• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

İŞİD Bakı neftini hədəf aldı: “Müxtəlif cəhdlər ola bilər” – ŞOK AÇIQLAMA

  • Nida.az
  • 13 Yanvar 2015 16:33
  • 2 087 Baxış
İŞİD Bakı neftini hədəf aldı: “Müxtəlif cəhdlər ola bilər” – ŞOK AÇIQLAMA

İŞİD-in Bakı neftini hədəf seçdiyinə dair xəbər yayılıb. “Another Western Dawn News” saytının məlumatına görə, “İslam dövləti”nin “daxili işlər naziri” Abdul Vahid Xudayar Əhməd qruplaşmanın azərbaycanlı üzvləri ilə görüşündə Azərbaycan hakimiyyətini Qərblə əməkdaşlıq etdiyi üçün tənqid edib. Onları rəsmi Bakıya qarşı silahlı mübarizəyə çağırıb.


Sayt qruplaşmanın neftlə zəngin olan Bakıya göz dikdiyini yazıb.


Abdul Vahid Xudayar Əhmədin özü də Bakının əfsanəvi neft yataqlarından danışaraq, bu şəhərin islamın ən qiymətli məkanlarından biri olduğunu deyib.


“Biz İslamın ən qiymətli şəhərlərindən biri olan Bakını xilas etməliyik. Allahın bu torpaqlara verdiyi təbii sərvətlər İslam dövlətinin sağlam olmasında mühüm rol oynayacaq”, - deyə İŞİD “naziri” bildirib.


Bu xəbəri Publika.az-a şərh edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədr müavini, dini məsələlər üzrə ekspert Elçin Əsgərov burda üç yanaşmanın olduğunu bildirib: “İlk olaraq, bunun fiksiya olduğunu deyə bilərik. Əvvəla, İŞİD-in Suriya və İraqda olduğu kimi Azərbaycanda hərəkət etməsi mümkün deyil. Çünki ümumi sərhəd yoxdur, arada azı 2 ölkə var. Azərbaycana gəlmək üçün İŞİD əvvəlcə İraqın hamısını, sonra ya İranı, ya da Türkiyəni işğal etməlidir. Bu da mümkün deyil. İkincisi, Suriya və İraqda ciddi məğlubiyyətlə üzləşdiyi və geri çəkildiyi bir dövrdə İŞİD-in hər hansı bir ölkədə üçüncü cəbhə açması son dərəcə müşkül məsələdir. Üçüncüsü, Suriya və İraqda İŞİD-in qol-qanad açmasına imkan yaradan şərait Azərbaycanda yoxdur”.


Lakin ekspert İŞİD-in ən ağlasığmaz addımlara gedə biləcəyini istisna etməyib.


“İŞİD-in müəyyən qlobal beynəlxalq dairələrin təsiri altında olduğunu, əksər hallarda onların sifarişini yerinə yetirdiyini nəzərə alsaq, həmin dairələrə lazım olduğu təqdirdə onların sifarişi ilə bu qruplaşma ən ağlasığmaz və avantürist aksiyalara da gedə bilər. O cümlədən Qafqazı da hədəf ala bilər. Məncə, Azərbaycan hədəf seçilmiş olsa belə, burada əsasən Rusiyanın cənub sərhədlərində gərginlik yaratmaq məqsədilə ola bilər. Yəni əsas hədəf bütövlükdə Qafqaz regionu ola bilər.

Məqsəd də son nəticədə Rusiyadır. Lakin yuxarıda qeyd etdiklərimə əsasən, bu avantüra hərbi müdaxilədən ibarət ola bilməz. Sadəcə İŞİD Qafqazda hansısa terror aktları həyata keçirməyə cəhd edə bilər. Gizli şəbəkələr yaradaraq, silahlı aksiyalar keçirmək istəyər və s. Amma inanıram ki, bunu da bacarmaz. Çünki hazırki şəraitdə İŞİD-lə bağlı məsələdə regionun bütün dövlətlərinin mövqeyi eynidir və heç kim qonşusunda belə təhlükənin yaranmasına şərait yaratmaz. Bu təhlükəyə qarşı bir-birinə kömək edər. İkincisi, Azərbaycanın özünün təhlükəsizlik orqanları hazırda bu təhlükənin öhdəsindən gəlmək iqtidarındadır”, - deyə E. Əsgərov bildirib.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR