• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Mejev şəhərində Azərbaycan mədəniyyət günlərinin açılışı olub

  • Nida.az
  • 18 Yanvar 2015 14:35
  • 299 Baxış
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Mejev şəhərində Azərbaycan mədəniyyət günlərinin açılışı olub

Azərbaycanı Fransada daha yaxından tanıtmaq məqsədilə Heydər Əliyev Fondunun təşkilatçılığı və bu ölkədəki səfirliyimizin dəstəyi ilə həyata keçirilən “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyətləri” layihəsi çərçivəsində yanvarın 17-də Savua regionunun Mejev şəhərində Azərbaycan mədəniyyət günlərinin təntənəli açılışı olub.

AzərTAc xəbər verir ki, tədbiri açan şəhərin meri xanım Kristin Jülyən-Breş Xəzər dənizinin sahilində yerləşən Azərbaycanın qədim sivilizasiya məkanı kimi artıq dünyada tanındığını, yalnız mədəniyyəti ilə deyil, yeraltı sərvətləri ilə də zəngin olduğunu, Şərqi Avropanın, Asiyanın və Yaxın Şərqin qovşağında yerləşdiyini diqqətə çatdırıb.

Ölkəmizin 1991-ci ildə müstəqilliyini bərpa etdiyini xatırladan mer Azərbaycanın Fransa ilə müxtəlif sahələrdə əlaqələrini genişləndirdiyini xüsusi vurğulayıb.

Fransanın Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlət olmasını diqqətə çatdıran Kristin Jülyən-Breş ikitərəfli əməkdaşlığın inkişaf etdiyini, Prezident İlham Əliyevin bu ölkədə dəfələrlə səfərdə olduğunu, sabiq prezident Nikolya Sarkozinin və hazırkı dövlət başçısı Fransua Ollandın Azərbaycana səfər etdiklərini bildirib.

Hər iki ölkədə çoxlu sayda dostluq qruplarının təşkilinin fransız xalqı ilə Azərbaycan xalqının bir-birini tanımaqda müstəsna rol oynadığını qeyd edən mer Qusar rayonu ilə Mejev şəhəri arasında dostluq xartiyasının imzalanmasının bunun bariz nümunəsi olduğunu vurğulayıb. O, Mejevlə Qusarın dağlıq ərazidə yerləşməsinin dostluq əlaqələrinin yaranmasında başlıca amil kimi dəyərləndirib.

Azərbaycana səfəri çərçivəsində Qusar rayonu ilə yaxından tanış olduğunu diqqətə çatdıran Kristin Jülyən- Breş Şahdağın ətəyində müasir tələblərə cavab verən xizək meydançasının Avropadakılardan heç də geri qalmadığını vurğulayıb.

Mer Azərbaycanın mədəniyyət günlərinin təşkilnə görə Heydər Əliyev Fonduna və onun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təşəkkür edib.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov Azərbaycan mədəniyyəti günlərinin keçirilməsinin Mejev şəhəri üçün əlamətdar olduğunu, təbiətin öz gözəlliyini bu şəhərdən əsirgəmədiyini söyləyib. O, Azərbaycan ilə Fransa arasında dostluq əlaqələrinin tarixən mövcudluğunu diqqətə catdırıb və hər iki ölkə arasında həm iqtisadi, həm də mədəni sahələrdə əlaqələrin ildən-ilə inkişaf etdiyini, bu münasibətlərin yaranmasında Azərbaycanın və Fransanın dövlət başçılarının apardıqları siyasətin böyük rol oynadığını xüsusi vurğulayıb. Azərbaycan ilə Fransa arasında yaranan dostluq əlaqələrinin artıq əyalətlər səviyyəsində inkişaf etdirildiyini bildirən icra başçısı ötən ilin avqustunda Qusar ilə Mejev arasında dostluq xartiyasının imzalanmasını buna bariz misal kimi göstərib. Ş.Alxasov hər iki tərəfin müxtəlif sahələrdə əməkdaşlıqda maraqlı olduğunu bildirib, Mejev ilə Qusar arasında bünövrəsi qoyulan dostluğun dünyada əmin-amanlığa töhfə vermək məqsədi daşıdığını diqqətə çatdırıb.

Fransa Milli Assambleyasının deputatı, Azərbaycan Dostları Assosasiyasının sədri Jan-Fransua Mansel Azərbaycanın zəngin və son dərəcədə maraqlı ölkə olduğunu, iki ölkənin xalqları arasında əlaqələrin sürətlə inkişaf etdiyini, respublikamızın müstəqilliyini uğurla qoruyub saxladığını bilirib.

Azərbaycanın bütün dünyada, o cümlədən Fransada artıq kifayət qədər tanındığını vurğulayan deputat respublikamızın müsəlman ölkəsi olmasına baxmayaraq dünyəvi və tolerant dövlət olduğunu, müxtəlif millətlərinin nümayəndələrinin əsrlər boyu yerli xalqla mehribanlıq və dostluq şəraitində yaşadıqlarını, onların arasında heç bir problem olmadığını qeyd edib. O, Prezident İlham Əliyevin Fransa ilə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb. Azərbaycanı Fransada tanıtmaqda Heydər Əliyev Fondunun rəhbəri, birinci xanım Mehriban Əliyevanın təşəbbüsünü yüksək qiymətləndirən deputat məhz Fondun sayəsində Fransanın müxtəlif regionlarında və şəhərlərində təşkil olunan tədbirlərin ölkəmizin zəngin mədəni dəyərlərinin fransızlara təbliğində müstəsna əhəmiyyət daşıdığını bildirib.

Hər hansı ölkəni daha yaxından tanımaq, adət-ənənələri ilə tanışlıq üçün həmin ölkədə olmağın vacibliyini diqqətə çatdıran Jan-Fransua Mansel fransızları Azərbaycana səfər etməyə, bu ilin iyununda Bakıda keçiriləcək ilk Avropa Oyunlarında iştirak etməyə çağırıb.

Azərbaycanın Fransa ilə müxtəlif sahələrdə əməkdaşlığın inkişafına böyük maraq göstərdiyini diqqətə çatdıran səfir Elçin Əmirbəyov Prezident İlham Əliyevin 2012-ci ildə Fransaya səfərini, dövlət başçısı Fransua Olland ilə birlikdə Luvrda İslam İncəsənəti Muzeyi departamentinin təntənəli açılışında iştirak etdiklərini xatırlatdı. Diplomat, həmçinin Fransa Prezidentinin ötən ilin mayında Azərbaycanda səfərdə olduğunu, Parisdə vaxtaşırı Azərbaycan mədəniyyəyi günləri ilə bağlı tədbirlərin keçirildiyini, ötən ilin sentyabrında paytaxtın San-Sülpis meydanında təşkil olunan “Azərbaycan şəhərciy”nin buna əsl nümunə olduğunu bildirib.

Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycanın iqtisadi tərəqqisinə görə Cənubi Qafqazda lider dövlətə çevrildiyini diqqətə çatdıran diplomat regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının müvəfəqiyyətlə icra olunduğunu, bölgələrdə müasir infrastrukturun yaradıldığını söyləyib.

Ölkəmizi Fransada tanıtmaq istiqamətində mühüm işlər görən Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə bu ölkənin artıq 23 şəhərində “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində tədbirlərin keçirilməsindən bəhs edən E.Əmirbəyov bu səpgidə tədbirlərin gələcəkdə də davam etdiriləcəyini bildirib.

Azərbaycanın təbii sərvətlərlə yanaşı, zəngin tarixə və mədəniyyətə sahib olduğunu xüsusi vurğulayan səfir 1918-ci ildə müsəlman Şərqində ilk dəfə məhz ölkəmizdə parlamentli respublikanın yaranması, qadınlara səsvermə hüququnun verilməsi, 1991-ci ildə isə respublikamızın müstəqilliyini bərpa edərək sürətlə inkişaf etməsi və modernləşməsi barədə məlumat verib.

Çıxışlardan sonra Mejev meriyasının rəsmiləri, şəhərin qonaqları əvvəlcə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığını əks etdirən eksponatların nümayiş etdirildiyi, eləcə də Qusar rayonunun təbiəti, bu rayondan olan rəssam, Azərbaycan və SSRİ Rəssamlar İttifaqının üzvü, əsərləri müxtəlif ölkələrin muzeylərində saxlanılan və sərgilərində nümayiş etdirilən Əliyar Əlimirzəyevin rəsm əsərlərindən ibarət və “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” sərgilərində təqdim edilən eksponatlarla yaxından tanış olublar.

Sərgi yanvarın sonunadək davam edəcək.

Tədbirdə Əməkdar Artist, virtuaz ifaçı İsfar Sarabskinin rəhbərlik etdiyi caz qrupu Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini səsləndirib.

Mejevdə mədəniyyəti günləri çərçivəsində Heydər Əliyev Fondu tərəfindən orta məktəb şagirdlərinə Azərbaycan həqiqətləri barədə ətraflı məlumat verilib və onlara ölkəmizin şirniyyatları təqdim edilib.

Sonda iştirakçılara Azərbaycanın zəngin mətbəxinin ləziz nümunələri təqdim olunub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR