Qadınlara hərbi bilet veriləcək – AZƏRBAYCANDA
Bizi izləyin

Nida.az

Qadınlara hərbi bilet veriləcək – AZƏRBAYCANDA

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanununda dəyişikliklər edilməsi məsələsi müzakirəyə çıxarılıb.


Publika.az xəbər verir ki, vitse-spiker, Müdafiə və təhlükəsizlik komitəsinin sədri Ziyafət Əsgərov dəyişikliklərlə bağlı məlumat verib.

“Qanuna təklif olunan dəyişikliklər hərbi uçot və qeydiyyatın daha da təkmilləşdirilməsi məqsədi daşıyır. Qanunun yeni redaksiyada verilən 2.0.5-ci maddəsinə görə, hərbi qeydiyyat - Azərbaycan Respublikasının Silahlı Qüvvələrini və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələri şəxsi heyətlə komplektləşdirmək məqsədilə bütün çağırışçıların və hərbi vəzifəlilərin yaşayış yeri və ya olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmasıdır. Yeni layihə hərbi qeydiyyata götürülməli olmayanlar, həmçinin dinc dövrdə və müharibə dövründə həqiqi hərbi xidmətə yararsız hesab edilənlər barədə müddəaları da özündə ehtiva edir.

Qanuna əlavə edilən 28.6-cı maddəyə görə, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlara, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına, çağırış komissiyasının qərarı ilə çağırışdan azad edilib ehtiyata keçirilmiş, həm dinc dövrdə, həm də müharibə dövründə həqiqi hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlara, öz razılığı ilə hərbi qeydiyyata götürülmüş 19 yaşdan 40 yaşadək qadınlara və ehtiyatda olan zabitlərə hərbi bilet verilir”, - deyə vitse-spiker məlumat verib.


Deputat Fəzail Ağamalı Azərbaycanın işğal edilən torpaqlarının azad edilməsinin hərbi yolunu önə çəkib: “Ermənistanın tutduğu militarist mövqedir, status-kvonun bu cür qalmasına çalışılır. Bu, 20 ildir davam edən sülh prosesini şübhə altına alır. Biz əlbəttə ki, Silahlı Qüvvələrimizi inkişaf etdirməliyik. Prezidentin bu istiqamətdə atdığı addımlar da dəstəklənir. Yeni təyin olunan Zakir Həsənovun kabinet nazirindən əsgər nazirinə çevrilməsi də göstərir ki, ordu ciddi inkişaf edir. Bunu bu ilin avqustunda baş verən hadisələr, ordunun düşmənə layiqli cavabı bir daha təsdiq etdi. Ziyafət müəllimin qeyd etdiyi təkliflər də bu siyasətin davamına xidmət edir. Bu dəyişiklik müdafiə olunmalıdır”.


Millət vəkili Qənirə Paşayeva sərhədyanı bölgələrdə insanların müqavilə əsasında hərbi hissələrdə işə qəbul olunmasını müsbət qiymətləndirib: “Çünki bu insanlar bölgəni yaxşı tanıyır, bəzi parametrlərə cavab verirlər. Ora əsgərlərin deyil, məhz işçilərin cəlb olunması çox yaxşı haldır. Əlavə müqavilə ilə hərbi hissəyə işçilərin götürülməsi ayrı bir məsələnin də müsbət həllinə yardımçı olardı. Bu da magistratura təhsilini almaq üçün möhlət hüququnun verilməsi ilə bağlıdır. Əlbəttə, hər kəs xidmətini çəkməlidir, heç kimə güzəştə getmək olmaz. Amma gənclərimizin elmə, təhsilə yönəldilməsi də vacibdir”.


Q. Paşayeva həmçinin orta məktəblərdə hərbi dərslərin xarakterinin dəyişilməsinin vacib olduğunu vurğulayıb.


“Biz formal dərslərdən reallığa keçməliyik. Fiziki, psixoloji hazırlıq olmalıdır. Təhsil və Müdafiə nazirlikləri arasında iş birliyi çərçivəsində həll olunmaldır. Məktəblərin təmin olunmasında problem varsa, rayonlarda gənclərin silahlarla tanışlığını həyata keçirən xüsusi mərkəzlər yaradıla bilər. Bu, hərbi hazırlığın keyfiyyətinin yüksəldilməsinə kömək etmiş olar”, - deyə deputat bildirib.


Deputat Fazil Mustafa isə hərbçilərə rütbələrin vaxtında verilməməsi məsələsini qaldırıb. Onun sözlərinə görə, vaxtında rütbələrin verilməməsinə görə məsuliyyət nəzərdə tutulmalıdır: “Əgər göstərilən müddətdə rütbə verilmirsə, onda demək vəzifə səlahiyyətindən sui-istifadə olunur”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm