• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Əli Kərimlinin “atdığı” iş adamından Cəmil Həsənliyə ittihamlar

  • Nida.az
  • 13 Yanvar 2015 12:10
  • 409 Baxış
Əli Kərimlinin “atdığı” iş adamından Cəmil Həsənliyə ittihamlar

AXCP-yə icarəyə verdiyi mülkü partlayış nəticəsində dağılan iş adamı Azər Əsgərovla Əli Kərimli arasındakı qalmaqala Milli Şura sədri Cəmil Həsənli də qoşulub.


Publika.az-a A.Əsgərov açıqlamasında C. Həsənlinin ünvanına sərt ittihamlar səsləndirib.

İş adamı Əli Kərimli kimi Cəmil Həsənlini də xarici qüvvələrə işləyən adlandırıb: “Cəmil Həsənlinin Əli Kərimlidən fərqi yoxdur. Mənə deyir ki, mülk məsələsini xarici təşkilatların qarşısında qaldırıb. Amma yalan danışırlar. Bu günlərdə Cəmil Həsənli “Freedom House” təşkilatının rəhbərliyi ilə görüş keçirib. Niyə o görüşdə mənim mülkümlə bağlı məsələni gündəmə gətirmədi? Çünki o, Əli Kərimli ilə əlbir olaraq mənə qarşı çıxır. Özləri müxalifətə qarşı terror adı altında külli miqdarda qrantlar alıb ciblərinə yığırlar. Ancaq öz ciblərini düşünürlər. Bu gün məhbusları müdafiə etmələrinə səbəb də onların üzərindən qazandıqları pullardır”.


A. Əsgərov Cəmil Həsənlidən bahalı həyat tərzini hansı pulla yaşadığını soruşub.


“Azərbaycanda sizin kimi minlərlə professor var. Onlar dövlətdən aldıqları maaşla ailələrini güclə dolandırırlar. Bəs siz dünya dövlətlərini nə ilə dolaşırsınız? Təyyarə, hotel, yemək pulunu haradan alırsınız? Ölkə prezidentindən hesab soruşursunuz. Biz sizdən soruşa bilmərikmi? Hava ilə yaşamaq mümkündürsə, bunu bizə professor kimi öyrədin. Qoyun Azərbaycan xalqı da hava ilə dolansın”, - deyə iş adamı sərt danışıb.


Milli Şura sədri Cəmil Həsənli iş adamına cavabını özünün “facebook” səhifəsində verib.

“Hörmətli Azər Əsgərov! Ötən ilin oktyabr-dekabr aylarında sosial şəbəkələrdə, bir sıra saytlarda yaydığınız yalanları dəfələrlə təkrarladığınız üçün onlara aydınlıq gətirməyi qərara aldım. Ötən ilin mart ayında sizin AXCP-yə kirayə verdiyiniz mülkün partlayışı və indiyə qədər sizə dəymiş ziyanın ödənilməməsi təəssüf doğurur. Hadisə baş verəndən bəri ittiham etdiyiniz Əli Kərimli və mən bunu hər yerdə demişik və bu gün də həmin fikirdə qalırıq. Əminliklə demək istəyirəm ki, bu məsələlərlə bağlı yazdıqlarınız və yaydıqlarınız həqiqətdən çox uzaqdır. Amma siz elə danışır və elə şeylər uydurursunuz ki, elə bil mənim sizin qarşınızda hansısa bir öhdəliyim və ya borcum var. Milli Şuranın seçki qərargahının sizin AXCP-yə verdiyiniz binada olduğunu deyirsiniz. Belə bir şey olmadığını nəzərinizə çatdırmaq istəyirəm. Milli Şuranın seçki qərargahı Müsavat Partiyasının ofisində olub və hətta Xalq Cəbhəsindən olan qərargah üzvləri də Müsavatın ofisində onlar üçün ayrılmış otaqda fəaliyyət göstəriblər. Əlbəttə, sizin partlayış nəticəsində dağıdılmış binanızda Milli Şuranın bir neçə toplantısı keçirilib. Lakin biz Milli Şura olaraq heç vaxt sizin binadan ofis, qərargah və s. məqsədlərlə istifadə etməmişik. Sizinlə bu barədə hər hansısa yazılı sözləşməmiz və ya şifahi söhbətimiz də olmayıb. Şəxsən sizi isə mən yalnız ötən ilin mart ayında tanımışam. Ona qədər heç bir tanışlığımız olmayıb”, - deyə o bildirib.


Milli Şura sədri xarici təşkilatlardan qrant alması ilə bağlı A. Əsgərovun səsləndirdiyi ittihamlara da münasibət bildirib: “Guya mənim xaricilərdən milyonlarla qrantlar aldığımı iddia edirsiniz. Nəzərinizə çatdırıram ki, məlumatınız səhvdir. Mən nə indi, nə də keçmişdə heç bir xarici dövlətdən və xarici təşkilatdan qrant almamışam və ümumiyyətlə bu işlə məşğul olmamışam. Nəinki qrant, hətta bir vaxtlar xalq arasında “Soros fondu” kimi tanınan Açıq Cəmiyyət İnstitutunun Bakı ofisində idarə heyətinin üzvü kimi mənə yazılan qanuni əmək haqqını belə almaqdan imtina etmişəm”.


Qeyd edək ki, A. Əsgərov AXCP sədri Əli Kərimlinin onu aldatdığını iddia edir. Onun sözlərinə görə, AXCP-yə icarə verdiyi mülkündə partlayış olandan sonra Əli Kərimli öz əşyalarını götürsə də, ona aid olan əşyalara toxunmayıb. Daha sonra onu müdafiə edəcəyini desə də, indiyə qədər heç nə etməyib.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR