Arif Hacılının qardaşı: “ADR-ə Müsavatın düşmənlərini yığırlar”
Bizi izləyin

Nida.az

Arif Hacılının qardaşı: “ADR-ə Müsavatın düşmənlərini yığırlar”

“Əvvəl fraksiya yaratmaq istəyirdilər, əksəriyyət bunu qəbul etmədiyi üçün hərəkat yolunu seçdilər. Hadisələrin xronologiyası məqsədin Müsavatı parçalamaq olduğunu göstərir”.


Bunu Publika.az-a açıqlamasında Müsavat Partiyasının Məclis üzvü, başqan Arif Hacılının qardaşı Mustafa Hacıbəyli deyib.


“ADR Müsavatın düşmənlərinin yığıldığı təşkilata çevrilir”


Onun sözlərinə görə, fraksiya təklifi qurultaydan sonra irəli sürülüb: “Müsavatçıların böyük əksəriyyəti bu ideyanı birmənalı qəbul etmədi. Fraksiya ideyasının qəbul olunmadığını görəndən sonra, başqa təşkilat yaradacaqlarını dedilər. Əgər təşkilatın yaradılmasına ehtiyac vardısa, niyə qurultaya qədər yaradılmırdı? Göründüyü kimi, bütün hədəf partiyanı parçalamaq olub. Özləri rəsmi açıqlamalarında yaratdıqları hərəkatın qeyri-siyasi təşkilat olduğunu və Müsavatın əleyhinə yönəlmədiyini deyirlər. Amma prosesin özünə gələndə görürük ki, məhz siyasilər, müsavatçılar cəlb olunur. Onlar da Müsavat əleyhinə danışan və partiya əleyhinə təbliğat apardıqları üçün partiyadan çıxarılanlar, yaxud özləri Müsavatı tərk edənlərdir. Bir sözlə ADR Müsavatın düşmənlərinin yığıldığı təşkilata çevrilir. Bunu danmaq mümkün deyil”.


M. Hacıbəyli ADR-in partiyaya çevriləcəyi təqdirdə, perspektivinin olmayacağını bildirib.


“Bundan əvvəlki dövrdə də partiya yaratmaq istəyən insanları görmüşük. Sülhəddin Əkbər Müsavatdan çıxıb başqa partiya yarada bilməyibsə, bunlar da yarada bilməyəcəklər. Şəxsən mən onların ideyasının iflasa uğrayacağına əminəm”, - deyə bildirib.


Məclis üzvü partiyada qaragüruh qrupun olduğunu deyib: “Təxminən 10-15 nəfər Məclis üzvü istənilən namizədin əleyhinə səs verirlər ki, təki heç kim heç bir yerə seçilməsin. İlk baxışdan kiməsə səs verib-verməmək insanın hüququdur. Amma məsələnin mahiyyətinə gələndə görürük ki, burada sabotaj meyli var. Sabotajla kimlərin məşğul olduqları bəllidir. Məsələn, Məclisin iclasına qəsdən gəlməyən, iclasa qatılıb bütün namizədlərin əleyhinə səs verən bir-iki nəfər var. Onların sayəsində Tural Abbaslı kimi dəyərli dostlar Məclisə seçilmir. Burada guya kiminsə qərəzli münasibətindən danışmaq yersizdir. Müsavatda demokratik prosedurlara həmişə əməl olunub. Müsavatçıların əksəriyyəti Müsavat yolundadır. Bir qrup adam var ki, onlar seçim etməlidir. Ya 3-4 nəfərin oyununda iştirak etməli, ya da Müsavatın yanında qalmalıdırlar”.


“Vurğun Əyyub kabinetini itirdiyi üçün Müsavatdan getdi”


M. Hacıbəyli Vurğun Əyyubun Məclisdən kənarlaşdırılması məsələsinə də aydınlıq gətirib:


“Müəyyən adamlar tənqid etmirlər, konkret olaraq Müsavat əleyhinə təbliğat aparırlar. Onların tənqidi Müsavatın güclənməsinə yox, onun gözdən salınmasına xidmət edir və belələri hakimiyyətin xoşuna gəlmək üçün çıxış edirlər. Bu da göz qabağındadır. Vurğun Əyyub 8 il bundan əvvəl Divan üzvü olub, amma iclaslara gəlmirdi. Dünya dağılmırdı ki? İndi də Məclis üzvüdür, iclaslara qatılmır, lap 8 il gəlməsə yenə dünya dağılmayacaq. Vurğun Əyyub iş adamıdır, kabinetdə tapşırıqlar verməyə, tabeçiliyində maaş alan işçilərə vərdiş edib. Əvvəl Müsavat ona o şəraiti yaratmışdı. Lakin istər-istəməz partiyada yenilənmələr gedir. Növbəti mərhələdə kabineti və səlahiyyətləri itirəndən sonra Vurğun Əyyub Müsavatdan uzaqlaşdı. İndi başqa bir kabinet tapıb, qoy işi ilə məşğul olsun, mübarizə onluq deyil. Mən kiminsə işləməsini qınamıram. Söhbət ondan gedir ki, bu adam dolanışıq, şəxsi problemlərini həll etmək xətrinə Müsavatdan kənarlaşaraq, başqa işlə məşğuldur. Bunu anlayışla qarşılaya bilərik. Ancaq Vurğun Əyyub kimi adamların özlərini guya İsa Qəmbərdən daha müsavatsevər göstərməsi səmimi görünmür”, - deyə o vurğulayıb.


“Vurğun Əyyub haqda dediyim sözlər Nəsib Nəsibliyə də aid ola bilər”


“Müsavatın keçmiş üzvü Nəsib Nəsibli də kafedra müdiri idi, eyni sözlər ona da aiddir” sualına cavabında M. Hacıbəyli belə cavab verib: “Nəsib Nəsiblinin Müsavatdan bu mərhələdə uzaqlaşması təəccüb doğurdu. Əslində o, çoxdan fəaliyyət göstərmirdi, bəs niyə indi partiyadan çıxdı? Görünür, Müsavatı zəiflətmək, oradan istefalar barədə statistika düzəltmək istəyənlər var. Bu istəyə uyğun olaraq da bu addımlar atıldı. Vurğun Əyyub haqda dediyim sözlər Nəsib Nəsibliyə də aid ola bilər. Əgər sən şəxsi işlərinlə məşğulsansa, Müsavata ildə bir dəfə, hansısa vəzifə bölüşdürüləndə gəlirsənsə, özünü İsa Qəmbərdən daha artıq müsavatsevər kimi göstərməyə haqqın yoxdur”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm