Əli Kərimlinin müavinindən iddia: “Milli Şura müxalifətin sonuncu şansıdır”
Bizi izləyin

Nida.az

Əli Kərimlinin müavinindən iddia: “Milli Şura müxalifətin sonuncu şansıdır”

“Müxalifətdə yeni blokların, birliklərin yaranması mümkündür. Lakin AXCP üçün Milli Şura sonuncu əməkdaşlıq bloku olmalıdır”.


Publika.az xəbər verir ki, bu barədə AXCP sədrinin müavini Razi Nurullayev bildirib.


Onun sözlərinə görə, AXCP Milli Şurada fəaliyyət göstərir və bura birliyə canını və qanını qoyub: “Azərbaycanın ən dəyərli ziyalılarının, siyasi partiyalarının, müstəqil hüquqşünas və QHT təmsilçilərinin kifayət qədər hissəsi siyasətini və gələcəyini Milli Şuraya bağlayıb. Bizim hər birimizin onların qarşısında, onların da bizim qarşımızda borcu var. Bütün müxalifətin iştirakı ilə yaradılan Milli Şura bu gün cəmiyyət üçün daha cəzbedici görünür. Bunun üçün də Milli Şurada təmsil olunanlar üçün şura müstəvisindən kənar bloklar maraqlı olmamalıdır. Biz doğru bildiyimizi etməliyik. Kənar səslər və təzyiqlər bizi düz yoldan sapdırmamalıdır. İnanıram ki, xalqın da böyük əksəriyyətinin Milli Şuraya simpatiyası daha çoxdur. Bəzən deyirlər ki, seçkilərdə qələbə qazanmaq üçün bütün güclər bir yerdə olmalıdır. Bu, pis ideya deyil. Amma alınmır. Hər kəs bir yerdə olanda, heç iclasları idarə etmək olmur. Hər kəs danışmaq istəyir, hər kəs təklif verir və hər kəs birinci sırada oturmaq istəyir”.

R. Nurullayev Milli Şuranı müxalifət üçün sonuncu şans adlandırıb.

“Müxalifətin seçkini udması üçün vahid birlik və vahid platforma olmalıdır. Bu platforma Milli Şuradır. Hər gün yeni blok və birlik yaratmaq həm xalqda, həm də hərəkat adamlarında qıcıq doğurur. Milli Şuranı bütün müxalifət bir yerdə yaradıb. Milli Şura müxalifətin sonuncu birlik formatıdır və belə də qalmalıdır”, - deyə o vurğulayıb.

Əli Kərimlinin müavini AXCP-ni hədəf seçənləri tənqid edib: “Milli Şura və AXCP-ni hədəf seçənlərə gəlincə, onlara demək istəyirəm ki, əsas tutulan və gedilən yolun düzgün olmasıdır. Yol düz oldusa, insanlar səni asan tapır. Kələ-kötür yolla axtarış etməyə ehtiyacları qalmır. Bütün mövcud birliklərə və yeni yaradılacaq qurumlara uğur olsun. Arzuladığım ən sonuncu məsələ müxalifət və müxalifət adına iddia edənlərin bir-biri ilə savaşması və qarşılıqlı ittihamlarıdır. Xalq bunu görür və bağışlamır”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm