Nida.az
Prezident Siyavuş Qarayevin vəfatı ilə bağlı nekroloq imzaladı
Azərbaycanın təhsil və elmi ictimaiyyətinə ağır itki üz verib.
Tanınmış kimyaçı alim, Azərbaycan Milli Elmlər Akademiyasının
həqiqi üzvü, kimya elmləri doktoru, professor, əməkdar elm xadimi,
Azərbaycan Dövlət Neft Akademiyasının rektoru Siyavuş Fərhad oğlu
Qarayev 2015-ci il yanvarın 2-də ömrünün 73-cü ilində vəfat
edib.
Siyavuş Qarayev 1942-ci il aprelin 30-da Samux rayonunun Qarağaclı
kəndində anadan olub. Gəncə şəhərindəki 24 saylı orta məktəbi
bitirdikdən sonra o, 1959–1964-cü illərdə Azərbaycan Dövlət
Universitetində kimya ixtisası üzrə ali təhsil alıb.
Əmək fəaliyyətinə 1964-cü ildən etibarən keçmiş SSRİ Neft-Kimya
Sənayesi Nazirliyinin Ümumittifaq Elmi Tədqiqat Olefinlər
İnstitutunda başlayan Siyavuş Qarayev 1966–1967-ci illərdə
Azərbaycan Respublikası Elmlər Akademiyasının Neft-Kimya Prosesləri
İnstitutunun Sumqayıt filialında kiçik elmi işçi işləmişdir. O,
1967–1970-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun
aspiranturasında oxumuş, 1970–1982-ci illərdə isə həmin institutda
kiçik elmi işçi, baş elmi işçi, bölmə rəhbəri və dosent
vəzifələrini tutmuşdur. Siyavuş Qarayev 1982-ci ildən indiki Neft
Akademiyasında üzvi kimya kafedrasına rəhbərlik etmiş, 1988–1997-ci
illərdə kimya texnologiyası fakültəsinin dekanı olmuşdur. O,
1997-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Neft
Akademiyasının rektoru vəzifəsində çalışmışdır.
Siyavuş Qarayev 1970-ci ildə namizədlik, 1981-ci ildə Mixail
Lomonosov adına Moskva Zərif Kimya Texnologiyası İnstitutunda
doktorluq dissertasiyalarını müdafiə etmiş və 1984-cü ildə
professor elmi adını almışdır. O, 2001-ci ildə Azərbaycan Milli
Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ildə isə həqiqi üzvü
seçilmişdir. Eyni zamanda o, bir sıra xarici universitetlərin və
akademiyaların fəxri doktoru, professoru və üzvü idi.
Akademik Siyavuş Qarayev üzvi kimyaya dair fundamental tədqiqatları
ilə tanınırdı. Alimin zərif üzvi sintez sahəsində araşdırmalarının
nəticəsi olaraq alınmış yeni maddələr neft sənayesində, təbabətdə
dərman preparatlarının alınma üsullarının işlənib hazırlanmasında
və kənd təsərrüfatında bitkilərin stimulyatorlarının yaradılmasında
tətbiq edilmişdir. Üzvi kimyanın müasir istiqamətləri üzrə bir neçə
yeni qanunauyğunluğun aşkara çıxarılması onun adı ilə bilavasitə
bağlıdır.
Ömrünü neft kimyası sahəsində yüksək ixtisaslı kadrların
hazırlanmasına həsr etmiş Siyavuş Qarayev 500-ə yaxın elmi əsərin,
həmçinin 5 monoqrafiyanın, 10 dərslik və dərs vəsaitinin müəllifi
idi. O, elmi nailiyyətlərinə görə 60-dan çox patent və 27
müəlliflik şəhadətnaməsinə layiq görülmüşdür. Alimin ölkəmizdə və
onun hüdudlarından kənarda çap olunmuş əsərləri, eləcə də elmi
simpozium və konfranslarda çıxışları mütəxəssislər tərəfindən
yüksək qiymətləndirilmişdir.
Siyavuş Qarayev elmi kadrların yetişdirilməsi işinə xüsusi diqqət
göstərirdi. Onun rəhbərliyi altında onlarla gənc alimlik dərəcəsi
almaq üçün dissertasiya müdafiə etmişdir.
Siyavuş Qarayevin elmi və pedaqoji fəaliyyəti dövlət tərəfindən
layiqincə dəyərləndirilmişdir. O, müstəqil Azərbaycan
Respublikasının ali mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif
edilmişdir.
Tanınmış kimyaçı alim və pedaqoq, səmimi insan Siyavuş Fərhad oğlu
Qarayevin xatirəsi onu tanıyanların qəlbində həmişə
yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham Əliyev
Artur Rasizadə
Oqtay Əsədov
Ramiz Mehdiyev
Elçin Əfəndiyev
Hacıbala Abutalıbov
Fatma Abdullazadə
Mikayıl Cabbarov
Akif Əlizadə
Tofiq Nağıyev
Dilqəm Tağıyev
Məhərrəm Məmmədyarov
Kamil Sadıqov
Musa Rüstəmov
Nadir Seyidov
Vaqif Fərzəliyev
Vaqif Abbasov
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan şok xəbərdarlıq +
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"