YAP-çı deputat: “ABŞ-da keçiriləcək tədbir Azərbaycanı maraqlandırmır”
Bizi izləyin

Nida.az

YAP-çı deputat: “ABŞ-da keçiriləcək tədbir Azərbaycanı maraqlandırmır”

Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Aydın Mirzəzadə bu gün Vaşinqtonda Azərbaycanla bağlı dinləmələrin keçiriləcəyi və həmin tədbirdə ABŞ dövlət katibinin köməkçisinin müavini Tomas Melianın da iştirak edəcəyi barədə yayılan məlumatlara münasibət bildirib.

YAP-çı deputat A.Mirzəzadə Publika.az-a açıqlamasında deyib ki, Azərbaycandan kənarda ölkəmizlə bağlı hər hansı tədbirin keçirilməsi dövlətimizi maraqlandırmır. Onun sözlərinə görə, Azərbaycanın taleyi ölkə daxilində Azərbaycan xalqı tərəfindən həll edilir: “Aparılan müstəqil və uğurlu siyasətin nəticəsidir ki, 25 il ərzində Azərbaycan ən geridə qalan ölkədən bu gün iqtisadi inkişafına görə dünyada 38-ci yerdə dayanan nüfuzlu dövlətə çevrilib. Hesab edirəm ki, ara-sıra Azərbaycandan kənarda ölkəmizlə bağlı bu cür neqativ düşüncəli tədbirlərin keçirilməsi ya xaricdəki müəyyən dairələrin xüsusi olaraq təşkil etdiyi eksperimentdir, yaxud da qısqanclıqdan irəli gələn erməni diasporu təşkilatlarının xüsusi fəallıq göstərdiyi tədbirlərdir. Bu cür ssenarilər bizə əvvəlcədən də məlumdur. Azərbaycana qarşı hər zaman mənfi fikirləri və daima anti-milli mövqeyi ilə tanınan bir qrup adamları seçərək, bu cür tədbirlərə “mötəbər” görüntü verməyə çalışırlar. Ancaq bu cür tədbirlər çox deyil, onların harada və necə keçiriləcəyi isə Azərbaycan cəmiyyətini qətiyyən maraqlandırmır. Demokratiya, insan hüquqları və müasirliyə bağlı olan Azərbaycan həmin dairələrin şübhəli və iddialı məsləhətləri olmadan da keçinə biləcək. Şübhəsiz ki, bu cür tədbirlərdə ABŞ-ın rəsmi dairələrinin müxtəlif nümayəndələrinin iştirakı şübhə doğurur. Azərbaycanla münasibətlərində daxili işlərə qarışmamaq, bir-birinin mövqeyinə hörmətlə yanaşmaq kimi bəyanatlar verən həmin hökumət strukturlarının nümayəndələri əvvəldən Azərbaycana qarşı yönəlmiş bu cür tədbirlərdə fəal iştirakının səbəbi nədir? Bəs həmin tədbirlərdə onların Azərbaycana qarşı təzyiqlərinin məqsədi nədən ibarətdir? Məgər həmin fikirlər ikitərəfli münasibətlərdə diplomatik yollarla deyilə bilməzmi? Bundan əlavə, bəzən bu cür bəyanatlar Azərbaycanın daxili işlərinə qarışmaq məzmunu daşıyır. Hesab edirəm ki, bütün bu cür sualların səmimi cavabları təkcə Azərbaycanda deyil, həmçinin ABŞ-da da ölkəmizə qarşı sağlam düşüncə ilə yanaşan dairələrdə maraqla gözlənilir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm