XİN avropalı komissarlara cavab verdi
Bizi izləyin

Nida.az

XİN avropalı komissarlara cavab verdi

Azərbaycanda QHT-in və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində görülmüş tədbirləri və əldə edilmiş nailiyyətləri görmədən və dəyərləndirmədən Avropa İttifaqı tərəfindən verilmiş bu bəyanatda qərəzli yanaşma və siyasi təzyiq cəhdləri özünü göstərir

“Avropa İttifaqının ali nümayəndəsi Ketrin Eşton və komissar Stefan Fülenin sözçülərinin Azərbaycan Respublikasında vətəndaş cəmiyyətinin fəaliyyətində şəffaflığın artırılması, QHT sahəsində mövcud hüquqi bazanın daha da inkişafını nəzərdə tutan QHT-lər haqqında qanununa əlavə və dəyişiklərlə əlaqədar 12 fevral 2014-cü tarixli bəyanatı təəccüb və anlaşılmazlıq doğurur”.

Publika.Az –ın verdiyi xəbərə görə, bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.XİN-in sözçüsü bu cür açıqlamalar verilərkən Avropa İttifaqının hansı “etibarlı” mənbələrə istinad etməsinin maraq doğurduğunu bildirib:

“Avropa Şurasına üzvlüyə qəbul olunandan etibarən Azərbaycan Respublikası tərəfindən öz üzərinə götürülən öhdəliklər yerinə yetirilmiş, Avropa Şurasının Venesiya Komissiyası ilə əməkdaşlıq çərçivəsində qanunvericiliyin hazırlanması və inkişafına baxılmışdır. Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş QHT-lər haqqında qanuna son əlavə və dəyişikliklər QHT-lər, Azərbaycan Respublikasının Milli Məclisi və Ədliyyə Nazirliyi və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə geniş ictimai müzakirəyə çıxarılmış və vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən irəli sürülən təkliflər qəbul edilmiş, əlavə və dəyişikliklərdə nəzərə alınmışdır. Ortaq rəy ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikasının Konstitusiyası və İnsan hüquqları haqqında Avropa Konvensiyası əsasında hazırlanmış son əlavə və dəyişikliklər yalnız vətəndaş cəmiyyətinin fəaliyyətində şəffaflığın artırılmasına və QHT-lərin inkişafına xidmət edəcək”.

E.Abdullayev bildirib ki, vətəndaş cəmiyyətinin fəaliyyətini tənzimləyən Azərbaycan Respublikasının qanunvericiliyi Avropa İttifaqı ölkələrinin bu sahədəki qanunvericiliyindən heç bir halda geri qalmır, əksinə bir çox meyarlar üzrə bir sıra Avropa ölkələrinin qanunvericiliyindən daha demokratik xarakter daşıyır.

“Ümumiyyətlə, Azərbaycan Respublikası tərəfindən vətəndaş cəmiyyətinin inkişafı və vətəndaş cəmiyyəti nümayəndələrinin ictimai həyatın bütün sahələrində və qanunvericilik fəaliyyətində yaxından və fəal iştirakının təmin edilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. 2013-cü ilin noyabr ayında Azərbaycan Respublikasının İctimai iştirak haqqında qanunu qəbul edilmişdir. “Azərbaycan 2020: Gələcəyə baxış” konsepsiyasında Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı barəsində nəzərdə tutulan hədəf və məqsədlər əsasında beşillik fəaliyyət planı hazırlanmışdır. Avropa Şurasının Azərbaycan üzrə 2014-2016-cı illəri əhatə edən fəaliyyət planında Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı üzrə xüsusi fəsl də nəzərdə tutulmuşdur. Azərbaycanda QHT-in və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində görülmüş tədbirləri və əldə edilmiş nailiyyətləri görmədən və dəyərləndirmədən Avropa İttifaqı tərəfindən verilmiş bu bəyanatda qərəzli yanaşma və siyasi təzyiq cəhdləri özünü göstərir”, - E.Abdullayev qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm