Yandırılan Nizami heykəli: Dərbənd təxribatı, yoxsa xuliqanlıq? - DETALLAR
Bizi izləyin

Nida.az

Yandırılan Nizami heykəli: Dərbənd təxribatı, yoxsa xuliqanlıq? - DETALLAR

Dünən Dərbənd şəhərində Nizami Gəncəvinin heykəlinin yandırılması haqda xəbər yayıldı. Bu heykəl Dərbəndin köhnə “Sovetski” küçəsi, hazırda isə Heydər Əliyev prospekti adlananan yerdə yerləşir. Məlumatlara görə, naməlum şəxslər tərəfindən gecə yarısı heykələ od vurulub.
Dərbənd azərbaycanlıları bu hadisəyə kütləvi etiraz ediblər.


Diqqət çəkən məqamsa, heykəlin yandırılmasında Dərbənd rəhbərliyi və şəhər məclisinin sədri İmam Yaraliyevin ittiham olunmasıdır. Belə ki, Dərbənd şəhər meri Yarəliyevin adı rayon icra başçısı, azərbaycanlı Qurban Qurbanovun işdən çıxarılmasında və onun həbsində hallanırdı. Bu şəxs vaxtilə Dağıstanın baş prokuroru olub. Fəaliyyəti dövründə Azərbaycana qarşı açıq çıxışları ilə seçilib, Qurbanovları heç vaxt qəbul edə bilməyib.

Yarəliyev haqda yayılan məlumatlar da ilgincdir. Onun Dağıstan baş prokurorunun birinci müavini, daha sonra baş prokuror olmasında “Sadval”ın əməyi böyük olub. Təşkilat Yarəliyevin bu postda oturması üçün 1992-ci ildə Bakı-Rostov yolunu təzyiq vasitəsi olaraq bağlayıbmış.
İ. Yarəliyevlə bağlı daha bir fakt da diqqətdən yayınmır. 1990-cı illərin əvvəllərində “sadval”çıların qurultayında bütün sənədləri, qətnamələri Yarəliyev hazırlayıbmış.


Azərbaycanın Dərbənddə sonuncu dayaqlarından olan Qurban Qurbanovun postundan uzaqlaşdırılması ssenarisini arxasında bu şəhərin tarixi köklərini itirmək olduğu haqda iddialar var. Söhbət Dərbəndin bu il keçirilməsi nəzərdə tutulan II minilliyi ilə bağlı tədbirdən gedir. İddialara görə, rəhbərlik bu tarixi tədbirdə şəhərin tarixi Azərbaycan torpağı olması haqda bir cümlənin də işlənməməsi qərarına gəlib. Lakin Qurbanovun rayonun icra hakimiyyətinin başçısı olaraq belə bir tədbirdə iştirakı etməməsi və şəhərin tarixindən danışmaması mümkünsüz idi. Yeganə yol onun postdan uzaqlaşdırılması idi. Məhz buna görə də ona qarşı iqtisadi cinayətlə bağlı ittiham irəli sürüldü, postundan uzaqlaşdırıldı və ev dustaqlığı cəzası verildi. Beləliklə, yollar müəyyən qədər təmizlənmiş oldu. Dərbənd tarixinin təhrif olunması və bu prosesdə İmam Yarəliyevin iştirakçılar arasında yer alması fonunda bu gün onun Nizami Gəncəvinin heykəlinin yandırılmasında ittiham edilməsi diqqət çəkən məqamdır.


Lakin Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Dağıstan regional komitəsinin rəhbəri Seyran Rəhimov Publika.az-a açıqlamasında baş verənləri məişət hadisəsi adlandırıb: “Mən bu xəbər yayılandan sonra Dərbəndin hərbi komissarı ilə heykələ baş çəkdim. Bu prospektdə Azərbaycan tərəfi böyük təmir işləri aparır. Heykələ zərər dəyməməsi üçün üzərinə ağ örtük çəkilib və kimsə gecə saatlarında həmin ağ örtüyə od vurub. Lakin heykəl heç bir zərər görməyib. Güman ki, bu xuliqanlıq hərəkətidir, burda hər hansı siyasi motiv axtarmağa dəyməz”.


S. Rəhimov Nizami Gəncəvinin heykəlinin həmin ərazidə qurulması işinin də Azərbaycan tərəfinin həyata keçirdiyini bildirib.


“Heykəli 1992-ci ildə Bakıda sifariş vermişik və şairin 850 illiyi münasibətilə Dərbənddə ucaltmışıq. İki il əvvəl mən özüm 200 min rubl verərək heykəlin üzərində təmizlik və təmir işləri aparmışam. Eləcə də ətrafında güllər əkmişik. Çalışmışıq ki, bu ərazini Nizami Gəncəviyə layiq şəkildə gözəlləşdirək. Heykəlin arxasında “Yeddi Gözəl” mənzərəsi yaradılıb. Arxa planda Azərbaycan-Dağıstan dostluq evinin tikilməsi nəzərdə tutulur. Mən məsələ ilə bağlı Dərbənd rəhbərliyi ilə danışmışam. Təklif etdim ki, heykəlin üzərinə yenidən ağ örtük çəkilsin. Rəhbərlik isə eyni hadisənin təkrarlanmaması üçün bununla razılaşmadı. Bir daha qeyd edim ki, heykəl yerindədir və heç bir zərər görməyib”.


Qeyd edək ki, bu, Dərbənddə birinci belə hadisə deyil. Bir müddət əvvəl Sovet İttifaqı Qəhrəmanı, azərbaycanlı Şəmsulla Əliyevin şəhərin “Boyevoy slavı” parkında qoyulan büstünün şəhər meriyası tərəfindən sökülərək zibilliyə atıldığı haqda məlumatlar yayılıb.

Həmin vaxt hadisə ilə bağlı Publikaş.az-a danışan S. Rəhimov büstün təmirdən sonra parka qaytarılacağını bildirmişdi.

Dərbəndin azərbaycanlı əhalisi o zaman da kütləvi şəkildə etiraz etmişdi.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm