• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Putin “Xarici Legion”u niyə yaradır? - İDDİA

  • Nida.az
  • 5 Yanvar 2015 17:51
  • 1 534 Baxış
Putin “Xarici Legion”u niyə yaradır? - İDDİA

Rusiya çağırışçı sayı azalan orduya xarici vətəndaşları da qəbul etmək qərarına gəlib.


Publika.az xəbər verir ki, İtaliyanın “La Repubblica” nəşri Rusiya prezidenti Vladimir Putinin bu barədə fərmanını şərh edərkən belə yazıb.


Fərmana əsasən, 18 yaşı çatmış qeyri-ruslar Rusiya ordusunda qulluq keçə biləcəklər. Bir şərtlə ki, onlar rus dilini bilməlidir.

Nəşr bu barədə qərarın 2003-cü ildə qəbul edildiyini yazıb. Lakin indiyə qədər müxtəlif səbəblərdən icra edilməyib. Hazırda gənc çağırışçıların çatışmazlığı Moskvanı bu qərarın təcili icrasına məcbur edir. Putinin təcili fərman verməsi də bununla bağlıdır.

“Ukraynanın şərqində separatçılar tərəfindən vuruşan minlərlə qeyri-rus gənclə rastlaşmaq olar. Bu, faktiki olaraq, Rusiyanın “xarici legionu” deməkdir”, - deyə “La Repubblica” vurğulayır.


Digər tərəfdən, nəşr rus ordusunda xidmət keçən qeyri-ruslar, xüsusilə bu ölkədə işləyən miqrantların daha asan formada vətəndaşlıq ala biləcəyini istisna etmir. “La Repubblica”a görə, bu prosesin sonunda belə nəticələr ola bilər: “Miqrantların vətəndaşlıq əvəzinə orduda xidmət keçməsi əvvəl də gündəmə gəlmişdi. Rusiyanın hazırkı vəziyyəti prosesin bu hədəfə doğru getdiyini göstərir. Beləliklə, Moskva “xarici legion” yaradacaq”.


Qeyd edək ki, Rusiyada artıq Tacikistanda sınaq üçün 201-ci diviziya yaradılıb. Bu diviziyada Tacikistan və Özbəkistan vətəndaşları müqavilə əsasında xidmət keçir. Bu, fransızların xarici legionuna bənzər formada yaradılıb.

Ötən il Rusiya Dövlət Dumasında bu məsələ “Rusiya miqrantları ittifaqı” tərəfindən hökumətə verilən təklifə əsasən gündəmə gəlmişdi.


“Rusiya miqrantları ittifaqı” rəhbəri Məhəmməd Amin təklifini belə əsaslandırırdı: “Rusiya ərazisində doğulmuş uşağın valideynlərindən biri Rusiya vətəndaşıdırsa, ona vətəndaşlıq avtomatik verilir. Amma hər iki valideynin vətəndaşlığı yoxdursa, burda problemlər yaranır. Bu baxımdan, məsələ ilə bağlı əməkdaşlıq ilk yaxşı addımdır. Hakimiyyətdən bizim müraciətimizə daha yaxşı baxmağı və nəzərə almağı xahiş edirik. Çünki Rusiyada yaşayan miqrant vətəndaşlıq, mənzil hüququ və digər hüquqları tələb edirsə, Rusiya ordusunda xidmət keçməyə məcburdur”.


Dumada “Hərbi borc və hərbi xidmət haqqında” qanun layihəsinə dəyişikliklərin edilməsi də təklif olunmuşdu. Qanuna təklif olunan düzəliş xarici vətəndaşların Rusiyada təcili hərbi xidmət keçməsi ilə bağlı idi. Hansı ki, bu şəxslər Rusiya ərazisində doğulublar. Çünki Rusiyada yaşayan miqrantların orda doğulan uşaqlarının əksəriyyəti bu ölkənin vətəndaşlığını ala bilməyib. Deputatlar bu şəxslərə hərbi xidmət əvəzinə dərhal vətəndaşlıqla bağlı pasportun verilməsini təklif edirdilər.
Daha bir diqqət çəkən təklif isə Rusiyada yaşayan miqrantların da rus ordusunda hərbi xidmətdən keçməsi və qarşılığında vətəndaşlıq alması idi. Belə ki, bu şəxslər öz ölkələrində hərbi xidmət keçməyiblər və Rusiyada doğulmasalar da, rus torpaqlarında yaşayırlar, onlara bu imkan tanınacaq.

Bu təkliflər hələ də gündəmə qalır və “Rusiya miqrantları ittifaqı” müzakirələrin müsbət nəticələnəcəyinə ümid edir.

Dumanın müdafiə məsələlər üzrə komitəsinin üzvü Viktor Vodolaskiy də məsələni şərh edərkən deyib ki, Rusiya ordusunda xidmət keçmək miqrant uşaqları üçün kifayət qədər problemli məsələdir. Onun fikrincə, bu qanunvericilikdə həllini tapmalıdır: “Rusiya vətəndaşlığını almamış, amma bizim ölkənin ərazisində doğulmuş miqrant uşaqları orduda xidmət keçmək, hətta zabit olmaq istəyirlər”.

O da hərbi xidmət əvəzinə miqrantlara Rusiya pasportu verilməsi təklifini müdafiə edib.


Bu miqrantlar üçün stimul verici təklif olsa da, onların gəldiyi ölkələr üçün xoşagəlməz tendensiyalara səbəb ola bilər. Rusiyada azərbaycanlı miqrantların da olduğunu nəzərə alsaq, bunun müəyyən mənada bizə də təsirləri var.

Politoloq Vəfa Quluzadə Publika.az-a açıqlamasında bunu azalan rus əhalisinin miqrantlar hesabına artırılması kimi şərh edib: “Məsələ odur ki, Rusiyada əhali azalması var. Buna görə də Rusiya miqrantları öz içərisində əritmək üçün müxtəlif addımlar atır. Bu da belə addımlardan biridir. Əgər miqrant Rusiyada yaşayırsa, işləri yaxşıdırsa, evinə qayıtmaq fikri yoxdursa, buyursun rus ordusunda vuruşsun və vətəndaşlıq alsın. Miqrantların kütləvi şəkildə buna gedəcəyinə inanmıram. Amma inanıram ki, bəzi miqrantlar buna gedə bilərlər. Hər-halda, Rusiyada tək Azərbaycanda yox, bütün keçmiş sovet ölkələrindən külli miqdarda miqrant var. Əgər həmin miqrantlar rus ordusunda xidmət edib vətəndaşlıq alsalar, Rusiya doğum problemini də həll etmiş olar”.


Moskvada Azərbaycan diasporunun adının açıqlanmasının istəməyən nümayəndəsi isə məsələ ilə bağlı maraqlı detallar açıqlayıb.

Diaspor nümayəndəsi hesab edir ki, bu təklifin gündəmə gəlməsi əslində Kremlin sifarişidir: “Faktiki olaraq, Rusiyada vətəndaşlıq almaq üçün kifayət qədər miqrant sıraya dayanıb. Onlar arasında azərbaycanlılar da var. Güman ki, əksər miqrantlar bu təklifi qəbul edəcəklər. Son vaxtlar NATO-nun Şərqə doğru hərəkət etməsi Moskvanı buna sövq edir. Lakin o da bəllidir ki, bu məsələ yalnız Kremlə lazım olanda tətbiq ediləcək”.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR