Kərimlinin bəyənmədikləri və onu bəyənməyənlər - 2015-ci ilin ilk davası
Bizi izləyin

Nida.az

Kərimlinin bəyənmədikləri və onu bəyənməyənlər - 2015-ci ilin ilk davası

AXCP sədri Əli Kərimli 2015-ci il parlament seçkiləri ilə bağlı ilk fikirlərini açıqlayıb. O, Milli Şuranın blok şəkilində seçkiyə qatılmaq niyyətində olduğunu bildirib. Bu isə AXCP-nin digər partiyalar, xüsusilə də Müsavatla bir araya gəlmək niyyətində olmadığını göstərir.


Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev Publika.az-a açıqlamasında Əli Kərimlinin qərarını normal qəbul etdiyini deyib. Lakin o, müxalifətin təftiş edilməsini və ya kiminsə tərəfindən süni olaraq təsnifatlaşdırılması haqda iddiaları qəbul etməyib: “Burada Əli Kərimli yanlışlığa yol verir. Ola bilsin ki, Kərimlinin başqaları haqda məlumatı olsun, ancaq yarandığı gündən hakimiyyətlə heç bir əlaqəsi olmayan və real müxalifətdə duran təşkilat VİP-dir. Bu fikirlər sadəcə Kərimlinin özünün və partiyasının cəmiyyətə bir təqdimatı cəhdidir”.

Ə. Əliyev Milli Şuranın iştirakı olmadan müxalifət partiyalarının seçkiyə gedə biləcəyini açıqlayıb.

“Artıq müxalifət partiyaları arasında sosial baza, strukturlaşma və təsir baxımdan ciddi fərqlər yoxdur. Son iki mitinq göstərdi ki, nə Milli Şura, nə də Müsavat digər qüvvələrdən önə çıxmayıblar. Kimlərsə “mənsiz olmaz” tezisini irəli sürürlərsə, yenə də yanlışlığa yol verirlər. Çünki onlar 2000-ci ildə qalıblar və inkişaf etməyiblər. Cəmiyyətdə real durum fərqlidir. İndi həm siyasət, həm biznes, həm də cəmiyyətdə yeni nəsil formalaşır. Liderlərin situasiyaya daha düzgün qiymət verməsi onların qəbul etdiyi qərarların nəticəli olmasına səbəb ola bilər”, - deyə VİP sədri vurğulayıb.


Müsavat başqanının müavini Osman Kazımov da Publika.az-a açıqlamasında Əli Kərimli ilə razılaşmadığını deyib. Onun fikrincə, indidən seçki haqda danışmaq tezdir: “Müxalifətin seçkilərə birgə getməsi daha realdır. Düzdür, birliklər yaranır və sonra da dağılır. Ancaq buna normal yanaşmaq lazımdır. Birliklər seçkilərə hesablanır. Hesab edirəm ki, təxminən mart ayına qədər hər şey aydın olacaq. Bəlli olacaq ki, müxalifət düşərgəsi seçkidə necə iştirak edəcək. Bu aydın olandan sonra isə müəyyən fikirlər işlətmək olar”.

Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə isə ümumiyyətlə müxalifətin heç bir birliyə nail olmayacağını deyib.


Partiya sədri Publika.az-a açıqlamasında AXCP və Müsavatın heç vaxt bir yerdə olmayacağını açıqlayıb: “20 ildir eyni proseslər təkrarlanır. Bu il də fərqli heç nə olmayacaq. AXCP istər digər partiyalarla, istərsə də təkcə özünün qaldığı Milli Şura ilə seçkilərə getsin, fərqi yoxdur. Uğur bu insanlardan üz döndərib. Eləcə də digər partiyalara da aiddir”.

A. Əlizadə ASDP-nin hazırki müxalifətlə bir yerdə olmaq istəmədiyini bildirib.

“Bizim öz yolumuz var. Hakimiyyətə gələ bilməsək də, cəmiyyətin xeyrinə işlər görürük. Həm də milli və dövlət maraqlarını ambisiyalarımıza qurban vermirik”, - deyə o bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm