“Azadlıq”ın qara buxovları və ya ABŞ kəşfiyyatının Bakı “bürosu” - TƏHLİL
Bizi izləyin

Nida.az

“Azadlıq”ın qara buxovları və ya ABŞ kəşfiyyatının Bakı “bürosu” - TƏHLİL

2003-cü ilə qədər “Azadlıq radiosu”nun Azərbaycan xidmətinin rəhbəri olmuş Mirzə Xəzər maraqlı faktlar açıqlayıb.

Publika.az xəbər verir ki, radionun hazırki rəhbərliyini tənqid edən M. Xəzər Vaşinqtondan gələn qadağalarla bağlı danışıb. Ən maraqlısı məqam isə Vaşinqtonun Azərbaycan xidmətinə “erməni işğalçısı” ifadəsini işlətməyə qadağa qoymasıdır.


“2000-2003-cü illərdə “Azad Avropa və Azadlıq” radiolarının rəhbərliyi “Azadlıq” radiosunun Azərbaycan redaksiyasında bir sıra qadağalar tətbiq etmişdi. Bu qadağalara əsasən, şərh yazmaq olmaz, şəxsi fikir ifadə etmək olmaz, İran Azərbaycanından yazmaq olmaz, “cənubi Azərbaycan” kəlməsindən istifadə etmək olmaz, erməni işğalçıları təbirini işlətmək olmazdı”, - deyə M. Xəzər vurğulayıb.


M. Xəzər keçmiş prezidenti Jeff Gedmanın “Washinqton Post” qəzetindəki məqaləsini də xatırladıb. Belə ki, Gedman “Azadlıq radiosu”nun təzadlı siyasət apardığını, bunun pis nəticələrindən isə sıravi müxbirlərin əziyyət çəkdiyini bildirib.


Radionun keçmiş əməkdaşı, hazırda Avropada yaşayan Rövşən Əliyev sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuş məsələyə maraqlı münasibət bildirib.


“Azad Avropa/Azadlıq Radiosu”nda həmişə vertikal idarəçilik olub. Hər dil xidmətini bir nəfər təkbaşına idarə eləyib. Loru dildə desək, Azərbaycan xidməti həmişə briqadir üsulu ilə işləyib. Yəni, orda heç vaxt yayım şurası, qrup məsuliyyəti anlayışı olmayıb. Mübahisəli məsələlər müzakirə edilməyib. Bütün situasiyalarda peşə kodeksi yox, təyin olunmuş briqadirin göstərişləri əsas sayılıb. Briqadir peşə kodeksini istədiyi kimi yoza, ondan istifadə eləyib istədiyi siyasəti yürüdə, istədiyi düzgün adamı vura, ən azı işini məhdudlaşdıra, istədiyi əyri adamı irəli çəkə, istədiyi zay materialı yayımlaya, istədiyi peşəkar verilişi dayandıra bilərdi. Həmin briqadirə amerikalılar o qədər rol verirdilər ki, o özünü padşah da saya bilərdi. Radioda nə qədər islahatlar olduğunu, nə qədər dəyişikliklər aparıldığını desələr də, bu idarəçilik sistemi mahiyyətcə heç vaxt dəyişmədi. Briqadir sistemi amerikalıları da hərifləməyə, dinləyicinin də gözünə kül üfürməyə imkan verirdi. Peşəkar jurnalistika fəal siyasətə qarışmağı istisna eləsə də, bu radionun tarixində “Bakı-Ceyhan”a əngəl olmaqdan tutmuş, bu yaxınlarda Azərbaycan-Amerika münasibətlərini altdan-altdan pozmağa qədər çoxsaylı siyasi fəaliyyətlər olub. Radiodakı vertikal idarəçilik qaldıqca, iş yaxşı padşahların ümidinə buraxıldıqca, belə də davam edəcək. Yaxşı padşah anlayışı isə mənim dünyagörüşümdə yoxdur. Mən o radionun düzəlməməsinin, oradakı bütün peşə pozuntularının, bütün əyintilərin səbəbini bunda görürəm”, - deyə keçmiş əməkdaşı radionun fəaliyyətini, demək olar ki, tamamilə açıqlayıb.


Burda diqqət çəkən digər məqam radionun Azərbaycan xidmətinə erməni işğalçıları ilə qoyulan qadağadır. Bunu açıqlayan M. Xəzər Azərbaycan auditoriyası üçün tanış simadır. O həm də xarici media korporasiyasında işləməsindən asılı olmayaraq milli maraqları heç nəyə qurban verməyən şəxs kimi də tanınıb. Bəlkə də, o məhz bu qadağalara görə 2003-cü ildə işdən ayrıldı. Bu kontekstdə onun ötən ilin aprelində Publika.az-a verdiyi müsahibəsindəki fikirləri diqqət çəkir: “Dar çərçivədə, hansısa qayda və göstərişlərdən asılı vəziyyətdə işləməyə meylim olsaydı, 2003-cü ildə qürurumu yerə vuraraq radiostansiyada işləməyə davam edərdim”.


Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü, millət vəkili Zahid Oruc Publika.az-a açıqlamasında Mirzə Xəzəri “Azadlıq radiosu”nun simvollarından biri adlandırıb: “Bu şəxsin müstəqil fəaliyyət apardığını heç kəs inkar edə bilməz. Onu hakimiyyətlə əlaqələndirənlər gerçəklik hissini itirmiş adamlar ola bilər. Belə olan təqdirdə siyasi opponentlərin, xüsusilə “Azadlıq radiosu” üzərindən hakimiyyətlə mübarizə aparan dairələrin, müxtəlif QHT-lərin, insan haqları üzrə ixtisaslaşan qurumların Mirzə Xəzərin açıqlamasını qulaqardına vurması mənə təəccüblü görünür. Çünki onlar adətən hər xırda detalı müzakirəyə çıxarıb hakimiyyətə qarşı istifadə edirlər. Mirzə Xəzərin sözləri göstərdi ki, “Azadlıq radiosu”nun müstəqillik devizi saxta imiş. Hətta hansısa istiqamətlər yox, Cənubi Azərbaycan, erməni işğalçıları kimi ifadələr də yuxarıdan sifarişlə işlədilir”.


Z. Oruc əlavə edib ki, “Azadlıq radiosu” bu gün ABŞ-Azərbaycan münasibətlərinə zərbə vuran “nifaq almasına” çevrilib.


“Sözügedən KİV iki ciddi problemdən əziyyət çəkir. Birincisi, açıq şəkildə çirkli pulların yuyulması və tendensiyalı şəkildə xarici sifarişlərin qurbanıdır. İkincisi isə Mərkəzi Kəşfiyyat İdarəsinin müxtəlif şəkildə “verborkasından” keçən jurnalistlərin sığınacaq yeridir. Bunu radionun keçmiş prezidentinin Amerika nəşrində yazdıqları da sübuta yetirir”, - deyə millət vəkili vurğulayıb.


Qeyd edək ki, keçmiş prezidenti J. Gedman “The Boston Globe” nəşrində
çap olunan “Mərkəzi Kəşfiyyat İdarəsi jurnalistlərin ələ alınmasına qadağa qoyduğunu bəyan etməlidir” başlıqlı məqaləsində Xədicə İsmayıl və həmkarlarına qarşı ittihamlara münasibət bildirərək MKİ-ni günahlandırır.


“Amerikanın milli təhlükəsizlik maraqları naminə jurnalistlərin və dövlət strukturlarının əməkdaşlığı praktikası var. Jurnalistlərin ələ alınması və kəşfiyyatçıların jurnalist pərdəsi altında xarici ölkələrdə yerləşdirilməsi 1977-ci ildə qadağan olunub. Ancaq zahiri görünüş aldadıcı ola bilər”, - deyə keçmiş prezidenti vurğulayıb.


Z. Oruc isə ABŞ və Azərbaycan arasında soyuq savaşa qon verilməsinə çağırıb. Onun sözlərinə görə, hansısa radionun iki ölkə arasındakı münasibətləri pozmasına yol vermək olmaz: “Bütün məsələlər dialoq mühitində həll olunmalıdır. Azərbaycan hökuməti bu gün nə balans siyasətindən geri çəkilib, nə də anti-Amerika mövqedən çıxış edir”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm