• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Suriyadan Qarabağa köçürülən ermənilər: “Burda yoxsulluq içində yaşayırıq”

  • Nida.az
  • 29 Dekabr 2014 12:45
  • 923 Baxış
Suriyadan Qarabağa köçürülən ermənilər: “Burda yoxsulluq içində yaşayırıq”

“BBC Rusiya” Suriyadan köçən ermənilərlə bağlı reportaj hazırlayıb.


Publika.az xəbər verir ki, Suriyanın Allepo bölgəsindən Ermənistana köçürülən ermənilərlə görüşən BBC müxbiri onların acınacaqlı durumundan yazıb.


“Onlar Suriya münaqişəsində tərəf olmaq məcburiyyətində qalanda 2012-ci ildə buranı yavaş-yavaş tərk etməyə başladılar. Bu gün Ermənistanda 13 min Suriya ermənisi yaşayır. Ermənistanda əhali yoxsulluq içindədir, lakin hökumət qapılarını Suriya erməniləri üçün açıb.

Müharibədən öncə Suriyada 80 min erməni yaşayırdı. Bu gün onların təxminən 40-45 mini qalıb. Əksəriyyəti Aleppo bölgəsində yaşayır. Ermənistan hökumətinin məlumatına görə, 15-20 min Suriya ermənisi Livana, 13 min isə Avropa və ABŞ-a köçüb. Digərləri isə tədricən Ermənistana köçür.


Ermənistanın Diaspor Nazirliyinin Yaxın Şərq üzrə idarə rəhbəri Lusine Stepanyan bildirib ki, 2012-ci ildən başlayaraq Suriya erməniləri köç edir: “Bəziləri yay istirahəti üçün gəlmişdi və geri qayıtmağın mümkünsüzlüyünü anlayaraq burda qaldılar”.


Suriyadan köçən ermənilər üçün Ermənistanda yaşamaq çox çətindir. Bir çoxları Ermənistanda biznes qurmağın çətinliyindən şikayət edir. Xüsusilə yüksək vergilər və iqtisadi perspektivlərin olmaması bu çətinliyi artırır.


Erməni ekspertlər əsas problemin bazarlarla bağlı olduğunu hesab edirlər. Belə ki, Ermənistanda 3 milyondan da az əhali var və bu bazar alıcılarının az sayda olması deməkdir. Eləcə də digər ölkələrin bazarlarına çıxış məhduddur. Bundan başqa, Ermənistanda normal yaşamaq üçün mütləq yüksək səviyyədə əlaqələrə malik olmalısan.


BBC yazır ki, Suriyada abad həyatdan sonra Ermənistanda acınacaqlı vəziyyətə uyğunlaşmaq çətindir. Gəlmələr, adətən, Suriyada qazandıqları puldan qat-qat aşağı maaşa razılaşıb işləyirlər. Əgər iş tapa bilsələr.


38 yaşlı Alina Kasabdji 4 ay əvvəl Ermənistana gəlib. Onun ərinin Aleppoda mağazası olub. Özü isə tibb bacısı işləyirmiş.


“Biz normal həyat şəraitində yaşayırdıq. Lazım olan hər şeyimiz var idi. Müharibəyə görə şəhəri tərk etmək məcburiyyətində qaldıq. Lakin Ermənistanda işə düzələ bilmədik. Özümüzlə gətirdiyimiz pul 2 ay öncə bitdi. Çox yoxsul vəziyyətdə kirayədə qalırıq. Daha geri qayıtmağa da pulumuz yoxdur”, - deyə o bildirir.

Onun əri tanışlar tapıb Ermənistanda mağaza açıb. Lakin zərərə işləyib və bağlamaq məcburiyyətində qalıb.


Gəlmələrin çoxu bu addımı atdıqlarına görə peşmandır və əksəriyyət Avropa ölkələrinə getməyə hazırlaşır. Hətta qaçmalı olsalar belə, Ermənistanı tərk etməkdə israrlıdırlar.


Alina isə Allepoya qayıtmaq istəyir. Çünki ona Ermənistanda yaşamaq təkcə iqtisadi çətinlik demək deyil. O həm də diskriminasiya ilə üz-üzə qalıb. Buna səbəbsə erməni dilində normal danışa bilməməsidir”.


Qeyd edək ki, Suriyada gələn ermənilərin əksəriyyəti Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisinə yerləşdirilir. Erməni rəsmiləri bunu BBC-yə təsdiq etmək istəməsələr də, bu faktdır.

BBC müxbiri söhbət etdiyi gəlmələrin fikirlərinə istinadən dolayısı yolla bunu təsdiqləyir. Çünki məqalədə İrəvanda yaşayan suriyalı ermənilərin acınacaqlı durumu işıqlandırılır, ardınca digər bölgələrə və Dağlıq Qarabağa köçürülənlərin daha pis vəziyyətdə olduğu deyilir.

Köçürülmə prosesində iştirak edən erməni rəsmilərindən biri də adının açıqlanmasını istəmədən bu faktı təsdiq edir. Onun sözlərinə görə, Dağlıq Qarabağa köçürülən ermənilər üçün gələcək proqramlar hazırlanıb və onların həyatı yaxşılaşdırılacaq. Lakin indi vəziyyət heç də ürəkaçan deyil.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR