Konqresin nəşri: “ABŞ dünya ölkələrini Azərbaycan modelinin tətbiqinə səsləməlidir”
Bizi izləyin

Nida.az

Konqresin nəşri: “ABŞ dünya ölkələrini Azərbaycan modelinin tətbiqinə səsləməlidir”

ABŞ Konqresinin “Roll Call” qəzetində Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevin məqaləsi dərc olunub.


Publika.az-a Baş konsulluqdan verilən məlumata görə, “Dini tolerantlıq: təhlükəli dövrdə işləyə bilən modelin tapılması” başlıqlı məqalədə Azərbaycanın tarixi tolerantlıq ənənələrindən, hazırda ölkəmizdə müxtəlif dinlərin dinc şəraitdə birgə mövcudluğu üçün yaradılmış şəraitin bütün dünya dövlətləri üçün nümunə ola biləcəyindən bəhs edilir.


Müəllif qeyd edir ki, son illərdə Yaxın Şərqdə baş verən hadisələr fonunda İslam, xristian və yəhudi dinləri arasında münasibətlərin gələcəyinə dair bədbinlik hədsiz dərəcədə artsa da, Azərbaycan nümunəsi bunun əksini göstərir: “Azərbaycanda ölkə rəhbərliyi tərəfindən bütün dinlərin dinc və harmoniya şəraitində mövcud olduğu əlverişli mühit yaradılıb. Azərbaycan öz dini müxtəlifliyi ilə fəxr edir. Azərbaycan dünyanın ən qədim xristian dövlətlərindən birinin yerləşdiyi məkan olub və xristian icması əsrlər boyunca Azərbaycan tarixinin formalaşmasında iştirak edib. Xristian və müsəlman icmaları ilə yanaşı yaşayan təqribən 30 minlik yəhudi icması isə Azərbaycanda iki min ildən bəri yaşamaqdadır. Hətta əsrlər boyunca ətraf regionlarda yaşayan yəhudilər təqiblərlə qarşılaşanda, Azərbaycanı özləri üçün təhlükəsiz məkan kimi görüblər. İkinci dünya müharibəsi zamanı faşizmdən canını qurtaran yəhudilər Azərbaycanda sığınacaq tapıblar”.


Baş konsul məzhəblərarası nifrətin Yaxın Şərqi təhdid etdiyi bir zamanda, Azərbaycanın şiə və sünnilərinin qarşılıqlı hörmət və ehtiram içərisində yaşamaqda davam etdiklərini vurğulayıb.

N. Ağayev hər hansı bir cəmiyyətdə sosial tolerantlığın bərqərar olmasında və tərəqqisində siyasi hakimiyyətin iradəsinin əvəzsiz olduğuna diqqət çəkib.


“Azərbaycanın dövlət rəhbərliyi daim ölkədə qədim tolerantlıq ənənələrini təşviq edərək, radikallığı, ekstremizmi və dinlərarası nifrəti rədd edib. Azərbaycanda dövlətin dəstəyi hesabına sinaqoqlar, məscidlər, kilsələr tikilib və tikilməkdədir. O cümlədən, müxtəlif dini etiqadlar üçün yeni mədəniyyət mərkəzləri inşa olunmaqda, hər üç dinə mənsub olan qurumlara dövlət vəsaitləri ayrılmaqdadır”, - deyə o, bildirib.


N. Ağayev bu uğurlu nümunədə ABŞ-ın da maraqlı olmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, dünyəvi, tolerant və inklüziv keyfiyyətlərə malik olan Azərbaycan böhranla üzləşən bölgə üçün həlledici önəm daşıyır: “Regionda artan təhdidlərlə bağlı ABŞ Konqresində aparılan müzakirələr zamanı, Azərbaycan kimi dini azadlıqları təşviq edən və ekstremizmlə mübarizə aparan ölkələrin müsbət təcrübələrini öyrənmək faydalı olardı. Konqres Amerikanın tolerant və dünyəvi dostlarını dəstəkləməli və Azərbaycanın dinlərarası harmoniya modelini işlək nümunə kimi nəzərdən keçirərək, dünya ölkələrini bu modelin tətbiqinə səsləməlidir”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm