5 bələdiyyə üzrə səslər təkrar sayılacaq
Bizi izləyin

Nida.az

5 bələdiyyə üzrə səslər təkrar sayılacaq

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

Publika.az xəbər verir ki, iclasda 23 dekabrda keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı daxil olmuş müraciətlərə baxılıb. 65 saylı Kürdəmir Seçki Dairəsində Bəlyik bələdiyyəsi üzrə seçki məntəqələrində, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar Seçki Dairəsində Təklə bələdiyyəsində 23, 24 və 26 saylı seçki məntəqələrində, 80 saylı İmişli-Beyləqan Seçki Dairəsində Dünyamalılar bələdiyyəsi üzrə 39 və 40 saylı məntəqələrdə namizədlərin iddia etdikləri qanun pozuntuları ilə bağlı müraciətlərinin baxılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilməsi barədə qərarlar qəbul edilib.

MSK 57 saylı Seçki Dairəsində Çöhranlı bələdiyyəsi üzrə 12 saylı seçki məntəqəsində, 87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsində Minbaşı bələdiyyəsi üzrə seçki məntəqələrində, 79 saylı İmişli Seçki Dairəsində İmişli bələdiyyəsində 6 saylı seçki məntəqəsində, 92 saylı Zərdab-Ucar Seçki Dairəsində Bıçaqçı bələdiyyəsi üzrə seçki məntəqələrində, 117 saylı Oğuz-Qəbələ Seçki Dairəsində Cığatelli bələdiyyəsi üzrə 47 saylı seçki məntəqəsində səslərin təkrar hesablanması barədə qərar verib. Namizədlərin şikayətlərindəki digər məqamların isə müvafiq DSK-larda araşdırılması zəruri sayılıb. MSK 51 saylı Qusar Seçki Dairəsində Urva bələdiyyəsi üzrə 47 və 48 saylı seçki məntəqələrində seçki pozuntusunun araşdırılması barədə namizədin müraciətini sonradan geri götürməsi ilə bağlı bu müraciəti baxılmamış saxlayıb. 82 saylı Ağcabədi Seçki Dairəsində Təzəkənd bələdiyyəsi üzrə qeydə alınmış namizəd Aynurə Muxtarovanın Belarus vətəndaşı olması və buna görə də seçkidə qanunsuz iştirak etməsi ilə bağlı bu kənd sakinlərindən birinin müraciətini isə əsassız sayılıb. MSK-nın ekspert qrupu araşdırma zamanı A.Muxtarovanın Azərbaycan vətəndaşı olduğunu müəyyən edib. MSK sədri Məzahir Pənahov namizədin bələdiyyə seçkilərindən öncə müvafiq arayış təqdim etdiyini xatırladıb və bu müraciətə baxılmağa, ümumiyyətlə, ehtiyac olmadığın söyləyib. Səsvermə günü həmin bələdiyyə üzrə seçki məntəqəsində seçki günü saat 21:00-da 20 polis tərəfindən bülletenlərin qanunsuz aparılması barədə müraciətin isə baxılması üçün müvafiq DSK-ya göndərilməsi barədə qərar verilib.

İclasda çıxış edən MSK sədri Məzahir Pənahov bildirib ki, seçki məntəqələrindən şikayətlərə Mərkəzi Seçki Komissiyasının baxmaq səlahiyyəti yoxdur: “Bu barədə əhali arasında təbluiğat aparılmalıdır. Şikayətlər öncə müvafiq Dairə Seçki komissiyalarına ünvanlanmalıdır. Sonrakı mərhələdə Dairə Seçki Komissiyasının qərarından Mərkəzi Seçki Komissiyasına müraciət edilə bilər”.

Onun sözlərinə görə, şikayətlərin DSK-lara göndərilməsi həm də şikayətlərin operativ araşdırılması üçün vacibdir: “Ancaq şikayətlər Mərkəzi Seçki Komissiyasına ünvanlanır, biz də təkrar həmin şikayətlərə baxılması üçün Dairə Seçki komissiyalarına göndəririk. Prosedur qayda belədir. Kimlərdəsə belə təəssürat yarana bilər ki, Mərkəzi Seçki Komissiyası müraciətlərə baxmaq istəmir, Dairə Seçki komissiyalarına göndərir. Dairə Seçki komissiyalarına yox, Mərkəzi Seçki Komissiyasına müraciət edənlər, sadəcə, vaxtı uzadıb özləri üçün problem yaradırlar”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm