“The Hill”: “Azərbaycan torpaqlarını azad etsə, Ermənistan çox şey qazanacaq”
Bizi izləyin

Nida.az

“The Hill”: “Azərbaycan torpaqlarını azad etsə, Ermənistan çox şey qazanacaq”

ABŞ-ın “The Hill” nəşrində Amerikan Yəhudi Komitəsinin İctimaiyyətə Əlaqələr Departamentinin keçmiş rəhbəri Ceyson Katsın “Cənubi Qafqaz regionunun inkişafına maneələr” adlı məqaləsi dərc olunub.


Publika.az xəbər verir ki, müəllif bölgənin inkişafına əsas maneə kimi Ermənistanı göstərir: “Dünyanın zəngin bölgələrindən olan Cənubi Qafqaz Qərbyönümlü mövqeyi ilə yadda qalıb. Bu bölgə Sovet İttifaqı dövründə də öz zənginliyi ilə seçilib. Bu bölgə Avropanın qaz təchizatında əsas alternativ kimi bu gün gündəmdədir və bu proses yaxşı gələcək vəd edir”.

Müəllif ötən ilin sonlarında Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin Qars görüşünə toxunub: “Bu, Elmar Məmmədyarov, Tamar Beruçaşvili və Mövlud Çavuşoğlu arasında dördüncü görüş idi. Görüşün diqqət çəkən tərəfi regionun ümumi inkişafında Ermənistan maneəsi idi. Ermənistan qəribə şəkildə özünü regionun bütün layihələrindən kənarda saxlayır. Yəqin ki, səbəbi maraqlıdır. Bu ölkə özü üçün mənfi yol seçib və regionun digər ölkələrindən fərqli olaraq müstəqil xarici siyasət apara bilmir. Halbuki, regionun digər ölkələri müstəqil xarici siyasət aparır və bütün fəaliyyətlərini öz xalqlarının tərəqqisinə yönəldib. Ermənistan isə bu illər ərzində Rusiya Federasiyasının vassalına çevrilib”.


C. Kats qeyd edir ki, Ermənistan sərhədlərinə və hava məkanına Moskva nəzarət edir. Onun sözlərinə görə, rus hərbçilər faktiki olaraq Ermənistanda Rusiyaya məxsus bazada xidmət edirlər: “Bu yaxınlarda həmin bazanın genişləndirilməsi ilə bağlı müqavilə də imzalandı. Yayılan başqa bir məlumatda isə “KQB”nin varisi FTX Ermənistanda xüsusi əməliyyat keçirib. Hansı ki, Ermənistan Rusiya üçün hüquqi baxımdan xarici dövlət hesab olunur. Ermənistan ötən il Avropa Birliyi ilə Assosiativ Sazişlə bağlı apardığı danışıqları qəfil kəsib Rusiyanın yaratdığı Avrasiya İttifaqına üzv oldu. 2014-cü ildə BMT-də Ukraynanın müstəqilliyi müzakirə edilərkən Ermənistan Şimali Koreya, Sudan və Suriya kimi çıxış edərək, bunun əleyhinə səs verdi”.


Müəllif Ermənistandakı acınacaqlı duruma da diqqət çəkib.


“Bu ölkənin iqtisadiyyatı dağılır, insanlar kütləvi şəkildə öz evlərini tərk edərək müxtəlif yerlərə üz tuturlar. Əhalinin əksəriyyəti yoxsulluq içindədir. Ermənistanın tərəqqisinin sadə bir cavabı var. Azərbaycan torpaqlarını işğaldan azad edin və gələcək haqda düşünün. Hansı ki, 1990-cı illərdə Ermənistan rusların yardımı ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf 7 rayonu işğal etdi. Bu müharibədə azərbaycanlılar “Qırmızı Ordu” və İranın Ermənistana verdiyi dəstək nəticəsində məğlub oldu. Bu gün Azərbaycanın bir milyondan artıq qaçqın və məcburi köçkünü var. Türkiyə Azərbaycana dəstək olaraq Ermənistanla sərhədlərini bağladı. Bugünkü mənzərə Ermənistanın müharibədən heç də qalib çıxmadığını göstərir. 20 ildən artıq bir müddətdə Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan regionda geriyə gedən yeganə ölkəyə çevrilib”, - deyə müəllif bildirib.


C. Kats rəsmi Bakının mövqeyini xatırladıb. Qeyd edib ki, Azərbaycan tərəfi işğal olunmuş ərazilərinin geri qaytarılacağı təqdirdə etnik ermənilərin təhlükəsizliyinə zəmanət verir, onlara öz vətəndaşlığını təklif edir. Müəllif Ermənistana öz xalqını düşünməyi məsləhət görür.

“Əgər Türkiyə ilə sərhədlərin açılmasına “erməni soyqırımı”nın maneə olduğunu deyirsinizsə, o zaman bu işi tarixçilərin öhdəsinə buraxın. Türkiyə buna razıdır. Bu gün Ermənistan iqtisadiyyatını ayaqda tutmaq üçün erməni diasporu maliyyə yardımı edir. Lakin onlar “erməni soyqırımı” və Dağlıq Qarabağ məsələsində lobbiçiliyə qoyduqları sərmayəni Ermənistana göndərsələr, daha yaxşı olardı. İrəvan da regional layihələrdə iştirak etmək üçün güzəştə getməli, regional danışıqlarda iştirak etməlidir. Azərbaycan, Gürcüstan və Türkiyə bu məsələdə açıqdır. İşğal altındakı torpaqlar azad olunarsa və Dağlıq Qarabağ münaqişəsi həll edilərsə, bundan ən çox Ermənistan qazanc əldə edəcək”, - deyə müəllif vurğulayıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm