• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Azərbaycan BMT- Baş katibinə məktub göndərib

  • Nida.az
  • 14 Fevral 2014 03:37
  • 1 014 Baxış
Azərbaycan BMT- Baş katibinə məktub göndərib

Azərbaycanın BMT yanında daimi nümayəndəsi cəbhə xəttində Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması ilə əlaqədar təşkilatın baş katibinə məktub göndərib.

Azərbaycanın işğal olunmuş əraziləri və Ermənistanla sərhəddə cəbhə boyunca bu ilin yanvarından başlayaraq Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması hallarının kəskin şəkildə artması ilə əlaqədar Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev BMT-nin baş katibi Pan Gi Muna məktub göndərib.

Azərbaycanın BMT yanında daimi nümayəndəliyindən bildirib ki, məktubda Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması hallarına dair cədvəl baş katibin diqqətinə çatdırılıb və bildirilib ki, yanvar ayında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mövqelərini atəşə tutması nəticəsində Azərbaycan milli ordusunun iki zabiti snayper gülləsindən həlak olub və bir əsgərimiz yaralanıb. Bundan əlavə, Ermənistan tərəfi çox vaxt iriçaplı silahlar və snayperlərdən yaşayış məntəqələrini və mülki obyektləri, o cümlədən təsərrüfatları, məktəbləri və tibb müəssisələrini atəşə tutur və bu, mülki şəxslərin yaralanması və onların mülkiyyətinə ciddi ziyan dəyməsi ilə nəticələnir.

Məktubda qeyd edilib ki, Ermənistan tərəfindən atəşkəsin pozulması hallarının vaxtı, istiqaməti və tezliyini təhlil edəndə, habelə onların ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə keçirilən vacib görüşlərlə üst-üstə düşməsini nəzərə alanda, bu pozuntuların məqsədyönlü və sistematik olması və Yerevandakı mərkəzi hərbi komandanlıqdan verilən əmrlər əsasında həyata keçirilməsi aydın olur. Ermənistan tərəfinin yalnız ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi tərəfindən iki həftədən bir keçirilən monitorinq fəaliyyətləri zamanı atəşkəsə riayət etməsi və atəşin monitorinqinin başa çatmasından dərhal sonra, bəzən isə müşahidəçilərin bölgəni tərk etməsini gözləmədən başlaması bu arqumenti təsdiqləyən digər sübutdur.

Bildirilib ki, atəşkəsin pozulması hallarının statistikası bir daha Ermənistan rəhbərliyinin və onun BMT yanında daimi nümayəndəsinin bu ölkənin bölgədə sülh və sabitliyə münasibətinə dair verdikləri bəyanatların yalana əsaslanmasının göstəricisidir. Münaqişənin sülh yolu ilə həllinə sadiqliyinə dair bu ölkənin bəyanatları yerdəki hərəkətləri ilə tam ziddiyyət təşkil edir. Belə ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə yanvarın 24-də Parisdəki görüşündən bir neçə gün əvvəl Ermənistanın silahlı qüvvələri Azərbaycan silahlı qüvvələrinin mövqelərini və yaşayış məntəqələrini intensiv atəşə tutmağa başlamışlar.

Qeyd edilib ki, Ermənistan tərəfindən zorakılığın və təxribatların sayının kəskin surətdə artması Azərbaycanın Xarici İşlər Nazirliyinin yanvarın 25-də verdiyi bəyanatda pislənib Yanvarın 24-də Parisdəki görüşdən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri yaydıqları mətbuat məlumatında bölgədə davam edən zorakılığa dair ciddi narahatlıq ifadə etmiş və son hadisələrin danışıqlar prosesinə və sülhün bərqərar edilməsi perspektivlərinə ziyan vurduğunu bildiriblər.

Məktubda xüsusilə qeyd edilib ki, Azərbaycan dünyadakı silahlı münaqişələrin döyüşən tərəflərinin Soçidə keçirilən XXII Qış Olimpiya Oyunları zamanı “Olimpiya atəşkəsinə” riayət etməsinə dair BMT-nin baş katibi və digər yüksək rəsmi şəxslərin etdikləri çağırışları alqışlayır. Fevralın 4-5-də bölgəyə səfərdən sonra yaydıqları mətbuat məlumatında ATƏT-in Minsk qrupunun həmsədrləri cəbhədə silahlı qarşıdurmanın artmasından narahatlıq ifadə edib, Ermənistan və Azərbaycan prezidentlərinin Olimpiya Oyunları zamanı atəşkəsə riayət etmək və vəziyyətin daha da gərginləşməsinə yol verməmək niyyətində olduqlarını bildiriblər. Lakin fevral ayında cəbhə xəttində gərgin vəziyyət davam edib. Azərbaycan tərəfi Ermənistanın qeyd olunan atəşkəs çağırışlarına məhəl qoymamasından və bölgədə təxribatçı hərəkətlərini davam etdirməsindən təəssüflənir.

Ermənistanın bu hərəkətləri onun dövlət başçısının ATƏT-in Minsk qrupunun həmsədrlərinə verdiyi vədə və xüsusilə, BMT Baş Məclisinin keçən ilin noyabrında qəbul etdiyi və Ermənistanın da həmmüəllif olduğu “İdman və Olimpiya ideyaları vasitəsilə sülhpərvər və daha yaxşı dünyanın qurulması” adlı qətnaməsinin tələblərinə ziddir.

Daimi nümayəndə məktubun BMT Baş Məclisi və Təhlükəsizlik Şurasının rəsmi sənədləri kimi dərc edilməsini xahiş edib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR