Eks-nazir: “Prezident benzinin qiymətilə bağlı ən doğru addımı atdı”
Bizi izləyin

Nida.az

Eks-nazir: “Prezident benzinin qiymətilə bağlı ən doğru addımı atdı”

Azərbaycanın sabiq maliyyə naziri Əvəz Ələkbərov Prezident İlham Əliyevin Tarif Şurasının benzinin bahalaşması ilə bağlı qərarını ləğv etməsinə münasibət bildirib.

Sabiq nazir Publika.az-a açıqlamasında ölkə başçısının qərarının doğru və vaxtında atılmış addım olduğunu bildirib. Onun sözlərinə görə, benzinin qiymətinin 2 qəpik bahalaşması gündəlik tələbat mallarının qiymətində süni qiymət artımına səbəb olub: “Prezident Tarif Şurasının qərarını ləğv etməklə çox doğru addım atıb. Artıq benzinin qiyməti əvvəlki vəziyyətə qaytarılıb. Tarif Şurası tərəfindən benzinin litrinin 2 qəpik qaldırılmasının mahiyyəti böyük olmasa da, bunun cəmiyyətə və bazara təsiri böyük idi. Bu təsir mexanizmini hökumət heç zaman ləğv edə bilməz. Ən yaxşı addım Tarif Şurasının məlum qərarını ləğv etmək idi. Dövlət başçısı da bunu etdi”.

Ə.Ələkbərov onu da deyib ki, artıq Türkiyədə ötən gündən etibarən benzinin qiyməti aşağı salınıb: “Dünyada neftin qiymətinin tənzimlənməsi çox mürəkkəb prosesdir. Neftin qiymətinin enib-qalxması nə qədər davam edəcək, bunu indidən bilmək olmur. Dünyada neftin real qiyməti 75-80 dollar təşkil edir. Neftin qiymətinin 100 dollardan çox olması və ya 40 dollardan aşağı düşməsi isə normal deyil. Ona görə də neftin qiyməti uzun müddət indiki kimi 48-50 dollar səviyyəsində qala bilməz. Yəqin ki, yaxın zamanlarda dünyada neftin qiyməti tənzimlənəcək”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm