üzrə işləmişəm”

- Əvvəlki qərargahınız başqa ünvanda idi. Ordan niyə uzaqlaşdınız?

- Əvvəlki qərargahımız şəhərin mərkəzində idi və orada hər zaman tıxaclarla bağlı problemlər olurdu. Həm də qərargahımızın bu əraziyə köçməsinin əsas səbəbi buranın bizim seçki dairəmiz olmasıdır. Bizi seçicilərimiz əhatə edir. Çalışırıq ki, gündəlik həyatımızda onlarla daha yaxın olaq. Onlar asanlıqla qərargahımıza gələ, təkliflərini deyə, fikirlərini, dərdlərini, problemlərini bölüşə bilsinlər.

- Bu binanın bütün mərtəbələri sizin qərargahınızdır?

- Bəli...

- Xanımınız da ixtisasca həkimdir.

- Bəli.

- O, hardasa işləyir?

- Yox.

- Bizdə tibb ixtisası üzrə təhsil alan bəziləri niyə bu peşənin arxasınca getmirlər?

- Mən uzun illər həkim ixtisası üzrə işləmişəm. Məni siyasətə gətirən əsas amil Azərbaycanın müstəqilliyi uğrunda mübarizə, Ermənistanın torpaqlarımızı işğal etməsi olub. Siyasətdə olduğumdan öz peşəm üzrə işləməyim mümkün deyil.

- Övladınız isə jurnalist ixtisası üzrə təhsil alıb.

- Həm jurnalistika, həm də ictimaiyyətlə əlaqələr üzrə. O həm Azərbaycanda, həm də Amerikada ali təhsil alıb.

- Amma peşəsi üzrə işləmir.

- Yox, elə bu sahədə də çalışır, öz peşəsi üzrə işləyir. Birləşmiş Millətlər Təşkilatının Gənclər Fondunun İctimai Əlaqələr üzrə Departamentində çalışır. İctimai Əlaqələr Departamenti həm də media sahəsini əhatə edir.

“Nəvə babası olmağı hamıya arzu edirəm”

- Beş yaşlı nəvəniz necədir?

- Yaxşıdır, bir nəvəm var. Yeri gəlmişkən, nəvə babası olmağı hamıya arzu edirəm.

- Nəvənizlə sonuncu dəfə nə vaxt görüşmüsünüz?

- İki gün əvvəl. Azərbaycan xalqının bir uğuru da var ki, ailədə uşaqlar çox olur. Azərbaycanlıların uşaqlara münasibəti digər xalqlarla müqayisədə daha istidir, mehribandır. Bu çox mühüm amildir. Ölkəmizin gələcəkdə daha müasir dövlətə çevrilməsi üçün yeni nəslə xüsusi önəm verilməlidir. Çalışmalıyıq ki, təhsil sistemi müasir olsun, diplom satan dükanlar formasında olmasın.

- Vədlərinizə sadiqsiniz?

- Çalışıram ki, söz verməyim. Söz verəndə də əməl etməyə çalışıram.

- Vədinizə əməl etmədiyiniz vaxtlar olub?

- Hansısa kiçik məsələlərdə ola bilər. Amma prinsipial məsələlərdə yox. Özümü xoşbəxt sayıram ki, arzuma çatmışam. Azərbaycan artıq müstəqil dövlətdir. İstəyim odur ki, ölkəmiz daha da güclü, müasir olsun.

- Özünüzü xoşbəxt sayırsınız. Xoşbəxtlik üçün əsas nə lazımdır?

- İlk növbədə sağlamlıq. Habelə sağlamlığın tərkib hissəsi olan ruhi sağlamlıq. Daxildə olan psixoloji problemlər hətta insanın orqanizminin pozulmasına gətirib çıxara bilir. Bu da mənim peşəmlə bağlı olduğuna görə, çalışıram belə şeylərdən uzaq olum. Hər bir insanın xoşbəxt olması üçün onun daxili sistemi balanslı, normal olmalıdır. İnsanların xoşbəxtliyi, onların gücü ağlın və mədəniyyətin yüksək səviyyədə olması ilə bağlıdır. Mədəniyyət sözünü geniş anlamda deyirəm. Söhbət təkcə məişət mədəniyyətindən, ya da incəsənətdən getmir. Mədəniyyət deyəndə onu geniş anlamda nəzərdə tuturam. Burada siyasi mədəniyyətdən tutmuş davranış mədəniyyətinə qədər hər şey daxildir.

- Ünsiyyətcil adamsınız?

- Normal ünsiyyət qurmaq qabiliyyətinə malikəm.

“Çox artıq olmaz”

- Ən çox hansı sahələrin nümayəndələri ilə ünsiyyət qurursunuz – həmkarlarınızla, ictimaiyyətlə, mediayla, yoxsa?..

- Təbii ki, həm ictimaiyyətlə, həm mediayla, həm də siyasətdəki həmkarlarımla. Bu istiqamətdə müəyyən təcrübə qazanmışam. Çünki uzun illərdir bir sıra sahələri əhatə edən insanlarla görüşüb ünsiyyət qurmuşuq.

- Səhv etmirəmsə, çoxlu çay içən deyilsiniz, əsasən meyvə şirələrindən istifadə edirsiniz.

- Belə də... Kofeyə daha çox üstünlük verirəm.

- Onu da az içirsiz...

- Düşünürəm ki, normadan artıq hər şey insanın orqanizmini zədələyə bilər. Çox artıq olmaz.

- İdmanla da məşğul olmursunuz?

- Yox, elə bir yaşdayam ki...

- Bəs yüngül fiziki hərəkətlər?

- Xeyli piyada gəzirəm.

- Həkim həmkarlarınız insanlara sağlamlıq üçün gün ərzində minimum 4 kilometr piyada gəzməyi tövsiyə edirlər.

- Mən bundan bir az da artıq piyada gəzirəm.

- Yeni ildə əsas arzunuz nədir?

- Sülh. Əsas arzum Azərbaycan xalqının daxili əmin-amanlığı, sülh şəraitində inkişafı ilə bağlıdır. Və Qarabağ arzusu...

- Hər il bunu arzulayırıq. 2014-cü ili də bu yerinə yetməmiş arzuyla başa vurduq. Sizcə, gələn il arzumuza çata biləcəyik?

- Dövlətimiz, milli ordumuz ildən-ilə güclənir. Biz düzgün yoldayıq. Nəticədə qalib gələcəyik.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm