İlham Əliyevin sərt gedişi, vurulan erməni helikopteri, Avropanın qaz təminatçısı və “0” müxalifət - İCMAL
Bizi izləyin

Nida.az

İlham Əliyevin sərt gedişi, vurulan erməni helikopteri, Avropanın qaz təminatçısı və “0” müxalifət - İCMAL

2014-cü il Azərbaycan üçün bir sıra gərgin siyasi hadisələri ilə yadda qaldı. Ötən il keçirilən prezident seçkilərindən sonra bu ilin o qədər də “sərt” olmayacağı gözlənilirdi. Lakin beynəlxalq situasiyada gərgin qarşıdurmalar uzaqdan da olsa bizə də təsirini göstərdi. Xüsusilə, İŞİD faktoru, Ukrayna münaqişəsindən sonra “Rusiya, yoxsa Qərb” cəbhəsində yer almaq kimi çətin dilemmalar rəsmi Bakıya gərgin anlar yaşatdı. Lakin nəticə etibarilə Azərbaycan 2014-cü ildən üzüağ çıxa bildi.


Publika.az 2014-cü ilin siyasi hadisələrinin təfsilatını təqdim edir.


Dəyərdən düşmüş Avropa dəyərləri, ən mühüm təyinatlar və ya Bakı dünyanın enerji xəritəsini necə dəyişdi?


Bu il Azərbaycan dünyanın siyasi arenasına öz damğasını vura bildi. Rəsmi Bakı tarixində ilk dəfə soyuq yanvardan başlayaraq Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyə start verdi. Qarışıq dünyamız geriyə dönən “soyuq müharibə” fonunda minaya düşmüş insan bədənini xatırladırdı. Məhv olmuş beynəlxalq təhlükəsizlik, ən kəskin həddə yüksələn dövlətlərarası münasibətlər dünyanı sarsıdırdı. Belə bir vəziyyətdə Avropa Şurasının Nazirlər Kabinetinə sədrlik etmək Azərbaycan üçün asan deyildi. Xüsusilə itirilən Avropa dəyərlərini yenidən dəyərə mindirmək rəsmi Bakının öhdəsinə düşmüşdü. Dövlət başçısı İlham Əliyevin AŞ PA-nın sessiyasına şəxsən qatılaraq çıxış etməsi və dəyərdən düşən dəyərlərlə üz-üzə qalan Avropaya demokratiya dərsi verməsi diqqət çəkdi.

Azərbaycan sədrliyi dövründə dünyada mədəniyyətlərarası dialoq və tolerantlıq məsələlərinə xüsusi önəm verdi. Eləcə də, gənclər siyasəti, idman sahəsində inkişafa nail olmaq yolları ön planda idi. Rəsmi Bakı bu sahələr üzrə geniş təcrübəyə malikdir.

28 iyun-2 iyul tarixləri də Azərbaycan üçün ilin ən mühüm dönəmləri idi.

Bakıda ilk dəfə olaraq ATƏT Parlament Assambleyasının sessiyası keçirildi. Sessiya “Helsinki Yekun Aktı”nın 40 illiyinə həsr olunmuşdu. Tədbirin Bakı tərəfindən təklif edilən əsas mövzusu isə “ATƏT məkanında hamı üçün təhlükəsizlik” idi. Toplantının işində 50 üzv-dövlətdən 300-dən çox deputat iştirak edirdi. Sessiyanın yekununda mühüm Bakı bəyannaməsi qəbul olundu. Bəyannamədə “Helsinki Yekun Aktı”nda əksini tapmış prinsiplərə - sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü, mübahisələrin dinc yolla nizamlanması, bərabər hüquqluluq və xalqların öz müqəddəratı təyinetmə haqqına əməl edilməsinin zəruriliyi vurğulanırdı. Sənəddə həmçinin Krımın ilhaqına görə Rusiyanın ünvanına xeyli tənqid yer alıb.

Bu, Azərbaycanın güclünün deyil, ədalətin yanında olduğunu bir daha nümayiş etdirdi.


Bu il Azərbaycan dünyanın enerji xəritəsini dəyişdirən prosesdə lokomotiv rolunu oynadı. Qərbin təklif etdiyi “Nabucco”dan may ayında imtina edildi. Hansı ki, bu kifayət qədər böyük layihə olmaqla yanaşı, Bakını böyük qonşusu Moskva ilə üz-üzə qoyurdu. Həmçinin, Bakının qardaşı Ankara üçün də bu layihənin tarixi elementləri var idi. Bu dilemma qarşısında Bakı ilə Ankara birgə hərəkət etdi və iki ölkənin müəllifliyi ilə TANAP və TAP qaz kəmərlərinin əsas qoyuldu.

Sentyabrın 20-da Bakıda Azərbaycan, Türkiyə və Avropa komissarı Barrozonun iştirakı ilə “Cənub qaz dəhlizi” kəmərinin təməli atıldı. Bu tarix təsadüfi deyildi. Çünki 20 il öncə dünyanın enerji xəritəsində böyük dəyişikliyə səbəb olan “Əsrin müqaviləsi” də məhz sentyabrın 20-də reallaşmışdı.

Beləliklə, Avropanın enerji təhlükəsizliyində paya sahib olmağı üzərinə götürmüş Bakı Rusiya ilə üz-üzə qalmadan ağıllı gediş etdi. Azərbaycan qazı TANAP vasitəsilə Gürcüstan ərazisindən keçərək Türkiyəyə çatdırılacaq, oradan da TAP vasitəsilə Avropanın cənubuna çıxarılacaq.
Azərbaycan beynəlxalq oyundan qalib çıxdı.

Bu il Azərbaycanla İran arasında son 10 il ərzində ilk dəfə münasibətlərin normallaşması ilə yadda qaldı. Aprel ayında Prezident İlham Əliyevin səfərindən sonra, noyabrın 12-də İran prezidenti Həsən Ruhani Bakıya səfər etdi. Bu səfərlər iki ölkə arasında yaranmış soyuqluğun aradan qalxması ilə nəticələndi.


2014-cü ildə Azərbaycan siyasi aləmi bir sıra təyinatlarla tarixə qovuşdu. Ən böyük təyinat Səfər Əbiyevin yerinə Zakir Həsənovun müdafiə naziri postuna gətirilməsi idi. Bundan başqa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) dəyişiklik oldu. Füzuli Ələkbərov yola salındı, onun yerinə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov gətirildi. DSMF sədrliyinə isə Elman Mehdiyev təyin edildi.


Kəlbəcər girovları, Sərkisyanın yazıqlığı, ordunun gücü və İlham Əliyevin sərt siyasi gedişləri


2014-cü il Qarabağ münaqişəsi üçün 20 illik bir müddətin tamamlanması idi. Bu il 1994-cü ildə imzalanan atəşkəs rejiminin ildönümü olaraq yadda qaldı.

İlin əvvəlində Ermənistan tərəfinin təxribat hücumları mütəmadi olaraq baş verdi və Azərbaycan Ordusu düşmənə layiqli cavab verdi. İyulun 11-də erməni mediası üç azərbaycanlının Kəlbəcərdə girov götürüldüyünə dair məlumatlar yaydı. Əslən Kəlbəcərdən olan Dilqəm Əhmədov, Şahbaz Quliyev və Həsən Həsənov öz doğma yurdlarına gedərək yaxınlarının qəbirlərini ziyarət etmək istəyərkən erməni hərbçiləri tərəfindən girov götürüldü. Həsən Həsənov ermənilər tərəfindən qətlə yetirildi.

Bunun ardınca iyulun sonu, avqustun əvvəllərində Ermənistan silahlı birləşmələri təmas xəttində geniş tərkibli təxribatlara başladı. Azərbaycan Ordusunun layiqli cavabı ilə geri oturdulan düşmən təxribatlarından əl çəkmək niyyətində deyildi və demək olaraq ki, atəşkəs tarixində ilk dəfə lokal “müharibə” baş verdi.

Avqustun 10-u Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sərkisyan Soçiyə dəvət olundu. Bu dəvətdən öncə eynitipli çağırış Fransa prezidenti Fransua Olland trəfindən gəlmişdi. Lakin tərəflər Paris görüşünə o vaxta qədər “hə” deməmişdi.

Soçi görüşü qapalı keçirildi, tərəflər mətbuata açıqlamalarında qarşıdurmadan çəkinməklə bağlı məsələlərə toxundu. Azərbaycan lideri sərt mövqeyi ilə bu görüşdə də erməni həmkarını “pat” vəziyyətinə saldı.

Prezidentlər sentyabrın 4-də NATO-nun Uels sammiti çərçivəsində görüşdü. ABŞ-ın təşəbbüsü ilə baş tutan görüşdə Prezident İlham Əliyev, ABŞ dövlət katibi Con Kerri və Serj Sərkisyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi apardı. Əsas məqsəd avqustun əvvəlində cəbhədə yaranmış gərginliklə bağlı idi.

4-5 sentyabr tarixlərində Uelsdə baş tutan NATO sammitinin yekun bəyannaməsi də bizim üçün olduqca əhəmiyyətli idi. İlk dəfə olaraq bu bəyannamədə ərazi bütövlüyü məsələsi önə çəkildi. Ermənilərin irəli sürdüyü öz müqəddəratını təyin etmə prinsipi isə “ofsaytda” qaldı. Ən maraqlısı isə Ermənistan prezidenti Serj Sərkisyanın bu bəyannaməyə imza atmaq məcburiyyətində qalması oldu.

Ulesdən sonra Paris görüşü gözlənilirdi.


Sentyabr ayında Azərbaycan üçün daha bir mühüm hadisə yaşandı. 13-20 sentyabr tarixlərində Azərbaycan ilk dəfə qardaş Türkiyə ilə geniştərkibli hərbi təlimlər həyata keçirdi.


Oktyabrın 27-si, Paris görüşü. Fransa prezidenti Olland gecikmiş təşəbbüsünü həyata keçirirdi. Bu görüşü 2014-cü il Qarabağ danışıqlarının son raundu da adlandırmaq mümkündür. Parisdə Fransua Ollandın prezidentlərlə təkbətək, daha sonra üçlükdə görüşü baş tutdu. Parisə ümid dolu gözlər dikilmişdi. Lakin kifayət qədər müsbət elementlər olmadı. Görüşün əsas amilləri girovlar haqda məlumat almaq, eləcə də Böyük Sülh Sazişi üzərində işləmək haqda müəyyən razılığın olması idi.


27 oktyabr tarixində ermənilər daha bir təxribata əl atdı. Həmin gün Ermənistanın nəzarətində olan qondarma “DQR”-də kəlbəcərli girovların üzərində absurd “məhkəmə” quruldu.

Paris görüşü başa çatdı. Gərginlik yumşaldı deyə hər kəs düşündüyü bir vaxt Ermənistan növbəti təxribatına hazırlaşırmış....

12 noyabr. Bu tarixi Azərbaycan üçün son illərin qızıl hərflərlə yazıldığı təqvim hesab etmək olar. Azərbaycan ordusu uzun zamandan bəri etdiyi xəbərdarlığı yerinə yetirmişdi. Ermənistan ordusu qondarma “DQR” adı altında təmas xəttinə yaxın ərazilərdə, yəni Azərbaycanın işğal edilmiş torpaqlarında 40 minlik canlı qüvvə və zirehli texnika ilə hərbi təlimlər keçirməyə başladı. Ermənistanın “Mi-24” təyyarəsi təmas xəttinin üzərindən uçuş edərkən Azərbaycan ordusu tərəfindən zərərsizləşdirirldi.

Bu, rəsmi Bakının siyasi iradəsini göstərirdi. Çünki BMT qətnamələri, eləcə də Çikaqo konvensiyası Azərbaycana bu haqqı verirdi. Lakin Azərbaycan tərəfi münaqişədə sülh danışıqları prinsipinə əməl edərək İrəvanın təxribatlarına reaksiya vermirdi.

İrəvan helikopterin qondarma “DQR”-ə məxsus olduğunu iddia etsə də, pilotların Ermənistan vətəndaşları olduğu aydınlaşanda susmaq məcburiyyətində qaldı. Lakin helikopter olayı dünyanın bir daha ikili standartlarla idarə olunduğunu göstərdi. Beynəlxalq təşkilatların əksəriyyəti, dünya gücləri vurulan helikopterdə ölən erməni pilotlar üçün Ermənistana başsağlığı verdilər və hadisədən yalnız təəssüfləndiklərini dilə gətirdilər. Həqiqəti bilmələrinə rəğmən, heç biri Azərbaycan səmasının qanunsuz olaraq pozulması faktını dilə gətirmədi. Amma rəsmi Bakı öz iradəsini düşmənə də, ikisimalı dünyaya da çatdırmışdı.

26 dekabr tarixində Ermənistan daha bir təxribata əl atdı. Ağdam istiqamətində Azərbaycana hücum edən erməni kəşfiyyat-təxribat qrupu əsgərlərimiz tərəfindən zərərsizləşdirildi. Bir erməni hərbçi əsir alındı.

2014-cü il Prezident, Ali Baş Komandan İlham Əliyevin sərt bəyanatları ilə də yadda qaldı. Dövlət başçısı “Biz torpaqlarımızı qaytaracağıq, bayrağımızı Şuşada, Xankəndində qaldıracağıq” deyə xalqı əmin etdi. Onun prezidentliyi dövründə verdiyi sözlərə əməl etməsi – misal üçün, Ramil Səfərovun azad olunması və s. – işğal altındakı ərazilərimizin də qaytarılacağına dair xalqda əminlik yaradıb.

ATƏT-in Minsk qrupu. 2014-cü il Minsk qrupu üçün çöküş dövrü hesab etmək olar. 20 illik fəaliyyəti dövründə ciddi irəliləyişə nail ola bilməyən həmsədrlər 20 illik yubileylərində ilk dəfə münaqişədən kənarda qalmaq taleyini yaşadı.

Ukrayna münaqişəsində qarşı-qarşıya qalan Qərblə Rusiyanın münasibətləri Minsk qrupu formatına da təsirsiz ötüşmədi. Soçi görüşündə həmsədrlərin iştirak etməməsi Moskvanın təşəbbüsü ələ almaq istəyini göstərdi. Qərbin Minsk qrupunu gündəmdə saxlamaq cəhdlərinə baxmayaraq, faktiki olaraq bu formatın özünü doğrultmaması bu il bir daha sübut olundu. Moskvanı Qərblə qarşıdurmada Minsk qrupu formatından imtina etməsi ehtimalı böyükdür. Beləliklə, Minsk qrupunun taleyi gələn il həll oluna bilər.


Yaxın Şərqin problemi Azərbaycana necə yaxınlaşdı?


Yaxın Şərqi ağuşuna almış “cihad müharibəsi” Azərbaycan üçün uzaq torpaqlarda yaşanan hadisələr olaraq yadda qalmadı. Radikal dini meylli insanların Suriyaya üz tutması, xüsusilə dünyada adından söz etdirməyi bacaran terror təşkilatı İŞİD tərkibinə qatılmaları “cihad müharibəsi”ni bizim üçün də təhlükəyə çevirdi.

Bu ilin yanvar ayının ilk ongünlüyündə İŞİD tərkibində döyüşən 8 azərbaycanlının öldürülməsi gündəmə bomba kimi düşdü. Bu təşkilat daxilində nə qədər azərbaycanlının döyüşdüyü dəqiq deyil. Lakin bu hadisə Azərbaycan vətəndaşlarının “cihad müharibəsində” iştirakının sübutu idi.

Ardınca İŞİD-in dünya xilafətinə aid xəritəsi peyda oldu və burda Azərbaycan torpaqlarının da xəyal edilən xilafətə daxil edildi. Qeyri-real olan bu xəritə İŞİD-in daha çox döyüşçü toplamaq taktikası idi. Nəticələr bu taktikanın yararsız olmadığını göstərdi.

Bu il Azərbaycan dövləti radikal qruplaşmalara qarşı sərt mövqeyi ilə seçildi və xarici döyüşlərdə iştirak edənlərə qarşı qanunun sərtləşdirilməsi müəyyən mənada gedənlərin qarşısına sədd çəkdi. Eləcə də praktiki addımlar da bu prosesi ləngitdi.

Noyabr ayında Milli Təhlükəsizlik Nazirliyi tərəfindən radikal qruplaşmalara qarşı əməliyyat keçirildi və 26 nəfər həbs olundu. Ümumilikdə dövlətin atdığı praktiki addımlar Suriyaya gedənlərin sayının azalması ilə nəticələndi.


Üzüqara müxalifət, “yaralı quş”a çevrilən Müsavat, Əli Kərimlinin “bicliyi”, İsa Qəmbərin müdhiş sonu


2014-cü il Azərbaycan müxalifəti üçün “0” doğru yuvarlanmaq istiqamətində növbəti addım oldu.

Ötən il keçirilən prezident seçkilərində növbəti məğlubiyyətin acısı hələ də müxalifətin canından çıxmamış, AXCP və Müsavat arasında yeni dava başladı. Bu dəfə müstəvi sosial şəbəkələr idi. Azərbaycanda bu sosial şəbəkənin siyasi müstəvidəki rolu özünü daha güclü formada göstərirdi.

6 yanvar. Müsavat Divanı Milli Şuradan çıxmaqla bağlı qərar qəbul etdi. Bu qərar qurum tərəfindən, xüsusilə təşəbbüsü ələ alan AXCP tərəfindən sərt qarşılandı və qarşılıqlı ittiham savaşı başlandı. Bu savaş Müsavatın “moratorium” qəbul etməsinə qədər davam etdi. Daha sonra sakitləşən AXCP də qarşıdurmadan çəkildi. Bu günə qədər ara-sıra pozulan “atəşkəsi” istisna etsək, tərəflər arasında heç bir münasibət qalmayıb.

27 sentyabr. Müsavatın qurultayı. Bu qurultay Müsavat, eləcə də müxalifət düşərgəsi üçün həyəcanla gözlənilən hadisə idi. İlk növbədə ona görə ki, 22 illik hegemonluqdan sonra İsa Qəmbər başqanlıqdan gedəcəkdi. İsa Qəmbərin gedişi Müsavat daxili müxalifət üçün önlərində yeni imkanların açılması idisə, digər siyasi partiyalar, xüsusilə AXCP üçün əsas rəqibin aradan qalxması idi. İsa Qəmbər gedişini demokratiya ilə əlaqələndirirdi.

Lakin qurultay günü İsa Qəmbərin 4 il sonra üçün düşünülmüş addımı açıqlandı. Müsavatda nə Qubad İbadoğlu, nə də Arif Hacılının yanında olmayan Arzu Səmədbəyli “Mənim üçün başqan həmişə İsa Qəmbər qalacaq” deyə incə mesajını verərək, öz başqanını 2018-ci il prezident seçkilərində Müsavatın vahid namizədi elan etdi. Düz 4 il öncədən reallaşdırılan bu gediş İsa Qəmbərin yeni rəhbərlikdən çəkindiyini göstərdi.
Seçki başladı və axşama qədər davam edən səs sayımlarının nəticələri açıqlandı. Yeni başqan Arif Hacılı idi. Bu, həm də Müsavatı uçuruma aparan nəticə idi.

Arif Hacılının əleyhdarları əsas namizədlərdən olan Qubad İbadoğlunun ətrafında birləşərək qarşıdurmanı alovlandırdılar. İş o həddə çatdı ki, Arif Hacılı çıxış yolu kimi illərin müsavatçılarını partiyadan bir-bir uzaqlaşdırdı. Hikmət Hacızadə, Əlövsət Talışxanlı, Tofiq Hüseynli (Qara Tofiq - red), Nəsib Nəsibli, Səxavət Əlisoy kimi rəhbərlikdə təmsil olunanlar partiyadan getdi. Ardınca narazılar Qubad İbadoğlunun rəhbərliyi altında Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatı yaratdılar. Müsavat demokratiya “dərsi” vermək istədiyi qurultaydan “yaralı quş” kimi çıxdı.

Bundan istifadə edən Milli Şura – AXCP oktyabrın 12-də mitinq keçirdi. Yasamal rayonu, “Məhsul” stadionunda keçirilən razılaşdırılmış mitinqə Milli Şura cəmi 700 nəfər toplaya bildi. Mitinqin ən yada qalan hadisəsi AXCP sədri Əli Kərimlinin müavini Fuad Qəhrəmanlının iştirakçıların sayı ilə bağlı söylədiyi “7 min” rəqəmi və İŞİD bayrağının qaldırılması idi.

Noyabr ayı Əli Kərimli üçün düşərli olmadı. AXCP-dən 52 nəfər istefa verərək KXCP-yə keçdi. Ardınca partiyanın idarəçiliyində təmsil olunan bir neçə cəbhəçi də çıxış yolunu getməkdə gördülər. Sonradan ortaya çıxan məlumatlara görə, istefalara səbəb qurultay olub. Belə ki, Əli Kərimli Müsavatın taleyini yaşayacağını bilərək, qurultayı gələn ilə qədər təxirə salıb.

Noyabrda Milli Şura daha bir mitinq keçirdi. 9 noyabrda eyni məkanda keçirilən razılaşdırılmış mitinqdə iştirak edənlərin sayı əvvəlki mitinqdən çox deyildi. Bu mitinq heç nəyi ilə yadda qalmadı, təkcə zəif gücün ortaya qoyulmasından başqa.

14 dekabr. Müsavatın mitinqi. Bu, Milli Şuranın keçirdiyi iki mitinqə “Biz də varıq” deyə adekvat cavab idi. Eyni zamanda, Müsavat daxilində qurultaydan sonra yaranmış gərginliyin “kosmeta” edilməsi üçün başqan Arif Hacılının komandasına lazım idi. Mitinq 400 nəfərlik iştirakçısı ilə tarixə düşdü.

2014-cü il müxalifət üçün daxili intriqalar, qarşıdurma fonunda keçdi və bu ili onlar üçün itirilmiş il hesab etmək olar.


İlə yekun vuran seçkilər


2014-cü ilə bələdiyyə seçkiləri siyasi mənzərədə yekun oldu. Siyasi partiyaların o qədər də əhəmiyyət vermədiyi bu seçkilərdə 11 partiya iştirak edirdi. Builki bələdiyyə seçkiləri ötən bələdiyyə seçkiləri ilə müqayisədə seçicilərin aktivliyi ilə diqqət çəkdi. Hazırda səslər sayılıb, 1507 bələdiyyənin hamısı formalaşıb. Ümumi nəticələr isə Konstitusiya Məhkəməsinin təsdiqindən sonra açıqlanacaq.

Əfv olunanlar

2014-cü il səs-küylü əfvlərlə də yadda qaldı. İlin ən böyük əfv sərəncamı oktyabrın 14-də Prezident İlham Əliyev tərəfindən imzalandı. Sərəncam ümumilikdə 153 məhkuma şamil olundu. Bu sərəncamla sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və qardaşı, “Azpetrol” şirkətinin keçmiş prezidenti Rafiq Əliyev də azadlığa çıxdı.

İlin sonunda, dekabrın 29-da dövlət başçısının əfv sərəncamı ilə də bir sıra tanınmış şəxslər azadlığa buraxıldı. Ümumilikdə 96 məhkuma şamil olunan bu sərəncamla “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, “P.S Nota” qəzetinin redaktoru Sərdar Əlibəyli, hüquqşünas Qurban Məmmədov, NİDA təşkilatının üzvləri Zaur Qurbanlı, Üzeyir Məmmədli, həmçinin, İsmayıllı hadisələrinə görə həbs olunan 3, “Hicab aksiyası”nda həbs olunan 2 məhkum da azadlığa qovuşdu.

2014-cü il beləcə başa çatdı...


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm