Müsavat qarışdı: “Wikileaks” qurucusu və keçmiş CİA agenti - FOTO
Bizi izləyin

Nida.az

Müsavat qarışdı: “Wikileaks” qurucusu və keçmiş CİA agenti - FOTO

Müsavat Partiyasının rəhbərliyi ilə partiya sıralarını tərk edən Hikmət Hacızadə arasında sosial şəbəkədə qarşıdurma davam edir.

Publika.az xəbər verir ki, H. Hacızadənin tənqidi statusları, xüsusilə də Müsavatdan çıxarılan Səxavət Əlisoyu Culian Asanc, Edvard Snoudenlə müqayisə etməsi və Arif Hacılı komandasının söz azadlığını pozması haqda yazdıqları yeni başqanın tərəfdarlarını qəzəbləndirib.


“XXI əsrin ifadə Azadlığı pələngləri” deyə yazan Hacızadə Culian Asanc və Edvard Snoudenlə birgə Səxavət Əlisoyun fotosunu da paylaşıb.


Məhz bundan sonra Arif Hacılı tərəfdarlarının açıq və gizli adlar altında hücumu başlayıb.


“Turan-Turan” adlı profil (saxta profil altında təhqir yazanların Arif Hacılı tərəfdarları olduğu iddia olunur, bundan əvvəl ortaya çıxan yazışmalar da bunu sübut etdi - red) H. Hacızadəni “bambılı” deyə təhqir etdikdən sonra onu dostluqdan çıxarıb. H. Hacızadə də həmçinin eyni səviyyədə cavab verib.


Arif Hacılının müşaviri Azər İsmayıl isə H. Hacızadəyə xəbərdarlıq edərək bildirib ki, əgər o, söyüş məsələsində S. Əlisoydan və özündən kənara çıxsa, Hacızadənin yeddi arxasını yad edəsi olacaq.


H. Hacızadə isə söyüşləri qətiyyətlə pislədiyini və tərbiyəsizlik saydığını deyib: “Amma əfsuslar olsun ki, söyüşsüz heç bir ictimai diskussiya ötüşmür. Söyüşə görə cəza olsa, müzakirələr sönər və demokratik idarə mexanizmi işləməz. Bunu başa düşmək çətindir? Bu qayda Avropa məhkəmələrinin qərarlarındandır və indi Azərbaycana da aiddir”.


Müsavatçı Eldəniz Yusibov isə partiya üzvlərini Hacızadəni başa düşməyə dəvət edib: “Dostlar, Hikmət Hacızadənin üzərinə çox getməyin. Belə hallara tibdə çox rast gəlinir. İnsan yaşlandıqca əqli problemləri çoxalır.

Hikmət bəyin 59 yaşına qədər və ondan sonrakı fəaliyyətinə nəzər salın, hər şey aydın olacaq”.


H. Hacızadə isə Eldəniz Yusibova xəbərdarlıq edib: “Eldəniz bəy, kobud olma. Mən də bunu bacararam və mən başlasam, peşman olacaqsan. Mən burada sənin də yaşadığın Avropanın qanunvericiliyindən danışıram. Anlamaq məgər belə çətindir?”


Qeyd edək ki, dünən də sosial şəbəkədə Hikmət Hacızadə ilə Müsavat başqanının müavini Səxavət Soltan arasında ciddi söz atışması olub. Buna səbəb Hacızadənin Müsavatdakı azad fikrə, ifadə azadlığına olan münasibətləri terrorçuların peyğəmbərin karikaturasına reaksiyası ilə eyniləşdirməsi, başqa sözlə, Müsavatda baş verənlərlə Paris terroru arasında müqayisə aparması olub.

Həmin müzakirələr zamanı da "Azad Türk" adlı profil istifadəçisi Hacızadəni tənqid edib, onu partiyaya qarşı qərəzli olmaqda ittiham edib. Hikmət Hacızadə isə bu profilin altında Müsavat başqanı Arif Hacılının qardaşı Mustafa Hacıbəylinin gizləndiyini yazıb. Həmin profil istifadəçisi isə Vaqif olduğunu (Vaqif Hacıbəyli - red) deyib.


Səxavət Soltanlının ona cavabına da H. Hacızadənin maraqlı reaksiyası olub.


“Səxavət bəy, deyəsən, səni mənə görə müavin təyin ediblər”, - deyə keçmiş müsavatçı bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm