Türkiyəli analitik: “24 apreldə ciddi həmlə ediləcək”
Bizi izləyin

Nida.az

Türkiyəli analitik: “24 apreldə ciddi həmlə ediləcək”

Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) rəhbəri, türkiyəli politoloq Hasan Oktay Publika.az-a müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyevin Ankara səfərini şərh edib.


- Azərbaycan lideri bu il ilk səfərini Türkiyəyə etdi. “Türk axını”nın gündəmə gəlməsindən sonra TANAP və TAP layihəsinin ikinci plana keçdiyinə dair fikirlər var. Bu səfər kontekstində bununla bağlı nə deyə bilərsiniz?


- 2015-ci ilin ilk günlərində gerçəkləşən bu ziyarət hər şeydən öncə türk dünyası baxımından son dərəcədə önəmlidir. Enerji məsələsinə gəlincə, bu, hazırda dünyada müzakirə olunan ciddi məsələdir. İlham Əliyevin Ərdoğanla görüşməsi də bu fonda diqqətlə izlənilir. Hazırki situasiyada, xüsusilə Ukrayna böhranının ardından başda enerji məsələsi olmaqla Rusiya Türkiyə ilə bir çox sahədə əməkdaşlığa önəm verdi. Bu atmosferdə iki türk liderin görüşməsi, enerji məsələlərini müzakirə etməsi və həyata keçirdikləri TANAP Rusiyanın enerji siyasətinə qarşı ola bilməz. Hətta TANAP Rusiya enerjisinə rəqib də deyil. İlham Əliyevin Rusiya ilə münasibətləri yaxşıdır, ikitərəfli əməkdaşlıq inkişaf edir. Bu baxımdan, TANAP Rusiya enerjisinə rəqib ola bilməz, həmçinin əksinə. Bu əməkdaşlıqlar daha çox bölgədəki sülhə xidmət edəcək. Digər tərəfdən, dünya “Türk axını” dediyimiz alternativ enerji boru kəmərinin reallaşmasına hazır olmalıdır.


- Hər iki lider mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinə toxundu, Minsk qrupunun fəaliyyətini tənqid etdi. Ankaranın Moskva ilə yaxınlaşması fonunda bu il Qarabağla bağlı mövcud status-kvonun dəyişməsi gözləntiləri var.


- Qarabağ münaqişəsi çar Rusiyasının, SSRİ Rusiyasının, bu gün də Federasiya Rusiyasının Qafqaz siyasətinin mənfi nəticəsidir. Moskva çarlıq Rusiyası dövründən qalan bu siyasətin mənasız olduğunu və Rusiyaya çox baha başa gəldiyini artıq görməlidir. Xüsusilə, Ukrayna böhranından sonra Qazaxıstan başda olmaqla türk dünyasının Rusiyaya verdiyi dəstəyi nəzərə alaraq, addımlarının müəyyənləşdirməlidir. Təbii ki, Qarabağ problemi və erməni məsələsi yenidən nəzərdən keçirməlidir. Rusiya bəlkə də, keçmişi ilə razılaşmağı özünə sığışdırmaq istəmir. Lakin çarlıq dövründən qalan bu siyasətə yenidən baxmalıdır.
Qarabağ təkcə Ermənistan və Azərbaycanın problemi deyil. Çarlıq dövründən başlayaraq Rusiya bölgədə öz varlığını qorumaq üçün bir xəstəlik kimi Qarabağdan istifadə edir. Rusiya Ukraynadan sonra türkləri və türk dünyasını özünə qarşı təhdid olaraq görməkdən vaz keçməlidir.
2015-ci ildə Rusiya həm Qarabağ, həm də erməni məsələsi ilə bağlı yanaşmalarını gözdən keçirərək yeni siyasət yürütsə, Minsk qrupu da bu istiqamətdə hərəkət edər və Qarabağda sülh əldə olunar. Son günlər Ermənistanda Rusiya əleyhinə etirazları nəzərə alsa, Moskva Qarabağ məsələsində indiyə qədər yürütdüyü siyasəti dəyişməyin vacibliyini daha yaxşı anlaya bilər.


- Səfər zamanı Ərdoğanın İlham Əliyevi aprelin 24-də Çanaqqalaya dəvət etməsi xüsusi diqqət çəkdi. Həmin gün Ermənistan qondarma “erməni soyqırımı”nın 100 illiyini qeyd etməyə hazırlaşır. Sizcə, bu, nəyə mesaj idi?


- Erməni məsələsi və buna bağlı olan Ermənistan-Azərbaycan münasibətlərini bütöv bir məsələ olaraq dəyərləndirib, bu istiqamətdə vahid strateji plan hazırlamaq lazımdır. Ərdoğanın 24 apreldə Çanaqqalada türk dünyası liderlərini bir araya toplaması ciddi bir həmlə olaraq dəyərləndiriləcək. Rusiyanın Ukrayna böhranından sonra türklər və türk dünyasına müsbət yöndə dəyişən münasibəti diqqətlə izlənilməli və buna görə həmlə edilməlidir. Moskva üzərindəki həssas məsələ dövriyyəyə buraxılmalı, 24 apreldə türk dünyasının yekun həmləsi formalaşdırılmalıdır. Bunun üçün Azərbaycanda Türkiyəyə qarşı olan şübhələr bir kənara qoyulmalıdır. 24 aprel həmləsi öncə erməni məsələsinin, sonra da Qarabağ münaqişəsinin həll edilməsi istiqamətində önəmli bir addım ola bilər. Qarşıdakı 5 ay türk dünyası üçün çox vacibdir. Bir-birinə güvənən türk liderləri birlikdə bu problemi həll edəcəklər.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm