• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Ayaz Mütəllibovdan “20 Yanvar” etirafı: “Günahım o idi ki...”

  • Nida.az
  • 19 Yanvar 2015 13:15
  • 2 145 Baxış
Ayaz Mütəllibovdan “20 Yanvar” etirafı: “Günahım o idi ki...”

1990-cı ilin 20 Yanvar faciəsindən 25 il ötür. SSRİ prezidenti Mixail Qorbaçovun tapşırığı ilə həm qurudan, həm də dənizdən ölkəmizin paytaxtına yeridilən işğalçı qoşunlar rəsmi Moskvanın imperializm əsarətinə, riyakar siyasətinə və Qarabağda baş verən hadisələrə dinc şəkildə etiraz edən insanlara qarşı qətliam həyata keçirdilər. Yaşından, cinsindən, hətta milliyyətindən asılı olmayaraq hər kəsi hədəf seçən rus və erməni hərbçiləri Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda ayağa qalxmış vətənpərvərlərə qarşı insanlığa yaraşmayan zorakılıqlar törətdilər və öz çirkin məqsədlərini reallaşdırmaq üçün müxtəlif qəddarlıq aktlarından istifadə etdilər.

Həmin dövrdə Azərbaycan SSR Nazirlər Sovetinin sədri postunu tutan və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi səlahiyyətlərini icra edən Ayaz Mütəllibov Publika.az-a müsahibəsində qanlı yanvar hadisələri, habelə faciənin səbəbləri ilə bağlı xatirələrini bölüşüb.

”Heyifsilənirəm ki, xilas tədbiri də görə bilmədik”

- Ayaz müəllim, həmin dövrdəki hadisələri necə xatırlayırsınız? Göz qarşısında baş verən proseslər aydın idi, bəs hadisələrin görünməyən tərəfləri hansılar idi?

- Həmin təlatümlü dövrü, ağır hadisələri bir azərbaycanlı olaraq böyük ürək ağrısı ilə xatırlayıram. Heyifsilənirəm ki, insanlarımızı toqquşmalardan, belə ağır faciələrdən qorumaq üçün bir xilas tədbiri də görə bilmədik... Gərgin, qalmaqallı illər idi. Bu hadisələrdə SSRİ rəhbərliyinin çox böyük günahı var. İndi hərdən eşidirəm ki, bəziləri o dövrdəki prosesləri hələ də öz subyektiv fikirləri ilə izah etməyə çalışırlar. Belə sözləri Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu baş katibi, SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovdan da eşidirəm. Biz indi həmin illərin təsiri altında qalmışıq və hər il şəhidlərimizi yad edirik. Əgər bu ayıq-sayıqlıq ötən əsrin 90-cı illərinin əvvəllərində də olsaydı, onda bir çox faciələrdən uzaq ola bilərdik. Bəzi faciələrdən yaxamızı qurtarardıq. Təəssüf ki, belə olmadı. Bir-birimizə qarşı ədavətə son qoymamağımız çox böyük fəsadlara səbəb oldu. Ona görə də yaxın tariximizdən ibrət dərsi götürməli, ayıq-sayıqlığımızı əldən verməməliyik.

“Moskvadan gələnlər də deyirdilər ki, əmr var”

- 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda dinc insanlara atəş açılması, qan tökülməsi xəbərini nə vaxt, necə qarşıladınız və Nazirlər Sovetinin sədri kimi baş verənlərə ilk reaksiyanız nədən ibarət oldu?

- Mən yanvar ayının 16-dan başlayan mitinqləri kabinetimdə izləyirdim. İnsanların tələblərini eşidirdim. Həmin mitinqlərdə rəhbərliyə qarşı istefa tələbləri səsləndirilirdi. Bəziləri tələb edirdilər ki, filankəslər vəzifədən getsin, onların əvəzinə başqaları gəlsin. Bütün bunlar ağlabatan söhbətlər deyildi. Hətta Moskva nümayəndələri bura gəlib mitinqdə çıxış edərək deyirdilər ki, siz təhlükəli addımlar atırsınız, sonu pis nəticələnə biləcək yolla gedirsiniz, belə olmaz. Ölkənin konstitusiyası var, onun tələblərini pozmayın. Təəssüf ki, onları eşidən olmadı. Bilirsiniz, bizim o zamankı bəzi gənc demokratlarımız yanlış olaraq deyirdilər ki, ruslar, daha doğrusu, sovet rəhbərliyi Tiflis hadisələrindən sonra Bakıya qoşun yeridə bilməz, qanlı qırğın törətməz. Ancaq Moskvadan gələnlər isə deyirdilər ki, bu heç də belə deyil. Kremldən əmr var və əgər qarşıdurmalara son qoymasanız, biz “ictimai asayişi pozanlara” qarşı tədbir görə bilərik. Qarşıdurmaya yol vermək olmaz, bunlar “qeyri-qanuni hərəkətlərdir”. Amma təəssüf ki, buna məhəl qoymadılar. Bizim əlimizdə isə elə bir imkanlar yox idi ki, həmin məsələləri özümüz həll edə bilək. Çünki cəmiyyət parçalanmışdı. Cüzi sayda insan o zamankı müvəqqəti rəhbərlikdə təmsil olunurdu. Hamımız bilirdik ki, fəaliyyətimizin gələcək taleyi naməlumdur. Mən, təbii ki, həmin dövrdə yaranmış vəziyyəti nəzərdə tuturam. O vaxt deyə bilməzdin ki, bu kürsüdə nə qədər otura, fəaliyyət göstərə biləcəksən. Bu mümkün deyildi.

“Bu nə bəladır gəldi başımıza?”

- Ayaz müəllim, yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş vermiş qırğınların qarşısını almaq, gündən-günə gərginləşən proseslərdən itkisiz çıxmaq mümkün idi?

- Həmin hadisələrlə bağlı o dövrdəki hakimiyyəti tənqid edirlər ki, 1990-cı ilin iqtidarı müəyyən tədbirləri həyata keçirə bilməyib, ona görə belə mənfi nəticələr ortaya çıxıb və hadisələr bu səviyyəyə çatıb. Burada həqiqət var. Amma siz yada salın - bizim Qarabağ dərdimiz xalqımızı elə həddə çatdırmışdı ki, insanların qəlbləri az qalırdı partlasın. Hamı düşünürdü ki, görəsən, gündən-günə gərginləşən hadisələrin sonu necə olacaq. Bu nə bəladır gəldi başımıza? Axı niyə belə olsun?

Biz həmin vaxtlar demokratiya uğrunda ilk addımlarımızı atırdıq. Amma “demokratiya, demokratiya” şüarı altında bəzi faciəli hadisələr baş verdi. Hərçənd ki, biz bunlara yol verməməli idik. Bütün tənqidlər ancaq rəhbərliyin ünvanına yönəldilmişdi. Halbuki o vaxtkı rəhbərlik rəsmi Moskvanın sərt mövqeyi səbəbindən heç nə edə bilmirdi. Nə səlahiyyətimiz var idi, nə də bir işi icra edə bilirdik. Demokratik qüvvələr həmin vaxt rayonları, şəhərləri, Bakının özünü nəzarət altında saxlayırdı. Onlar tədbir görə bilərdilər. Amma təəssüf ki, biz bu tədbirləri görə bilmədik və sonda çaşıb qaldıq.

“Onlar uşaq ağlında deyildilər ki...”

- Siz faciənin baş verməsində kimləri əsas günahkarlar, müqəssirlər hesab edirsiniz?

- Mən heç vaxt inanmaram ki, sovet dövründə millətlərarası münaqişələr yaratmaq, onu daha da alovlandırmaq, buna qarşı qəti tədbirlər görməmək başda Mixail Qorbaçov olmaqla, o zamankı Kreml rəhbərliyinin sadəlövhlüyünün nəticəsiydi. Yox, bunlar sadəlövhlük deyildi. Onlar uşaq ağlında deyildilər ki, baş verən proseslərin, millətlərarası münaqişənin alovlandırılmasının aqibətinin necə olacağını anlamasınlar. Mənim fikrim bundan ibarətdir. Əvvəllər “kompartiyanın” təbliğatı nədən ibarət idi? Yuxarılardan aşağılara deyirdilər ki, əgər Sovet Sosialist Respublikaları İttifaqında yaşayan millətlərin arasındakı münasibətlərin nizamını gözləyə bilməsək, yaxud qarşıdurmaya yol versək, onda ölkə dağılacaq. Bu, elementar, sadə bir siyasi anlayışdır. Məgər Mixail Qorbaçov bunu başa düşmür, anlamırdı? Əgər həmin dövrdə Azərbaycanın o zamankı rəhbərliyi iqtidarda təmsil olunmasaydı, hakimiyyəti başqa adamlar idarə etsəydi... Dağlıq Qarabağ münaqişəsinin həlli tapılmayacağı təqdirdə, respublikadakı heç bir hakimiyyət xalqın gözündə hörmətə layiq olmayacaqdı. Belə idi! Kimi dindirirdinsə, hamı soruşurdu ki, bəs Qarabağ probleminin həlli necə olacaq? Biz özümüz Moskvaya nələri demirdik?! Elə götürək mənim özümü. Elə bir söz qalmırdı ki, Mixail Qorbaçovun özünə deməyim.

“Allah bilir, siz hələ ermənilərə nə deyirsiniz?”

- Mixail Qorbaçova nələri deyirdiniz və o, iradlarınıza necə reaksiya verirdi?

- Mən iradlarımı bildirəndə gözləri qamaşırdı. Qorbaçov danışanda özünü itirirdi. Soruşurdum ki, Mixail Sergeyeviç, siz nə edirsiniz? Ölkəni dağıdırsınız. Bu nə deməkdir? Niyə baş verən riskli hadisələrə, bu cür təhlükəli məsələlərə, problemlərə belə laqeyd, biganə yanaşırsınız? Allah bilir, siz hələ ermənilərə nələri deyirsiniz?! Qorbaçov iradlarımı eşidəndə əsəbiləşirdi. Özünə də deyirdim ki, kresloya bağlı adam deyiləm. Nazirlər Sovetinin sədri – baş nazir kimi mənim əsas vəzifəm bu məsələləri həll etməkdir. Ancaq mən sizsiz həmin problemləri həll edə, aradan qaldıra bilmirəm. Yumruğunuzu çırpın masaya və tabeliyinizdəki insanlara qəti göstərişlərinizi verin. Onlara deyin ki, biz belə danışmamışıq. Yenidənqurmanın, onun nəticələrinin bu cür fəsadlara gətirib çıxaracağını təsəvvür belə etməzdik. Siz belə xoşagəlməz hallara son qoymursunuzsa, bəs onda biz nə edək? Yaratdığınız problemləri necə həll edək? Xalq da haqlı olaraq bizdən Qarabağ probleminin tezliklə həll olunmasını tələb edirdi. İndi də bəziləri Qarabağ probleminin açarının orda-burda olduğunu deyirlər. Çünki münaqişə hələ həll edilməyib. Onda da belə idi.

- Lakin o dövrdə hakimiyyət nümayəndələrinə daha kəskin iradlar bildirilirdi.

- Həmin vaxt bütün tənqidlər bizə ünvanlanırdı. Fikirləşirdik ki, neyləyək... Daxildə çaxnaşma, siyasi qarşıdurmalar, hakimiyyət uğrunda gizli-açıq mübarizələr. Bütün bunların hamısı sonda böyük siyasi partlayışa səbəb olan amillər kimi meydana çıxdı. Baş verənlər çox böyük faciələr üçün şərait yaradırdı. Bunu etiraf etmək lazımdır. Hərdənbir mənə elə suallar verirlər, elə bil, bu adamların 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində baş verən hadisələrdən xəbərləri olmayıb. Bilmirlər ki, Azərbaycanda hansı proseslər baş verirdi. Sanki həmin hadisələrin iştirakçıları deyillər.

“Biz siyasətlə məşğul deyildik”

- Bəziləri həmin dövrdə baş verən hadisələrin nəticələrini faciə, bəziləri isə fərqli izah edir. Proseslərə sizin yanaşmanız necədir?

- Bilirsiniz, Azərbaycan xalqı hər zaman siyasətdən uzaq olub. Sovet dövründə hər kəs özünün dolanışığı uğrunda çalışır, ailəsi üçün çörək pulu qazanır, rifahının yaxşılaşmasına səy göstərirdi. Biz siyasətlə məşğul deyildik. Ona görə də SSRİ-də birdən-birə yenidənqurma islahatlarına start veriləndə insanlar çətin durumla üzləşdilər. Bir tərəfdən də Qarabağ problemi. Mən də demokrat adamam. Özü də təbii demokrat. Bu, xarakterimdən irəli gəlir. Diktator deyildim, baş verənləri müsbət qarşılayır, alqışlayırdım. Bilirdim ki, millətlərarası münaqişələrə, ermənilərin fitnəkarlıqlarına son qoymamaq böyük cinayətdir. Baş verən bəzi proseslər sonda buna apara bilər. Və belə də oldu.

Bu proseslərdə faciəvi məqamlar da vardı. Həmin məqamlar bundan ibarət idi ki, biz hadisələrə nəzarəti, ayıq-sayıqlığımızı əldən verdik. Söylədiklərim həmin dövrdə meydana çıxan bəzi siyasətçilərə, ayrı-ayrı demokratik qüvvələrə, hakimiyyətin bəzi məmurlarına aiddir. Hamımız çaşıb qalmışdıq ki, nəticə niyə belə olur? Qarabağ münaqişəsi çox ağır durum yaratmışdı. Amma vallah, bizim sözümüz keçmirdi! Lakin sözü keçən adamların da sözləri o zamankı vəziyyətə uyğun deyildi. Əksinə, biz xalqa yekdilliklə başa salmalıydıq ki, baş verənlər geosiyasi hadisələr deyil, daxili siyasi proseslərdir. Bu məsələdə ehtiyatlı olmaq, təmkinlə davranmaq lazımdır. “Bizə silah paylayın, top verin, gedək erməniləri belə edək” deyənləri başa salmağa çalışırdım ki, hələlik burada top məsələsi, güc amili önəm daşımır. Biz ağılla, təmkinlə iş görməliyik. Elə etməliyik ki, sonu nöqsanlara gətirib çıxaran addımların atılmasına yol verməyək. Nəticəsi fəsadlarla sonuclanan amillərə şərait yaratmamalıyıq ki, kimlərsə bundan istifadə etsin. Deməli, bütün bunlar həm də faciə idi. Bilmədiyimiz, düzgün qiymət vermədiyimiz proseslər baş verirdi. Bu, bütün cəmiyyətə aid idi. Elə ziyalıların özlərinə də. Bir sözlə, hamıya. İndi sizin yadınıza salıram. Hay-harayla danışanlar, “ay gedək belə edək” deyənlər, “filankəs hara baxır” tənqidini səsləndirənlər vardı. Bu insanlardan da istifadə edirdilər. Belə bir klassik siyasi şüar var: “Parçala, hökm sür”. Bu, çarlar, xanlar dövrünə aid olsa da, həmin vaxtda belə siyasi texnologiyadan yararlanırdılar. İnsanlardan istifadə edirdilər.

Həmin meydanda şəhid olan insanlar vətənpərvər mübarizlərdir, qəhrəmanlardır. Onlar əliyalın, silahsız olsalar da, öz sinələrini tankların önündə, əsgərlərin silahlarının, topun, tüfəngin qarşısında sipər etdilər. Fəxr edirik ki, bizim belə vətənpərvər insanlarımız, fədakarlarımız olub. Belə insanlar sonrakı hadisələrdə də ortaya çıxdı. Qarabağ müharibəsində həlak olan qəhrəmanlarımız, əlillərimiz, müharibə veteranlarımız buna misal ola bilər. İndi də bu cür vətənpərvər insanlarımız kifayət qədərdir. Amma biri var rəqibinin zəif və güclü tərəflərini biləsən, əlinə silah alıb döyüşəsən, bir də var, arxada fitnəkarlıq fəaliyyəti göstərəsən. Kremldə bizə qarşı aparılan dırnaqarası siyasətin aradan qaldırılması həmin vaxt heç kimin iradəsindən asılı deyildi. Heç kim deyə bilməz ki, mən olsaydım, bu proseslərin qarşısını ala bilərdim.

Bəziləri indi həmin hadisələri müstəqillik uğrunda mübarizə kimi qələmə verirlər. Düzdür, o prosesləri belə qələmə vermək olar. Mən heç kimin xətrinə dəymək, qəlbini incitmək istəmirəm. Amma gərək məsələnin başqa tərəfini də götür-qoy edək, araşdıraq. Məsələn, elə respublikalar var ki, onlarda belə qan tökülmədi, ağır faciələr baş vermədi. Bu cür qanlı hadisələr nə Özbəkistanda, nə Türkmənistanda, nə də digər respublikalarda baş verdi. Niyə? Çünki onların ermənilər kimi məkrli qonşuları yoxdur, olmayıb. Onların Qarabağ dərdi mövcud deyil. Bu məsələlərə aydın şəkildə, obyektiv formada yanaşmaq lazımdır. Kimin xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq, hər şeyi açıq demək lazımdır - biz böyük fəlakətə sürükləndik. Bu, tarixi məsələydi. Özü də birinci dəfə deyildi. Çünki Qarabağ məsələsi ötən əsrin əvvəllərində də, 1918-ci ildə də, sonralar da ortaya çıxmışdı. Həmin vaxtlarda da günahsız insanların qanı töküldü.

“Dmitri Yazov dedi ki, siz idarəçiliyi itirmişiniz”

- Sizcə, biz 20 Yanvar faciəsinin əsl günahkarlarının cəzalandırılmasına, onların beynəlxalq məhkəməyə verilməsinə nail ola biləcəyik?

- Faciəyə siyasi qiymət verilib. Baş verənlər Azərbaycan xalqının faciəsi idi. Şəxsən mən özüm zəng edib, SSRİ-nin o zamankı baş naziri Nikolay Rıjkovla danışdım. Nikolay Rıjkov hətta bunu öz kitabında da qeyd edib ki, Ayaz Mütəllibov Azərbaycandan mənə zəng edərək Bakıya qoşun yeridilməsinin yolverilməz olduğunu bildirdi və bunu tələb etdi. Azərbaycanın Nazirlər Sovetinin rəhbəri dedi ki, Bakıya qoşun yeritmək qətiyyən olmaz. O, danışığımızın mətnini öz kitabında müfəssəl qeyd edib. Bununla bağlı digər şahidlər də var. Yerli vaxtla saat təxminən on iki radələrində Moskva ilə əlaqə saxladım. Rıjkova dedim ki, quru qoşunlarının şəhərə girməməsi barədə əmr verin. Həmin vaxt yanımda yoldaşlar da vardı. Ona hələ bir faktı da misal çəkdim. Bildirdim ki, azərbaycanlıların təsəvvürlərində sovet qoşunları ruslardan ibarətdir. Həmin vaxt isə bizim beş yüz mindən çox rus vətəndaşımız vardı. Nikolay Rıjkova dedim ki, niyə onları qırğına verirsiniz? Buna yol vermək olmaz! SSRİ-nin müdafiə naziri Dmitri Yazov da həmin vaxt Moskvada idi. Onunla da telefonla danışdım. Müdafiə nazirinə bildirdim ki, indicə Rıjkovla əlaqə saxladım. Sizə də deyirəm, nəbadə, qoşunları Bakıya yeridəsiniz! Dmitri Yazov buna cavab olaraq mənə dedi ki, siz idarəçiliyi itirmisiniz. Cavab verdim ki, idarəçiliyi biz yox, siz itirmisiniz. Məgər bilmirsiniz ki, bu hadisələrin konkret kökləri, başvermə səbəbləri var? Proseslərin kökü Qarabağ məsələsinə söykənir. Qarabağ problemini həll edin, görün biz vəziyyəti nizama salacağıq, yoxsa yox. Heyif, çox heyif ki, o cür qəhrəman övladlarımız şəhid oldular. Allah onlara qəni-qəni rəhmət eləsin. Mən onların ailələrinə, doğmalarına başsağlığı verir, dərdlərinə şərik oluram.

“...mən də Nazirlər Sovetinin sədri kimi göstəriş verirəm ki, camaatı döyüb meydanlardan, küçələrdən çıxarın”

- Ayaz müəllim, siz özünüzü 20 Yanvar faciəsinin günahkarlarından hesab edirsinizmi? Düşünürsünüzmü ki, əgər qırğının qarşısını vaxtında almaq üçün hər hansı addımı ata bilərdiniz, amma bu addımı atmamısınız?

- Yox, bu, addım atmaq məsələsi deyildi. Ümumiyyətlə, o zaman Bakıdakı prosesləri nəzərdə tutsaq, Qarabağdakı hadisələrin təsiri altına düşən xalqımız, paytaxt sakinləri, insanlarımız baş verənlərə kəskin etiraz edirdilər. Həmin vaxt “Azadlıq” meydanındakı mitinqlərə yüz minlərlə insan toplaşırdı. Camaat könüllü olaraq ora yığışırdı. Ürəkağrısı ilə mitinqlərə gəlirdilər ki, səslərini eşitdirə bilsinlər. Belə olan halda desəm ki, məndən nəsə asılı idi, bu, sadəlövhlük olardı. Axı bu belə deyildi. Baş verənlərə özümün də ürəyim ağrıyırdı. Bilirdim ki, bunun nəticələri çox pis ola bilər. Zavodlarla, fabriklərdə insanlarla görüşüb söhbət edəndə onlara deyirdim ki, mənim də sizin kimi ürəyim ağrıyır. Ancaq biz bu tələyə düşmüşük, proseslərə çox ehtiyatla yanaşmalı, ayıq-sayıq olmalıyıq. Təsəvvürünüzə gətirin ki, camaat Qarabağ haqqında tələblər irəli sürür, belə bir səlahiyyətimin olmamasına baxmayaraq, mən də Nazirlər Sovetinin sədri kimi göstəriş verirəm ki, gedin camaatı döyüb meydanlardan, küçələrdən çıxarın. Bu, mümkün olan şey deyildi.

Yəqin ki, mənim dediklərimə inanırsınız. Bütün söylədiklərim həqiqətdir. 20 Yanvar faciəsində mənim günahım o idi ki, həmin zamanlarda rəhbərliyə düşdüm. Sözün doğrusu, heç bunu istəmirdim də. Məni yaxından tanıyan insanlar, xarakterimə bələd olanlar, ətrafımdakılar xahiş etdilər ki, vəzifə təklifinə etiraz etməyin. Biz sizi tanıyırıq və kömək edəcəyik. Məgər mən buna can atırdım? Yox. Yeri gəlmişkən, bir məqamı da diqqətinizə çatdırım. Bir dəfə şəxsən mən özüm Mixail Qorbaçovun dilindən bu sözləri eşitdim. O dedi ki, mən çox şeyi həyata keçirə bilmədim. Ancaq bir məsələdə öz-özümə əhsən deyib tərifləyirəm ki, mən kommunist sistemini dağıtdım. Onun bu sözləri söyləməsinin şahidiyəm. Kommunist sistemini dağıtmağa müttəfiq respublikalardan başladılar. Çünki həmin vaxt Rusiyanın “kompartiyası” yox idi. Yerlərdə on dörd respublikanın “kompartiyaları” fəaliyyət göstərirdi. Bu adamlar səriştəli insanlar, bacarıqlı kadrlar idi. Onlar vəzifələrdə təmsil olunmuş şəxslərdi. Əgər hadisələr təkamül yolu ilə həyata keçirilsəydi, onda bu faciələrə yol verilməzdi. Ancaq öz məqsədlərini ekstremist, radikal formada həyata keçirməyə başlayanda biz istər-istəməz onlara – rəsmi Moskvanı nəzərdə tuturam - niyyətlərini reallaşdırmağa şərait yaratdıq. Kommunist sistemini dağıtmaq dövlətçiliyi dağıtmaq demək idi. Kommunist sistemi dağılandan sonra heç bir il ötmədi ki, SSRİ də dağıldı.

Allah 20 Yanvar faciəsində həlak olan bütün şəhidlərimizə rəhmət eləsin, millətimizi yeni təlatümlü dövrlərdən uzaq eləsin. İndi dünyada elə proseslər baş verir ki, onun nəticəsinin necə olacağını proqnozlaşdırmaq çox çətin olur. Bu məsələlərdə xalqın həmrəyliyi, birliyi mühüm önəm daşıyır. Azərbaycan xalqı yekdil, həmrəy olmalıdır. Səmimi deyirəm - hakimiyyətin, ölkə başçısının ətrafında birləşməliyik. Çünki bizim paxıllığımızı çəkən, ölkəmizə düşmən olan qüvvələr az deyil. Azərbaycanın sərhədlərindən kənarda da onlara qarşı yekdil olmaq lazımdır. Biz daim ayıq-sayıq olmalı, yenə də ehtiyatımızı əldən verməməliyik.

Anar Tağıyev

Xəbər lenti

DAHA ÇOX XƏBƏR