Məclis sədrindən Qubad İbadoğluya cavab: “Nə istədiklərini heç özləri də bilmirlər”
Bizi izləyin

Nida.az

Məclis sədrindən Qubad İbadoğluya cavab: “Nə istədiklərini heç özləri də bilmirlər”

“Qubad bəy barışdırıcı mövqedə olan insan deyəndə nəyi nəzərdə tutduğunu, yaxud hansı meyardan çıxış etdiyini deyə bilmərəm. Lakin onların yanaşması absurddur”.


Bunu Publika.az-a açıqlamasında Müsavat Məclisinin sədri Nüşabə Sadıqlı başqanlığa keçmiş namizəd Qubad İbadoğlunun “Məclis sədri daha barışdırıcı mövqedə olan insan olsaydı yaxşı olardı” açıqlamasına münasibət bildirərkən deyib.


N. Sadıqlı əlavə edib ki, Q. İbadoğlu Məclis sədrliyinə Vurğun Əyyubun gətirilməsini istəyirmiş: “Vurğun bəy Məclisi legitim hesab etmir və özünü Məclis üzvü hesab etmir. O necə Məclis sədri ola bilər? Bunlar öz dediklərini özləri təkzib edirlər. Nə istədiklərini heç özləri də bilmirlər. Absurd şeylər danışırlar”.


Məclis sədri narazıların təkliflərinin nəzərə alınacağını bildirib.


“Təkliflər konstruktiv və Müsavatın xeyrinə olsa, baxılacaq. Lakin dağıdıcı, ambisiyalara söykənən təkliflər qəbul olunmayacaq. Buna əmin ola bilərlər”, - deyə o bildirib.


Qeyd edək ki, Q. İbadoğlu APA-ya açıqlamasında bildirib ki, Məclis sədri partiya daxilində barışdırıcı mövqe tutan və heç bir tərəfi təmsil etməyən şəxs olmalı idi: “Bu baxımdan gözləntilərimiz özünü doğrultmadı. Məclis sədri postuna daha uğurlu namizəd irəli sürərək Məclis vasitəsilə ən azı partiya içərisində gedən müzakirələri yeni müstəviyə çəkmək olardı və Məclis daha ciddi işlər görə bilərdi. Mən bununla bağlı fikirlərimi Arif Hacılı ilə görüşdə səsləndirmişdim. Arif Hacılıya demişdim ki, Məclis sədrinin kim olması bizim üçün əhəmiyyətli məsələdir, çünki verdiyimiz təkliflər Məclis vasitəsilə reallaşdırıla bilər. Lakin gözləntilərimiz özünü doğrultmadı”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm