• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

BAXCP İdarə Heyəti: “20 Yanvar tariximizin ən şərəfli səhifələrindən biridir”

  • Nida.az
  • 19 Yanvar 2015 17:15
  • 431 Baxış
BAXCP İdarə Heyəti: “20 Yanvar tariximizin ən şərəfli səhifələrindən biridir”

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib.

Partiyadan Publika.az-a verilən məlumata görə, iclasda ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub.

20 Yanvar faciəsinin 25-ci ildönümü və 20 Yanvar şəhidlərinin xatirəsinin yad edilməsi ilə bağlı məsələnin müzakirəsi zamanı BAXCP üzvlərinin hər il olduğu kimi bu il də ictimaiyyət nümayəndələri ilə birlikdə Şəhidlər Xiyabanını ziyarət edəcəkləri vurğulanıb. Qeyd olunub ki, 20 Yanvar Azərbaycan xalqının tarixində ən qanlı və ən şərəfli səhifələrdən biridir. Məhz 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Azərbaycan xalqı öz milli iradəsini və müstəqil yaşamaq əzmini nümayiş etdirib.

İdarə Heyətinin müzakirəsinə çıxarılan növbəti məsələ Xilaskar Türk Əsgərinin anım gününün qeyd olunması ilə bağlı olub.

Xatırladaq ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası 2007-ci ildən etibarən aprelin 24-ü tarixini Xilaskar Türk Əsgərinin Anım günü kimi qeyd edir. BAXCP İdarə Heyəti Azərbaycan Prezidentinin Türkiyəyə səfəri çərçivəsində qardaş ölkənin dövlət başçısının Çanaqqala savaşının 100-cü ildönümünün aprelin 24-də keçiriləcəyi ilə bağlı səsləndirdiyi bəyanatı yüksək dəyərləndirib. Qeyd olunub ki, BAXCP 2007-ci ildə başlatdığı ənənəsini bu il də davam etdirəcək və bu il aprelin 24-nü ənənəsinə uyğun olaraq Xilaskar Türk Əsgərinin Anım Günü, həm də Çanaqqala savaşının 100-cü ildönümü kimi qeyd edəcək.

BAXCP İdarə Heyəti hesab edir ki, aprelin 24-də ölkənin bütün siyasi qüvvələri, bütövlükdə ölkə ictimaiyyəti bir araya gəlməli, Çanaqqala savaşının 100-cü ildönümü və Xilaskar Türk Əsgərinin Anım Günü Azərbaycanda da geniş şəkildə qeyd olunmalıdır. BAXCP İdarə Heyəti Türkiyənin Azərbaycandakı səfirliyini də bu önəmli tarixi hadisənin yüksək səviyyədə qeyd olunmasında fəal iştirak etməyə çağırıb. İdarə Heyətinin qərarına əsasən, bununla bağlı Türkiyənin Azərbaycandakı səfirliyinə rəsmi müraciət olunacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR