• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Seçkidə birgə iştirak üçün bəyannamə hazırlanır: “Bu gün Müsavatla görüşəcəyik”

  • Nida.az
  • 13 Yanvar 2015 11:22
  • 252 Baxış
Seçkidə birgə iştirak üçün bəyannamə hazırlanır: “Bu gün Müsavatla görüşəcəyik”

“Demokratiya və İnsan haqları Mərkəzində birləşən 8 siyasi partiyanın parlament seçkilərində birgə iştirakı üçün xoş niyyət bəyannaməsi imzalaması ilə bağlı təkliflərimiz var. Belə bir təşəbbüslə danışıqlara başlamışıq”.


Bunu Publika.az-a açıqlamasında Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbər deyib.


“Seçkidə birgə iştirakın mümkünlüyünü araşdıracağıq”


Onun sözlərinə görə, hazırda digər partiyalarla danışıqların aparılmasına dair də fikirlər var: “Bu bəyannamənin məqsədi ölkədə demokratik seçki mühitinin yaradılması, seçki islahatlarının aparılması, seçki öncəsi vəziyyətin yaxşılaşmasına nail olmaqdır. Eyni zamanda, seçki öncəsi siyasi partiyaların əməkdaşlığı və koordinasiyalı əməkdaşlığıdır. Biz həmçinin seçkidə birgə iştirakın mümkünlüyünü də araşdırmaq niyyətindəyik. Bununla bağlı dünən toplantımız da keçirilib. İlkin müzakirələrdə bu bəyannamənin layihəsini təqdim etdik, partiyalarla fikir mübadiləsi apardıq”.


“Bu gün Müsavatla görüşəcəyik... ayın sonu bəyannamə imzalana bilər”


AzDP sədri bütün siyasi partiyalarla danışıqlar aparmaq niyyətində olduqlarını bildirib.


“Bu gün Müsavatla görüşəcəyik. Bu prosesi yanvar ayının sonuna başa çatdırmağı düşünürük. Uğurlu olsa, bu ayın sonu xoş niyyət bəyannaməsi imzalayacağıq. Bu bəyannaməni hansı partiyalar imzalasa, sonrakı mərhələdə seçkidə əməkdaşlığın formaları haqda geniş və dərin müzakirələr başlamaq niyyətindəyik. Təbii ki, bunun uğurlu olub-olmamasını zaman göstərəcək. Lakin alınarsa, parlament seçkilərində birgə iştirakla bağlı müqavilə də imzalana bilər”, - deyə o qeyd edib.


“Niyyətimiz özünü müxalifət hesab edən qüvvələrlə birgə əməkdaşlıqdır”


S. Əkbər AXCP-nin müxalifət partiyalarının seçkidə birgə iştirakına qarşı çıxmasına da münasibət bildirib: “Bizim niyyətimiz ölkədə özünü müxalifət hesab edən bütün qüvvələrlə birgə əməkdaşlıqdır. Bunun da müxtəlif formaları var. Vahid seçki blokunda bütün müxalifəti toplamaq mümkün olmaya da bilər. Lakin bəzi məsələlər bütün partiyaların marağına uyğundur və bu məqamlarda razılaşa bilərik. Misal üçün, siyasi islahatların aparılması, demokratik seçki mühitinin yaradılması, partiyaların koordinasiyalı fəaliyyəti və s. Yaxud seçkinin birgə monitorinqini apara bilərik. Ən azından maraq kəsb edən məsələlərdə əməkdaşlıq edə bilərik”.


“Fikir ayrılığından qorxmuruq”


S. Əkbər rəhbərlik etdiyi partiyanın durumuna da toxunub: “AzDP yeni yaranıb. Partiya hələlik inkişaf mərhələsindədir. Bu mərhələdə hansısa fikir ayrılığı üçün əsas görmürəm. Hazırda həmfikir insanlar burda toplaşıb. Partiyamız nə vaxt böyüyərək “doymuş” siyasi məhlul olsa, o zaman hansısa fikir ayrılığından danışmaq olar. Demokratiya olan yerdə fikir ayrılığının olmasını normal qarşılayırıq. Bizim partiyamız liberal-demokratik dəyərləri əsas götürür. Hər-hansı məsələdə fikir ayrılığı olacaqsa, bunu ilk növdə Azərbaycan cəmiyyəti biləcək. Çünki bizim üçün şəffaflıq da əsas amillərdəndir. Fikir ayrılığının nəinki qarşısını almarıq, əksinə fikir müxtəlifliyini dəstəkləyərik. Biz bundan qorxmuruq və fikir müxtəlifliyinin inkişafımıza səbəb olacağını düşünürük”.


Səxavət Əlisoy kimin adamıdır?


AzDP sədri Müsavatda Arif Hacılıya qarşı çıxdığı üçün partiyadan çıxarılan Səxavət Əlisoyun vaxtilə onun adamı olması haqda iddialara cavabdan yayınıb.

“Müsavat partiyasına qətiyyən müdaxilə etmək fikrim yoxdur. Müsavatçı dostlarıma uğurlar arzulayıram. Biz hazırda əməkdaşlıq edirik. Bundan sonra da bu niyyətimizi davam etdirəcəyik”, - deyə S. Əkbər vurğulayıb.


Asif Nərimanlı


Xəbər lenti

DAHA ÇOX XƏBƏR