• USD 1,7012 0,00% EUR 1,9856 +0,37%
    • GBP 2,2145 +0,36% RUB 0,0286 -1,05%

Partiya sədri: “Bəzi QHT-lərə “agent” statusu verilməlidir”- YENİLƏNİR

  • Nida.az
  • 15 Yanvar 2015 13:15
  • 719 Baxış
Partiya sədri: “Bəzi QHT-lərə “agent” statusu verilməlidir”- YENİLƏNİR

“Beynəlxalq hüququ sayan yoxdur, son 25 ildə BMT-ni “cındır” kimi ayaq altına salıblar”.

Bunu dinləmələrdə çıxışı zamanı Azərbaycan Sosial Demokrat Partiyasının sədri, politoloq Araz Əlizadə bildirib. Onun sözlərinə görə, belə olmasaydı, o zaman BMT-nin Qarabağla bağlı qəbul etdiyi qətnamələr icra olunardı. A.Əlizadə ironiya ilə deyib ki, ABŞ-dan və digər xarici dövlətlərdən maliyyələşən QHT-lərə “agent” statusu verilməlidir.

***

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən “ABŞ-da insan hüquqlarının vəziyyəti. Ölkənin xarici siyasətinin paradoksları” mövzusunda dinləmələr keçirir.

Publika.az-ın məlumatına görə, “Cəmiyyət üzərində total nəzarət sistemi: şəxsi həyata müdaxilə, ifadə və mətbuat azadlığının məhdudlaşdırılması” mövzusunda CASCFEN sədri Azər Həsrət çıxış edib. Onun sözlərinə görə, ABŞ-la Azərbaycan strateji tərəfdaş olsa da, bir sıra təşkilatların Azərbaycana qarşı qərəzli yanaşmalarının şahidi oluruq: “Ruzvelt İkinci Dünya müharibəsində senzura tətbiq etdi. Bu senzuraya məktubların açılıb yoxlanılması da daxil idi. Göründüyü kimi, hələ o zaman insanların hüquqlarının qorunmasına məhəl qoyulmayıb. Bu da onu göstərir ki, ABŞ-da heç də hər zaman hər şey yaxşı olmayıb. Barak Obama administrasiyası bütün dövlət qurumlarına “WikiLeaks” saytından istifadəni yasaqladı. ABŞ-da olan jurnalistlərin problemləri ilə bağlı heç bir jurnalist təşkilatı bəyanat vermir. Dövlət Departamenti isə Azərbaycanda bir jurnalistin ifadəsi alınmaq üçün polisə çağırılanda bəyanat verir. Bu gün ABŞ-da jurnalistlərin telefonları, kompüterləri tam nəzarət altındadır. ABŞ-ı tənqid edən jurnalistlər rahat şəkildə işləyə bilmir. Ferqussonda əhali etirazlara başladı və keçirilən 8 günlük aksiya zamanı 52 dəfə jurnalistlərə təhdid olub”.

“Leqal korrupsiya və lobbiçilik: ABŞ siyasi sisteminin əsas elementlərindən biri kimi” mövzusunda çıxış edən Dövlət İdarəçilik Akademiyasının professoru Elman Nəsirov bildirib ki, ABŞ-dakı korrupsiya leqallaşdırılıb. Onun sözlərinə görə, ABŞ-dakı universitetlərdən birinin professoru jurnalistlər qarşısında çıxışında korrupsiyanın leqal olduğunu bəyan edib: “Mark Tven qeyd edirdi ki, Konqres sonuncu əclaf sinifdir. 1996-cı ilə qədər Azərbaycanı müdafiə edən konqresmen sonradan mövqeyini ermənilər xeyrinə dəyişir. Sonradan məlum olur ki, o, seçki kampaniyası zamanı ermənilərdən pul alıb. Hətta səfir getmək üçün yerlər pulla satılır. Ən bahalı səfir postu isə Fransa və Monakodur. Rəqəm 6 milyon dollardır”.

“ABŞ-ın müstəqil siyasəti yürüdən ölkələrə təzyiq vasitələri: İnsan hüquqları ilə manipulyasiya, rəngli inqilablar, hərbi müdaxilə və onların fəsadlar” mövzusunda çıxış Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov deyib ki, ABŞ-ın özündə belə Milli Demokratiya İnstitutuna birmənalı münasibət yoxdur. Onun sözlərinə görə, 2011-ci ildə qeydə alınan 10,5 milyonluq qaçqın ordusu ABŞ-ın hərbi müdaxiləsi nəticəsində yaranıb: “Dövlət başçısının 2003-cü ildə heç bir ölkənin Azərbaycana müdaxilə edə bilməyəcəyi ilə bağlı fikri bu gün də aktualdır”.

Professor Musa Qasımlı deyib ki, soyuq müharibədən sonra Amerikaya etibar yoxdur: “Bu da onunla bağlıdır ki, ABŞ dünyaya ikili standartlarla yanaşır. Bu, Azərbaycana qarşı Amerikanın mövqeyində də özünü göstərir. Bu, özünü Azərbaycan torpaqlarının işğalı zamanı da göstərdi”.

Millət vəkili Qüdrət Həsənquliyev dinləmələr zamanı qeyd edib ki, vaxtilə təbliğatın təsiri altına düşərək “Azadlıq” radiosunun müstəqil media olduğuna inanıb. Onun sözlərinə görə, bu radio Azərbaycan əleyhinə sifarişləri yerinə yetirib: “ABŞ 907-ci düzəlişi tətbiq elədi. Düzəliş işğalçıya deyil, işğala məruz qalanlara tətbiq edildi. Vaşinqton bu gün də Azərbaycan ordusunun silahlanmasından əndişələnir və insan haqları adı altında təzyiqlər həyata keçirir. Hesab edirəm ki, Azərbaycan kiçik məsələlərə görə böyük güclərlə münasibətləri korlamamalıdır. Biz ölkəmizdəki əmin-amanlığı qoruyub saxlamalıyıq”.

Tədbirdə çıxış edən millət vəkilləri Xanhüseyn Kazımlı, Fəzail Ağamalı, Fərəc Quliyev, Rəfael Hüseynov, Məlahət İbrahimqızı bildiriblər ki, ABŞ-ın Azərbaycanın strateji müttəfiqi olmasına şübhələr artır.

Asim Mollazadə dünyada ədalətin olmadığını bildirib. Onun sözlərinə görə, Fransa senatında, döyülən azərbaycanlı xanımın müdafiəsi təşkil edilməlidir: “Qondarma “soyqırımın” qeyd edilməsi üçün milyardlarla dollar pul qoyulub. Biz də bunu etməliyik. Bu gün çalışılır ki, Qarabağ münaqişəsində ermənilərin diktəsi qəbul edilsin. Bu siyasət təkcə ABŞ-da deyil, bütün Avropada aparılır. Azərbaycan da özünü müdafiə üçün lazımi addımlar atmalıdır”.

***

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən “ABŞ-da insan hüquqlarının vəziyyəti. Ölkənin xarici siyasətinin paradoksları” mövzusunda dinləmələr keçirilir.

Publika.az-ın məlumatına görə, tədbirdə çıxış edən QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev bildirib ki, ABŞ-dakı qurumlar Azərbaycana qarşı bir sıra addımlar atır. Onun sözlərinə görə, bu, Azərbaycanda narahatlıq yaradır: “QHT-lərin müraciətləri əsasında belə bir dinləmələr keçirməyə qərar verdik. Öz ölkəsində insan haqlarını pozan, Quantanamo kimi həbsxanalar saxlayan ABŞ nə üçün Azərbaycanı hədəf seçib? Azərbaycan starteji müttəfiq kimi bütün öhdəlikləri yerinə yetirib. Belə olan halda geosiyasi tənqidlərin olmasını qəbul edə bilmərik. Ermənistan Avrasiya İttifaqına qəbulla bağlı geosiyasi qərar verdi. Amma Qərbdə bununla bağlı heç bir reaksiya olmadı”.

A.Quliyev deyib ki, keçmiş ABŞ diplomatları Azərbaycana qarşı çağırışlar edirlər: “Halbuki onların arxasında hansı gücün dayandığı hər kəsə bəllidir. Azərbaycan bu gün bütün hallarda müstəqil siyasət yürütmək yolunu tutub və bu da davam edir”.

“ABŞ-da etnik, irqi və dini zəmində ayrıseçkilik: ksenofobiya və islamofobiya təzahürlərinin güclənməsi” mövzusunda çıxış edən millət vəkili Zahid Oruc deyib ki, Amerikadan maaş alanlardan fərqli olaraq, bu tədbirdə ictimaiyyət nümayəndələri içtirak edir: “Amerika-Azərbaycan münasibətləri bir çox məsələlərdə xəyal qırıqlığına uğradı. Ceferson konstitusiyanı yazarkən orada hər kəs bu qanun qarşısında bərabər tutulurdu. Lakin həmin vaxt onun 200 qulu var idi. Hazırkı dövrdə isə Martin Lüter Kinqin ölümündən sonra bir çox qanunlar qəbul edildi, ancaq dini, irqi problemlər qaldı. Eləcə də qaradərili ailələrin uşaq götürməsi ilə bağlı icazə 1996-cı ildə baş tutdu. Dərsliklərin böyük hissəsində qaradərililəri aşağılayan fikirlər qalmaqdadır. Bu seçim öz-özlüyündə onların ümumi durumuna təsir edir. Təəssüflər olsun ki, belə problemlər qalmaqdadır. Daxildə silah alışı davam etməkdədir”.

Z.Oruc deyib ki, ABŞ-da 7 milyon müsəlman var: “11 sentyabr hadisələrindən sonra onlar qorxu içindədir. Qorxu bu gün hələ də davam edir”.

Vasif Həsənli

FOTO Elçin Murad

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR