Bakı və Ankara Qarabağda status-kvonu dəyişdirir – Ankara səfərinin əsas xətti
Bizi izləyin

Nida.az

Bakı və Ankara Qarabağda status-kvonu dəyişdirir – Ankara səfərinin əsas xətti

Azərbaycan Prezidenti İlham Əliyev 2015-ci ildə də ənənəni pozmadan ilk səfərini Türkiyəyə etdi. “Niyə Türkiyə” sualına Bakı və Ankara arasındakı xüsusi münasibətlər baxımından artıq çoxdan cavab tapılıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İlham Əliyevi Ankarada xüsusi törənlə qarşılaması, iki türk liderinin 2015-ci ildəki siyasəti ilk olaraq bir-biri ilə müzakirə etməsi təbiidir.


Səfər çərçivəsində Türkiyə ilə Azərbaycan arasında bir sıra ikitərəfli sənədlər imzalandı, qarşıdakı dönəmdə müəyyən addımların birgə atılmasına qərarı verildi, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclası baş tutdu.


Lakin Azərbaycan liderinin Ankaraya səfəri tarixi ənənəni daşımaqla yanaşı, son geosiyasi proseslər fonunda da bir sıra amillərə bağlı ola bilər.


İlk diqqətçəkən məqam Rusiyanın “Cənub axını”ndan imtina etməsi və “Türk axını” layihəsinin ortaya çıxmasıdır. Ehtimallara görə, bu birbaşa Bakının əsas müəllifi olduğu TANAP və TAP layihələrinə qarşıdır. Moskvanın “Türk axını” layihəsini “Cənub qaz dəhlizi”ndən tez reallaşdırmaq niyyəti də bu təhlükəni artırır. (http://publika.az/p/60862 - red).


Avropa Komissiyasının sədr müavini Maroş Şefçoviçin İlham Əliyevin Ankara səfəri ərəfəsində Moskvaya uçması da təsadüfi olmaya bilər. Bu baxımdan, İlham Əliyevin Ərdoğanla qapalı qapılar arxasında bu məsələni müzakirə etməsi də təbiidir.


Hər iki liderin mətbuat konfransında bu məsələyə toxunması isə Ankaranın Bakını təhlükə olmadığına inandırmasına çalışdığını göstərir.


Mətbuat konfransında Ərdoğanın Azərbaycan Prezidentini aprelin 24-də Çanaqqalaya bayram tədbirinə dəvəti də diqqətçəkən əsas məqam idi. Məhz həmin gün ermənilər qondarma “soyqırımın” 100 illiyini qeyd etməyə hazırlaşırlar. Eyni təqvimdə Türkiyənin cümhuriyyət tarixində önəmli yeri tutan Çanaqqalada İlham Əliyevlə Ərdoğanın bir araya gəlməsi Ermənistana və dünyada erməni lobbisinə mesaj olacaq. Bu mesajın ilkin elementləri səfər zamanı verildi: “Bütün iddialara qarşı iki qardaş birlikdə mübarizə aparacaq”.
Səfər sonrası Ərdoğanın Ermənistan prezidenti Serj Sərkisyana məktub ünvanlayaraq onu da Çanaqqalaya bayram tədbirinə dəvət etməsi də ilginc idi. Ötən il Sərkisyan eyni dəvəti Türkiyə Prezidentinə göndərmişdi. Ərdoğanın eyni dəvətlə Sərkisyanı Çanaqqalaya çağırması rəsmi Ankaranın bu məsələdə geri çəkilmədiyini göstərir.


Prezidentlərin mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinə toxunması və hər iki liderin Minsk qrupunun fəaliyyətini tənqid etməsi, bəlkə də, səfərin əsas ana xətti idi.


“Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlər müzakirə edildi. Bir daha cənab Prezidentə minnətdarlığımı bildirdim ki, Türkiyənin mövqeyi dəyişməz olaraq qalır. Türkiyə bu məsələdə ədaləti, haqqı, beynəlxalq hüququ, öz qardaşlarını dəstəkləyir. ATƏT-in Minsk qrupu bu işlərdə heç bir nəticə hasil edə bilmir. Fəaliyyət var, ancaq əfsuslar olsun ki, nəticə yoxdur”, - deyə Prezident İlham Əliyev bildirdi.


Rəcəb Tayyib Ərdoğan isə öz nöbvəsində Minsk qrupunu sərt tənqid etdi: “Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinə dair aparılan danışıqlardakı son vəziyyəti Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə etdik. Görünən odur ki, ATƏT-in Minsk qrupu “üçlüyü” təəssüf ki, hələ də qərarlı addım atmayıb və problem “yolavermə taktikası” ilə uzadılır. Bununla bağlı beynəlxalq qərarların verilməsinə baxmayaraq, münaqişənin həllinin hələ də “yolavermə taktikası” ilə uzadılması üzücüdür. Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll edilməsi məsələsində Azərbaycana dəstəyimiz bundan sonra da davam edəcək. Son dərəcə həssas olduğumuz, hər fürsətdə də dilə gətirdiyimiz bu mövzu ilə bağlı Türkiyə olaraq mövqeyimiz qətidir. Görüşümüzdə bunları da müzakirə etdik. Geriyə addım atmağımız da əsla mümkün deyil!”


Hər iki liderin qəti mövqeyi 2015-ci ildə Dağlıq Qarabağ münaqişəsi ətrafında yeni situasiyaların ola biləcəyi ehtimalını yaradır. İlkin versiyaya görə, Bakı və Ankara münaqişənin həlli istiqamətində səylərini birləşdirə və beynəlxalq vasitəçilərin “yolavermə taktikası”ndan imtina edilə bilər. Bu, xüsusilə Ankaranın Moskva ilə yaxınlaşması kontekstində inandırıcı görünür. Türkiyə Rusiyanın neytrallığını təmin edir, Azərbaycan isə öz torpaqlarını azad edir.


Bu versiya ABŞ-ın məşhur beyin mərkəzi “Stratfor”un şərhində də təsdiqini tapır.


“Azərbaycan 2015-ci ildə Qarabağda status-kvoya etiraz etməyə çalışacaq. Əsas diqqətini daxili və iqtisadi məsələlərə yönəldəcək Rusiya çətin ki Qarabağ ətrafındakı toqquşmaları qarışacaq. Sərhəddə daha çox gərginlik gözlənilir, amma qonşuların cəlb edilməsi ilə irimiqyaslı hərbi əməliyyatlar ağlasığmazdır”, - deyə Corc Fridmanın mərkəzi bildirir.


Azərbaycan Prezidenti İlham Əliyevin Ankaraya səfərindən öncə Nazirlər Kabinetinin iclasında Dağlıq Qarabağla bağlı sərt açıqlaması da bu fonda diqqət çəkir.


Görünür, Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla bağlı qapılar arxasında bu məsələni müzakirə edib. Azərbaycan lideri öz torpaqlarını qaytarmaq işində Türkiyənin mövqeyini bir daha dəqiqləşdirib. Ehtimal etmək olar ki, Türkiyə bu məsələdə Bakıya hərbi yardımını da əsirgəməyəcək.
Azərbaycan prezidentinin “Azərbaycan və Türkiyənin müdafiə sahəsində böyük planları var” sözləri bu baxımdan təsadüfi deyil. Digər tərəfdən, Ərdoğanın çıxışında hərbi əməkdaşlıqla Dağlıq Qarabağ münaqişəsi haqda sözlərini ardıcıllıqla səsləndirməsi də müəyyən ehtimallara yol açır.
2015-ci ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni situasiyaların ola biləcəyini, status-kvonun dəyişməsinin gündəmə gələcəyini ehtimal etmək mümkündür.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm