“The Hill”: Obamanın Bakı siyasəti heç bir məntiqə sığmır - TƏNQİD
Bizi izləyin

Nida.az

“The Hill”: Obamanın Bakı siyasəti heç bir məntiqə sığmır - TƏNQİD

Amerikanın “The Hill” nəşrində Obama administrasiyasına Azərbaycanın bölgədə əhəmiyyətini xatırladan məqalə dərc olunub.

Publika.az xəbər verir ki, Raul Louri Kontrerasın müəllifi olduğu məqalədə Azərbaycanın Qərb və İsrail üçün əsl dost olduğu deyilir: “Bu ölkə İsrail və Qərb üçün iri neft və təbii qaz istehsalçısıdır. Azərbaycan 70 faizi şiə müsəlmanı olan ölkədir. Cənubi Qafqazda yerləşən bu ölkə Şimaldan Rusiya, Cənubdan İran, Qərbdən Gürcüstan, Türkiyə və Ermənistanla həmsərhəddir. Onun 25 milyon əhalisi cənub qonşusunun idarəçiliyi altında yaşayır. Bu gün ölkədə 9,5 milyon əhali var. Ermənistan, Rusiya və İrandan fərqli olaraq, Azərbaycan iki əsr rus hökmranlığı altında yaşamasına baxmayaraq, yəhudilər üçün həmişə isti ocaq olub. Bu gün bu ölkənin inkişafı rusları, erməniləri, eləcə də iranlıları qıcıqlandırır. O, öz neftini İsrailə ixrac edir və silah tədarükünü görür. Çünki ərazisinin 20 faizi qonşu Ermənistan tərəfindən işğal olunub. Birləşmiş Ştatlar isə 1992-ci ildə çıxardığı qərarla bu ölkəyə silah satmaqdan imtina edib. 23 il əvvəl rus qoşunları tərəfindən dəstəklənən erməni hərbi birləşmələri müstəqilliyini yenicə bərpa etmiş Azərbaycana hücum edib və ölkənin böyük bir hissəsini ələ keçirib. Ermənistan Xocalıda azərbaycanlılara qarşı qırğınlar törədib. O dövrün şahidi olmuş amerikalı və avropalı jurnalistlər danışırlar ki, qoca, qadın və uşaqlar ermənilər tərəfindən eybəcər hala salınıbmış. Bir sözlə, bu əsl soyqırım olub. Bu gün Azərbaycanın 1 milyondan artıq qaçqın və məcburi köçkünü var”.


Məqalədə qeyd olunur ki, bu gün Azərbaycan İsrail kimi ABŞ-la da dost olmaq istəyir.

“Lakin Obama administrasiyası heç bir məntiqə sığmayan yanaşma sərgiləyərək İsrailin dostuna üz çevirir. Əslində, ABŞ-ın dünyadakı maraqlarını müəyyənləşdirmək bəzən çətin olur. Bu gün biz Yaxın Şərq problemi kontekstində bu bölgədə dostlarımızı artırmalıyıq. Neft hasil edən dost ölkələri daxili və xarici düşmənlərdən qorumalıyıq. Xüsusilə, Rusiyadan və İrandan asılı olmayan enerji resurslarını qorumağa məcburuq. Bu baxımdan, İsrailin dostlarına, o cümlədən Azərbaycana üstünlük verilməlidir. Rusiya rəsmi Bakıya Avrasiya İttifaqına daxil olması üçün təzyiqlər edir. Bunun fonunda Obama administrasiyasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini “dondurulmuş münaqişə” adlandırması Cənubi Qafqazda Moskvaya meydan verməsi deməkdir”, - deyə məqalədə qeyd olunur.


Müəllif Vaşinqtonu Azərbaycana David M.Herszenhornun “The New York Times” qəzetində 2013-cü il prezident seçkiləri haqda yazdığı məqalə kontekstində qiymət verməyə çağırır: “Məqalədə müəllif seçkilərin demokratik və şəffaf keçirildiyini vurğulayıb. Həmin məqalədə biz ABŞ Nümayəndələr Palatasının bir qrup sabiq üzvünün səsverməni ədalətli və şəffaf keçirildiyinə dair fikirlərinə rast gəlirik. Bizim Yaxın Şərqdə daha güclü bir dosta ehtiyacımız var. İndi özünüz seçin”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm