"Bizi təkcə Ramil Usubova bağlamırlar” – Rauf Arifoğlunun qardaşı
Bizi izləyin

Nida.az

"Bizi təkcə Ramil Usubova bağlamırlar” – Rauf Arifoğlunun qardaşı

"Yeni Müsavat" qəzetinin baş redaktoru Azər Ayxan qəzetin baş redaktor, qardaşı Rauf Arifoğlu və Müsavat partiyası haqqında jurnalist Eynulla Fətullayev tərəfindən səsləndirilən ittihamlara cavab verib.

A.Ayxan Publika.Az-a açıqlamasında yazılanları şayə adlandırıb. O, bu cür ittihamların illərdir davam etdiyini söyləyib: “Biz buna əksər hallarda əhəmiyyət vermirik. Çünki bu cür ittihamlar boş və cəfəngiyyatdır. Bilmirik ki, o siyahı nə qədər ciddi və realdır, Xədicə İsmayılovanın hazırladığı siyahıdır. Yoxsa, başqa bir təxəyülün məhsuludur. Bu məsələ bizim üçün kifayət qədər qeyri-ciddidir. Siyahıda həm bizimlə, həm Müsavat Partiyasının başqanı İsa Qəmbərlə, həm də digər demokratik hərəkatın öndə gedən simaları barədə deyilən o ittihamları şəxsən mən ciddi qəbul etmirəm. Bu, Azərbaycanda demokratik proseslərə zərbə vurmaqdır. Yəni, buradan elə çıxır ki, Azərbaycanda demokratik proseslərdə iştirak edən, müxalifət düşərgəsində, müstəqil media və QHT sektorunda təmsil olunan tanınmış simaların hamısı bu hakimiyyətin agentidir. Ona görə də bu kifayət qədər qeyri-ciddi ittihamlardır”.

“Bəs sizin qəzeti niyə məhz Ramil Usubovun adına bağlayırlar?” sualına isə A.Ayxan bu cür cavab verib: “Hər kəsi bir adama calayırlar. Bunlar “yalanı çox deyin, sonda inanacaqlar” prinsipi ilə təbliğat aparırlar. Bizi təkcə Ramil Usubova bağlamırlar. Bizi eyni zamanda Əli Həsənov, Ramiz Mehdiyev və İlham Əliyev ilə işləməkdə də ittiham edirlər. Bütün bunların özü qeyri-ciddi təsir bağışlayır. “Yeni Müsavat” qəzetinin mövqeyi və siması bizim hara və kimə işləməyimizi ortaya qoyur”.

Xatirladaq ki, “Tam məxfi: ABŞ kəşfiyyatçıları və Xədicə İsmayılovanın casus hesabatı” adlı məqalədə ölkənin bir sıra tanınmış müxalifət yönümlü media və ictimai xadimlərinin casusluq fəaliyyəti ilə bağlı məqamlar yer alıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm