İsrailli ekspert: “Vaşinqton əsl dostu olan Azərbaycana etinasızlıq göstərir” - İTTİHAM
Bizi izləyin

Nida.az

İsrailli ekspert: “Vaşinqton əsl dostu olan Azərbaycana etinasızlıq göstərir” - İTTİHAM

“Yeni ilin ilk həftəsi Vaşinqtondan Azərbaycana ünvanlanmış əsassız hücum və yalanların növbəti dalğası ilə əlamətdar olub”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri beynəlxalq münasibətlər sahəsində ekspert, Hayfa Universitetinin doktorantı Arye Qut son vaxtlar ABŞ-ın bəzi mətbu orqanlarında Azərbaycanla bağlı gedən yazıları şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, ABŞ dövlət katibinin əmək, demokratiya və insan hüquqları məsələləri üzrə köməkçisi Tom Malinovskinin Bakı ilə münasibətlərin pisləşə biləcəyi barədə hədə-qorxusundan sonra erməni lobbisinin bədnam əlaltısı, “Freedom House” təşkilatının keçmiş rəhbəri Devid Kramer oyuna qoşulub: “Son vaxtlar Amerikanın bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının rəsmi Vaşinqton üçün strateji əhəmiyyətini və vacibliyini lazımınca dərk etməyən və anlamayan marginal jurnalist və siyasətçilərin anti-Azərbaycan yönümlü məqalə və bəyanatları dərc olunur. Əminəm ki, bu marginal jurnalistlər və marginal siyasətçilər istər geosiyasi, istərsə də strateji baxımdan nə qədər vacib ölkədən söhbət getdiyini tam anlamırlar”.

Arye Qut deyib ki, Amerikanın indiki administrasiyasının həm Yaxın Şərqdə, həm də Cənubi Qafqazda dəqiq, ölçülüb-biçilmiş xarici siyasət strategiyası yoxdur: “Amerikanın müdaxilə strategiyası layihələrinin əksəriyyəti bu ölkələrə guya “demokratiya və insan hüquqlarına hörmət” gətirməyə yönəlib. Əslində isə bu layihələr həmin ölkələrə və xalqlara çox böyük mənəvi və maddi ziyan vurub. Liviya, İraq və Suriyanın adını çəkmək kifayətdir. Rəsmi Vaşinqton həmin ölkələrdə demokratiyaya və insan hüquqlarına “qayğı göstərməsi” Yaxın Şərq regionunda Amerikanın xarici siyasət strategiyasının tam siyasi iflası, həmin ölkələrdə yaşayan minlərlə insanın əzab-əziyyəti və tələfatı ilə nəticələnib”.

Onun sözlərinə görə, ABŞ Dövlət Departamenti və onunla sıx əlaqədə işləyən, dünyanın məşhur beyin mərkəzləri ilə qarşılıqlı əlaqə saxlayan qurumlar Azərbaycanın Cənubi Qafqaz regionunun şəksiz geosiyasi və geoiqtisadi lideri olduğunu guya görmürlər: “Postsovet Azərbaycanı artıq sübut edə bilib ki, o, zəif və asılı geosiyasi substansiya deyil, Cənubi Qafqazda mühüm rol oynayır. Cənubi Qafqaz kimi çox mürəkkəb, geosiyasi baxımdan gərgin, birmənalı olmayan kövrək regionda Azərbaycan rəhbərliyinin praqmatik, çevik və uzaqgörən xarici siyasətini xüsusi vurğulamaq lazımdır”.

Analitikin fikrincə, bu gün dünyada, o cümlədən Amerikada ekspertlərin çoxu bir faktı etiraf edir ki, Barak Obamanın indiki administrasiyası Amerikanın bütün tarixi ərzində həm Amerika iqtisadiyyatının inkişafı, həm də xarici siyasət strategiyası baxımından ən uğursuz administrasiyadır: “Amerika xarici siyasətinin əsas strateqlərindən biri olan Zbiqnev Bzejinski özünün “İkinci şans: üç prezident və Amerika fövqəldövlətinin böhranı” adlı kitabında bildirir ki, ABŞ-ın dünyada liderliyinin real alternativi yoxdur və dünyanın aparıcı dövlətlərinin əksəriyyəti razılaşır ki, dünyada sabitləşdirici liderə ehtiyac var. Lakin təəssüf ki, dünyanın taleyinin birbaşa asılı olduğu bu sabitləşdirici lider regionda özünün xarici siyasi davranışı üçün dəqiq və aydın strategiyası yoxdur və praktiki olaraq bu strategiya və Amerikanın xarici siyasət davranışı “ad hoc” – bir problemdən digərinə prinsipi əsasında qurulur. Buna görə də Obamanın həqiqətdə hansısa xarici siyasət strategiyasının olub-olmaması məsələsi heç də bayağı məsələ deyil. Bu baxımdan Azərbaycanı insan hüquqlarının pozulmasında ittiham etmək riyakarlıq, nəzakətsizlik və ləyaqətsizlikdir. İyirmi iki ildən çoxdur ki, bu ölkə Ermənistanın təcavüzündən əziyyət çəkir, təcavüz nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal edilib, bir milyondan artıq insan bu ərazilərdən qovulub. Doğrudanmı, ABŞ bunları bilmir, yoxsa özünü bilməzliyə vurur? Bəlkə öz torpaqlarından qovulmuş bir milyon azərbaycanlı qaçqının elementar insan hüquqları yoxdur? Bəlkə onlar görmürlər ki, Azərbaycan ABŞ-ın Əfqanıstanda və İraqda sülhyaratma missiyalarını dəstəkləyən, öz oğullarını bu qaynar nöqtələrə göndərən yeganə müsəlman ölkəsidir?”

Arye Qutun sözlərinə görə, Azərbaycanı “insan hüquqlarının və demokratiyanın pozulmasında” ittiham etmək və Suriyada, İraqda, Liviyada nələr baş verdiyini görməmək çox asandır: “Halbuki həmin ölkələrdə demokratiya və insan hüquqları şüarları ilə hakimiyyətə gəlmiş qanlı radikal fundamentalistlər ABŞ-ın dəstəyi ilə sivilizasiyanı həqiqi mənada dağıdıblar, eyni dinin nümayəndələri bir-birini məhv edir, özü də təkcə ona görə ki, bu insanlar eyni bir dinin müxtəlif məzhəblərinə mənsubdurlar. Terrorçular artıq bunkerlərdə gizlənmirlər, onlar şəhərləri, bütöv regionları və neft quyularını ələ keçirirlər. Məhz ABŞ Dövlət Departamentinin bu regionda uğursuz və ağılsız siyasəti bumeranq effekti doğurub. İndi özlərini müdafiə edə bilməyən həmin qanlı terrorçular amerikapərəst qondarma demokratiya rejimini devirir və idarə edilə bilməyən terror xaosu törədirlər. Doğrudanmı, ABŞ Azərbaycanı demokratiyanın və insan hüquqlarının pozulmasında ittiham edərək Cənubi Qafqazda da bu cür qanlı xaos törətmək istəyir?”

İsrailli analitikin fikrincə, Azərbaycan regionun şəksiz lideri kimi özünü təsdiqləyib və sübut edib ki, onun iştirakı olmadan regionda heç bir geosiyasi və geoiqtisadi layihəni həyata keçirmək olmaz: “Bu gün Azərbaycan mültikulturalizm və tolerantlıq siyasəti yürüdür, bütün dünyaya göstərir ki, Azərbaycan hətta öz ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsinə baxmayaraq, yenə sivilizasiyalararası dialoqun əsl nümunəsi və bütün xalqların, bütün konfessiyaların nümayəndələrinin dinc yanaşı yaşadığı məkan olaraq qalır. Azərbaycan rəhbərliyinin həyata keçirdiyi və populyarlaşdırdığı tolerantlıq və multikulturalizm siyasəti Azərbaycan dövlətinin bənzərsizliyinin qorunub saxlanmasına, müasir, qüdrətli və güclü Azərbaycan modelinin möhtəşəm nümunəsində bu siyasətin daha da inkişaf etdirilməsinə və təbliğinə yönəlmiş strategiyanı əks etdirir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm