• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Elman Məmmədov: “Heç kəsin qoltuğunda hərəkət etmək fikrində deyilik” – MÜSAHİBƏ

  • Nida.az
  • 6 Yanvar 2015 14:52
  • 1 333 Baxış
Elman Məmmədov: “Heç kəsin qoltuğunda hərəkət etmək fikrində deyilik” – MÜSAHİBƏ

Milli Məclisin Dağlıq Qarabağdan seçilmiş deputatı, "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin İdarə Heyətinin üzvü Elman Məmmədovun Publika.az-a müsahibəsi:

– Son vaxtlar Qərbin ayrı-ayrı dövlətlərinin və təşkilatlarının Azərbaycana qarşı ikili standartlı müxtəlif bəyanatları olur. Bu cür bəyanatlara münasibətiniz necədir?

– Bu məsələ ay və gün kimi hamıya aydındır. Burada qaranlıq qalan məsələ yoxdur. İndi qütbləşmə dövrüdür. Bu gün ABŞ və Avropa dünyaya ağalıq etmək istəyir. Kim onların dediyi kimi hərəkət etmir, onların tələb etdiyi kimi yaşamır, özünün daxili və xarici siyasətini müstəqil və öz dövlətinin qanunlarına uyğun qurur, o ölkələr Qərbin xoşuna gəlmir. Belə hərəkətləri ilk növbədə ABŞ xoşlamır. Qərbin müxtəlif bəyanatları və hesabatları hazırlayıb yaymaqda bir məqsədi var. Bu da Azərbaycanı nəzarət altında saxlamaq və öz istədikləri kimi yaşamağa məcbur etməkdir. Yəni, məqsəd ancaq budur. Azərbaycanın qarşısında dayanan əsas məqsəd odur ki, öz müstəqil siyasətinə sadiq qalsın, onu gələcəkdə də davam etdirsin. Bu gün Azərbaycan dövləti bəyan edir ki, Ermənistanı çıxmaq şərti ilə bütün qonşu dövlətlərlə qarşılıqlı əməkdaşlığı davam etdirəcəyik və bunu daha da genişləndirəcəyik. Bu da ABŞ-ın xoşuna gəlmir ki, niyə Azərbaycan Rusiya və İranla qonşuluq və dostluq münasibətlərini inkişaf etdirir? Bütün bu təzyiqlərin və bəyanatların da kökündə sırf bu cür məsələlər dayanır. Ancaq cənab prezidentimiz də dəfələrlə bəyan edib ki, Azərbaycan müstəqil dövlətdir, bu dövlətin müstəqil siyasəti, öz qanunları və Konstitusiyası mövcuddur. Ona görə də biz heç kəsin qoltuğunda hərəkət etmək fikrində deyilik. Amma “böyük dövlətlər” bunu həzm edə bilmirlər. Ona görə də Azərbaycana qarşı bütün təzyiq vasitələrinə əl atırlar. Bu da təəssüf doğurur. Görün Azərbaycana təzyiq göstərən dövlətlər hansılardır. Yalandan və “boğazdan yuxarı” demokratiyadan, insan haqlarının qorunmasından, müstəqillikdən, suverenlikdən və sairə bu kimi məsələlərdən dəm vuran bu dövlətlər dünyaya ağalıq etmək iddiasına düşüb. Axı onlara bu ixtiyarı və mandatı hansı təşkilat verib ki, onlar istədiyi müstəqil dövləti sıxıb ona təzyiq göstərir və məcbur edir ki, o sənin dediyin kimi hərəkət etsin? Onların xoşuna gəlsə də, gəlməsə də bütün bunlar mümkün olan bir iş deyil.

– Azərbaycanın bir sıra tanınmış şəxsləri var ki, onların da adları ABŞ-ın ayrı-ayrı qurumları ilə sıx əməkdaşlıqda və əlaqədə hallanır. Bunlara siz necə baxırsınız?

– ABŞ, yaxud digər bu cür “böyük dövlətlər” istənilən ölkənin daxilində iğtişaş və təxribatlar törətmək, iqtidar və müxalifət arasındakı münasibətləri pozmaq üçün təbii ki, özünə uyğun olan və həmin dövlətdə çalışan və bu ölkənin vətəndaşından ibarət olan bir şəbəkə saxlayır. Onlara havadarlıq edən həmin dövlətlər bu şəbəkənin üzvlərini vaxtaşırı həvəsləndirir, hər cür dəstəklər göstərir və sairə bu cür addımlar atır. Təbii ki, həmin adamlar da onlara lazımı “xidmətləri” göstərir. Bir deyim də var, pulu kim verirsə, musiqini də o sifariş edir. Hər zaman onlara dəstək olan, həvəsləndirən və maliyyə yardımları edən dövlətlərə bu şəbəkənin üzvləri də bir növ borcludur. Yəni, onların qarşısında öhdəlik götürmüş adamlardır. Həmin şəbəkə üzvlərinin çoxlarının da adı sizə məlumdur ki, onlar kimlərdir və necə idarə olunurlar.

– Azərbaycana qarşı ikili standartlı mövqe nümayiş etdirən Qərb ölkələrinin səfirliklərinin tədbirlərinə qatılırsınız?

– Mən Azərbaycana həqiqi mənada dost olan, Azərbaycanla münasibətləri tam səmimi olan səfirliklərin və beynəlxalq təşkilatların tədbirlərinə dəvət alanda gedirəm. Ancaq riyakarlıq və qeyri-səmimi mövqe nümayiş etdirməklə məşğul olan, Azərbaycana yuxarıdan aşağı baxan dövlətlərin diplomatik korpusları və başqa qurumları ilə hər zaman məsafə saxlayıram. Hesab edirəm ki, bunu düz edirəm.

– Bir dəfə demişdiniz ki, Azərbaycana qarşı ikili standartlı mövqe nümayiş etdirən diplomatik korpuslar və ya nümayəndəliklərin ölkəmizdəki fəaliyyətinə xitam verilsin...

– Biz bu yaxınlarda Milli Məclisdə bir sıra qanunlara əlavə və dəyişiklik edən zaman da nəzərdə tutmuşuq ki, əgər həmin diplomatik nümayəndəliklər öz fəaliyyətlərinə aid olmayan işlərlə məşğul olarsa, həmin işlər Azərbaycan dövlətinin Milli Təhlükəsizlik Konsepsiyasına və daxili işlərinə zidd olaraq təhlükə yaradarsa, təbii ki, dövlətimiz öz qanunları çərçivəsində müvafiq sərt addımlar atacaq. Bu addımların da ən sərti həmin xarici qurumların Azərbaycandan kənarlaşdırılması ola bilər. Mən arzu etmirəm ki, onlar bizi buna məcbur etsin. Ancaq məcburiyyət olarsa, təbii ki, bu da mümkün olacaq.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR