Gülağa Aslanlı: “Gələcək partiyanın ilkin təməllərini atırlar” – Müsahibə
Bizi izləyin

Nida.az

Gülağa Aslanlı: “Gələcək partiyanın ilkin təməllərini atırlar” – Müsahibə

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Publika.az-a müsahibəsində bəzi iddialara münasibət bildirib.


- Gülağa bəy, Mərkəzi İcra Aparatının rəhbərliyinə təyinatınızı gözləyirdinizmi?


- Bu, partiya başqanının müstəsna səlahiyyətinə daxil olan məsələdir. Biz uzun müddət partiyanın rəhbərliyində birgə çalışmış insanlarıq. Sözün düzü, mənə əvvəl belə bir təklif olunmuşdu. Lakin mən bir qədər ertələnməsini istəmişdim. Dekabrın 30-da mən işə gedərkən belə sərəncam verildiyinin şahidi oldum. Mənə göstərilən etimada görə təbii ki, partiya başqanına öz təşəkkürümü bildirirəm.


- Sizin bu posta təyin olunmanızla bağlı iddialar səsləndirilir ki, əvvəldən belə razılıq olub. Yəni Arif Hacılı başqan olacağı təqdirdə, siz icra aparatının rəhbəri olmalı idiniz.


- Ümumiyyətlə mən belə fikirlər səsləndirlməsində mənfi hal görmürəm. Çünki bunu deyən insanlar mənim Arif Hacılının seçki qərargahına rəhbərlik etməyimi əsas götürürlər. Bu xətti götürənlər mənim Məclis sədri olacağımla bağlı da iddialar irəli sürürdülər. Mən sadəcə olaraq, öz vəzifəmi yerinə yetirirəm.
Məndən gözləntiləri olanlara da təşəkkürümü bildirirəm. Bu vaxta qədər öz enerjimi partiya üçün sərf etdiyim kimi, bundan sonra da öz təcrübəmi, bacarığımı partiyanın inkişafına yönəldəcəyəm.


- İcra Aparatının rəhbəri olaraq hədəfləriniz nədir?


- Mərkəzi İcra Aparatının əsasnaməsi var. Əsasnaməyə uyğun olaraq, partiyanın idarə olunmasında, xüsusən də mərkəzi aparatın bütün problemlərinin həllində üzərimə nə düşürsə, yerinə yetirəcəyəm.
Əsas məqsədlərimdən biri partiyanın idarə olunmasına öz töhfəmi verməkdir. Hər-hansı problemlə üzləşməmək üçün əlimdən gələni edəcəyəm. Vəzifəmə daxil olan bütün işləri məsuliyyətlə yerinə yetirəcəyəm. İcra aparatı normal işləyəcəksə, üzərinə düşən işi vaxtında və səmərəli həll edəcəksə, bu ümumi inkişafa xeyir verəcək. Bununla yanaşı, partiya üzvlərinin rəhbərliklə əlaqələrinin qurulmasından tutmuş, partiyanın inkişafı üçün nizamnamə çərçivəsində görülən işlərin müəyyənləşməsinə qədər bütün məsələlər mənim məsuliyyətimdədir.


- Bu il keçiriləcək parlament seçkilərinə Müsavat təkbaşına, yoxsa koalisiya şəkilində getmək fikrindədir?


- Müsavat Partiyası parlament seçkilərində necə iştirak edəcəyi haqda hələ qərarını verməyib. Lakin seçkilərdə koalision şəkildə iştirak da, ayrıca 125 seçki dairəsindən namizədin müəyyənləşdirilməsi də mümkündür. İndidən heç kimlə bərabər olmayacağıq kimi iddialar ortaya qoymağın da tərəfdarı deyilik. Sadəcə il ərzində ölkədə və dünyada vəziyyət başqa istiqamətlərdə dəyişə bilər. Buna görə də şəraitdən asılı olaraq seçkilərdə iştirak forması haqda qərar verə bilərik. Bunların içində bütün variantlar nəzərə alınmalıdır, o cümlədən, koalisiya, yaxud blok variantı.


- Qubad İbadoğlu partiyanın yeni rəhbərliyinin bütün postlara yaxın adamlarını yerləşdirməklə alternativ fikrə yer qoymadığını açıqlayıb. Bu barədə nə deyə bilərsiniz?


- Qubad İbadoğlunun ətrafında alternativ fikirdə olan adamlar varmı? Bu sualı ona vermək lazımdır. Onun fikirlərinə zidd olanlar, onunla barışmayan və mövqeyini bölüşənlər onunla birlikdədirlərmi?
Partiya rəhbərliyi təyinatlar verərkən təbii ki, inandığı, etibar etdiyi adamlara üstünlük verir. Məclis və Divan üzvlərinin kimliyinə gəlincə, bu seçki yolu ilə müəyyənləşir. Müsavat Partiyasında keçirilən seçkilərdə kimin kimə səs verməsinə nəzarət mexanizmi yoxdur və səsvermə prosesi gizli keçirilir. Bu səbəbdən sərbəst Məclis üzvlərinin, Mərkəzi Nəzarət Təftiş Komissiyasının və Divan üzvlərinin seçilməsi tam demokratik yolla həyata keçirilir.

Sadəcə olaraq, rəhbərlikdə olan adam onun ideyalarını bölüşən, onunla partiyanı irəlilətməyə çalışanlarla bərabər olmaq istəyir. Qubad İbadoğlu qurultay günü seçkinin demokratik keçirildiyini bəyan etdi. Bir gün sonra isə “mən və mənim tərəfdarlarım heç bir seçkili orqanda iştirak etməyəcəyik” deyə açıqlama verdi. Onun ətrafında olan elə insanlar var ki, şəxsən mən onları hansısa vəzifədə görmək istəyərdim. Lakin özləri kənara çəkiliblər. İndidən gələcəkdə qurmaq istədikləri partiyanın ilkin təməllərini atmaqla məşğuldurlar. Buyursunlar, işlərini davam etdirsinlər.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm