• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Dağlıq Qarabağ üçün Kipr modeli: kim necə başa düşür?

  • Nida.az
  • 14 Fevral 2014 16:11
  • 1 094 Baxış
Dağlıq Qarabağ üçün Kipr modeli: kim necə başa düşür?

Ermənistanın “Armtoday.info”agentliyi dünən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni bir açıqlama yayıb. Agentliyin məlumatında deyilir ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik “Twitter” sosial şəbəkəsindəki səhifəsində Dağlıq Qarabağ problemin həlli ilə bağlı tamformatlı danışıqların bərpa olunmasına çağırıb: “Kipr yunanları və türklər münaqişə ilə bağlı tamformatlı danışıqların bərpa olunduğunu elan ediblər. Niyə Dağlıq Qarabağda da belə olmasın?”

Söhbət tamformatlı danışıqların bərpasından və Kipr məsələsi üzrə danışıqların formatından gedirsə, deməli danışıqlar masasında Azərbaycan və Ermənistan ilə yanaşı, Dağlıq Qarabağın erməni və azərbaycanlı icması da əyləşməlidir. Belə ki, Kipr danışıqlarında Türkiyə və Yunanıstan ilə yanaşı, adanın yunan və türk hissəsi də iştirak edir. Amerikalı həmsədrin çağırışından belə bir nəticəyə gəldiyimiz halda, erməni tərəfi diplomatın fikirlərini özlərinə sərf edən formada başa düşüb. Dağlıq Qarabağdakı separatçı rejimin “xarici işlər nazirliyi” Uorlikin açıqlamasından ruhlanaraq belə bir cavab verib: “Biz də hesab edirik ki, Dağlıq Qarabağın birbaşa iştirakı ilə tamformatlı danışıqların bərpa olunmasının vaxtı çatıb”. Məlumdur ki, ermənilər “tamformatlı danışıqlar”ı Azərbaycan, Ermənistan və “Dağlıq Qarabağ Respublikası” arasında keçiriləcək üçtərəfli danışıqlar olaraq başa düşürlər.

Publika.Az –a açıqlamasında Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun rəhbəri, professor Elman Nəsirov bildirib ki, erməni tərəfi amerikalı həmsədrin çağırışının məhz bu cür yozulmasında maraqlıdır.

E.Nəsirov bu yanaşmanın heç bir perspektivinin olmadığını bildirib:“Perspektiv o vaxt ola bilər ki, danışıqlar prosesində Azərbaycan və Ermənistan ilə yanaşı, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları iştirak etsin. Yalnız bu halda Azərbaycan danışıqların formatının dəyişdirilməsi məsələsinə baxa bilər. Amma danışıqlarda qondarma qurumun tərəf kimi iştirakı qeyri-real məsələdir. Bu reallıqlar nəzərə alınmasa erməni tərəfinin iddiaları heç bir pozitiv nəticəyə gətirib çıxarmayacaq. Ermənilərin əsas məqsədi də odur ki, həmsədrlər üçün yeni problemlər ortaya çıxarsınlar”.

Müsahibimiz Ermənistanın danışıqlar prosesində yalnız erməni icmasının iştirakını istədiyini qeyd edib:“Onlar hesab edirlər ki, bir qurum yaradıblar, respublika artıq fəaliyyət göstərir. Dağlıq Qarabağda azərbaycanlı icması yoxdur və ermənilər bu vəziyyətdən çıxış edərək danışıqlar prosesində iştirak etmək istəyirlər. Bu yanaşmalar və təkliflərin bir məqsədi var ki, onsuz da mürəkkəb olan vəziyyəti daha da mürəkkəbləşdirsinlər, nəticədə status-kvo vəziyyəti daha uzun müddətə saxlanılsın. Rəsmi Bakı münaqişəyə Azərbaycan-Ermənistan münaqişəsi kimi baxır. İşğalçı Ermənistandır, Dağlıq Qarabağda seperatçı rejimi formalaşdıran da, onu idarə edən də, maliyyə və hərbi dəstəyi verən də Ermənistandır. Belə olan halda qondarma qurumun danışıqlarda iştirakının nə mənası var?”

Bizimlə söhbətində politoloq Qabil Hüseynli Dağlıq Qarabağın azərbaycanlı icmasının iştirakı məsələsinin Azərbaycan tərəfindən qaldırılmasına baxmayaraq, beynəlxalq güc mərkəzləri, o cümlədən ATƏT-in Minsk Qrupunun buna razılıq vermədiyini deyib:“Azərbaycanlı icmanın mövcudluğu qəbul edilir, amma onun siyasi statusu tanınmır. Bu baxımdan da azərbaycanlı icmanın danışıqlarda iştirakı hələ ki gündəmdə deyil”.

Qabil Hüseynli qondarma Dağlıq Qarabağ Respublikasının danışıqların müəyyən mərhələsində iştirakı ilə bağlı fikirləri şərh edib. Q.Hüseynli hesab edir ki, bu, mümkündür, ancaq bunun reallaşması üçün danışıqlar bəlli bir mərhələyə çatmalıdır:“Bu elə bir mərhələdir ki, proses artıq tərəflərdən hər biri üçün dönməz xarakter alır. Yəni, baza prinsipləri razılaşdırılıb, münaqişənin həll variantı prinsipial formada həll edilib, tərəflər böyük sülh sazişini imzalamağa doğru gedirlər, qondarma quruma isə keçid status verilib. Keçid statusu Dağlıq Qarabağa bir sıra imtiyazlar verir. Həmin imtiyazlardan biri də onun danışıqlara qatılmasıdır. Sülh yaratma prosesi xeyli irəliləyibsə, prosesin əsasını təşkil edən baza prinsipləri, yəni ən çətin məqamlar barədə konsensus əldə olunubsa, işğal olunmuş rayonların boşaldılmasına başlanılıbsa, Dağlıq Qarabağın danışıqlarda iştirakı mümkündür”.

“Dağlıq Qarabağ Respublikası”nın danışıqlarda iştirakının vacibliyi ilə bağlı bəyanatlar isə ermənilərin istəklərinə uyğun olaraq dəfələrlə verilib. Belə bir çağırış ATƏT-in Minsk qrupunun Fransadan olan sabiq həmsədri Bernar Fasye “fəaliyyətdə olan həmsədrlər Qarabağın danışıqlar masası arxasına qaytarılması haqda da düşünürlər” mülahizəsi ilə çıxış etmişdi. Bu mülahizə Fransanın Ermənistandakı səfiri Henri Reynaud tərəfindən də təsdiqlənmişdi. “Həmsədrlər Dağlıq Qarabağın danışıqlar prosesində iştirak etməsi haqda da düşünürlər”, - Yerevanda 2013-cü ilin noyabr ayında keçirilən mətbuat konfransında səfiri H.Reynaud söyləmişdi.

Rusiya sözügedən məsələni rəsmi şəkildə gündəmə gətirməsə də, Kremlə yaxınlığı ilə tanınan analitiklər Dağlıq Qarabağın danışıqlarda iştirakının vacib olduğunu dəfələrlə bildirib.

Dağlıq Qarabağ ermənilərinin lideri Bako Saakyan dəfələrlə bəyan edib ki, münaqişənin həllinə dair onların iştirakı olmadan keçirilən istənilən müzakirə nəticəsiz qalacaq. O, “Azadlıq” radiosunun erməni xidmətinə verdiyi açıqlamaları birində ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan danışıqların formatının dəyişdirilməsini, Qarabağ ermənilərinin bərabərhüquqlu tərəf kimi müzakirələrdə iştirakını istədiklərini söyləmişdi: “Biz öz çıxışlarımızda həmişə vurğulayırıq ki, geniş danışıqlar lazımdır. Biz onu da həmişə təkrar edirik ki, əgər Dağlıq Qarabağın iştirakı olmasa, problemin həlli üçün beynəlxalq ictimaiyyətin apardığı müzakirələr, cəhdlər nəticəsiz qalacaq”.

Onun bildirdiyinə görə, Dağlıq Qarabağın müzakirələrdə iştirakı ATƏT-in 1994-cü ildə keçirilən Budapeşt sammitinin qərarlarında da öz əksini tapıb.Amma Saakyanın istinad etdiyi həmin Budapeşt sammitində Azərbaycan tərəfdən iştirak etmiş prezidentin xarici siyasət məsələləri üzrə keçmiş müşaviri Vəfa Quluzadə “Azadlıq” radiosunun Azərbaycan xidmətinə açıqlamasında söyləmişdi ki, toplantıda qəbul edilən qərarlarda Qarabağın müzakirələrdə iştirakının nəzərdə tutulmamışdı. Qarabağ ermənilərinin danışıqlarda tərəf kimi qəbul edilməməsi rəsmi Bakının indiyə kimi sərgilədiyi prinsipial mövqedir. Bakı hesab edir ki, Dağlıq Qarabağın danışıqlarda tərəf kimi qəbul edilməsi Azərbaycanın onu bir dövlət, bir tərəf kimi tanıması demək olardı.

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov isə bildirmişdi ki, Qarabağ danışıqlarının qaydaları hələ 1992-ci ildən təsdiqlənib. Həmin il o zaman adı ATƏM (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi) olan indiki ATƏT (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) Qarabağ danışıqlarında kimlərin qərar qəbul edilən mərhələlərdə, kimlərin sonrakı mərhələlərdə iştirak etməli olduğunu aydın göstərib. Həmin qaydalara görə də danışıqların gələcək mərhələlərində, əsas məqamların razılaşdırılmasından sonra, sülh sazişinin icrası ilə bağlı detalların müzakirə edildiyi məqamlarda Qarabağın azərbaycanlı və erməni icmalarının da iştirakı mümkündür.

Keçən ilin iyul ayında isə Böyük Britaniyalı jurnalist, Qarabağ münaqişəsi üzrə mütəxəssis Tomas de Vaal İrəvanda keçirdiyi mətbuat konfransında bir daha bu məsələyə toxunmuşdu. O, qeyd etmişdi ki, Qarabağ münaqişəsi üzrə çərçivə razılaşmasının imzalanmasından sonra Xankəndinin danışıqlar masasına qayıdacağına Bakının mane olmayacağını istisna etmək olmaz. Ekspert hesab edir ki, Dağlıq Qarabağın danışıqların müəyyən mərhələsində iştirakı Azərbaycan tərəfindən də inkar edilmir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR