• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

25 il öncənin həqiqətləri: Moskva, AXC, yoxsa Ayaz Mütəllibov... KİMDİR GÜNAHKAR?

  • Nida.az
  • 20 Yanvar 2015 14:35
  • 1 507 Baxış
25 il öncənin həqiqətləri: Moskva, AXC, yoxsa Ayaz Mütəllibov... KİMDİR GÜNAHKAR?

20 Yanvar faciəsindən 25 il keçir. Azərbaycan xalqı tarix üçün çox da uzun olmayan 25 il ərzində müstəqilliyimizin qazanılması uğrunda canlarından keçən şəhidlərimizi yad edir.

Bu illər ərzində 20 Yanvar tarixi ağrı ilə xatırlansa da, beyinlərdə daim cavabsız suallar qalıb. “Kimdir günahkar?”


Publika.az-a danışan siyasilər 25 il öncəki tarixi belə xatırlayır.


“Gənc alimlər klubu” adlanan qurumda əksəriyyət DTK-ya işləyirdi”


Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı 20 Yanvarı Azərbaycan xalqının şanlı tarixi hesab edir. Onun sözlərinə görə, həmin vaxt dəhşətli faciə baş versə də, xalq müstəqillik kimi şirin nemətə qovuşdu: “Həmin vaxt xalq artıq müstəqil olmağa qərar vermişdi və emosiyalar kifayət qədər gərgin idi. Bu vəziyyətdən Kreml, SSRİ-ni dağıtmaq istəyən qüvvələr, eləcə də ölkədə milli azadlıq hərəkatının içinə daxil olmuş qaranlıq məqsədli insanlar istifadə etdi. Həmin vaxt xalqın önündə gedən AXC daxilində böhran yaranmışdı. Radikallar və liberallar adlanan iki cəbhə formalaşmışdı və bu bölünmə xalqın ümumi mübarizəsində öz mənfi təsirlərini göstərirdi. O vaxt indiki Prezident Administrasiyasının qarşısında keçirilən mitinqləri də AXC rəhbərliyi deyil, DTK-nın agentləri idarə edirdilər. DTK xalqı meydana çəkir,
qırğınlara zəmin yaradırdı. “Qurd qapı”sından başlamış, aeroport yolundan Şıxov yoluna qədər bütün keçidlərdə tələbələr tərəfindən keşik çəkilirdi. AXC "Milli azadlıq hərəkatı qansız ötüşmür" məntiqini təbliğ edirdi. Qarşıya qoyulan məqsədlərdən biri də siyasi hakimiyyətə gəlmək idi. Sirr deyil ki, xalq hərəkatının önündə gedənlər arasında DTK agentləri var idi. Misal üçün, “Gənc alimlər klubu” adlanan qurumda əksəriyyət DTK-ya işləyirdi. Burda Leyla Yunus, Eldar Namazov, Hikmət Hacızadə, Tofiq Qasımov və digərləri iştirak edirdi. Onlar həm də AXC-nin İdarə Heyətinə üzv seçilmişdi. Onlar AXC-nin rəhbərliyinə həmin mətbəxin içindən olanlardan birini gətirməyə çalışırdı. Lakin həmin dövrdə Xalq Cəbhəsini səmimi şəkildə yaratmaq istəyən insanlar buna imkan vermədi. Təsadüfi deyil ki, 20 Yanvar faciəsi baş verdiyi dövrdə həmin İdarə Heyətinin - AXC-nin rəhbərlərinin heç birinin evinə bir əsgər belə getmədi. Amma AXC Məclisinin üzvü olan mənim evimə 1990-cı ilin yanvar ayının 23-də 12 əsgər, 2 BTR gəldi, evi mühasirəyə aldılar və məni həbs etmək istədilər. Düşünürəm ki, 20 Yanvar faciəsinin törədilməsində AXC İdarə Heyətinə daxil olan şəxslərin bilavasitə iştirakı vardı”.


F. Ağamalı əlavə edib ki, idarəolunmaz hala gələn xalq öz taleyini həll etdi və Azərbaycanda ümumxalq hərəkatının milli azadlıq hərəkatı mərhələsinə keçməsi təmin olundu.


“1990-cı ildən Azərbaycanda milli azadlıq hərəkatı dönməz, ardıcıl xarakter aldı. Bunun ardıcıl xarakter daşımasında isə heç şübhəsiz ki, əsas rolu ümummilli lider Heydər Əliyevin Moskvada Azərbaycan nümayəndəliyində çıxış etməsi oynadı. 1990-cı il 20 Yanvar faciəsindən sonra Azərbaycanda kütləvi şəkildə Kommunist Partiyasından imtina başlanıldı. Sovet cəmiyyətinə nifrət açıq xarakter daşıdı və Azərbaycan xalqı birmənalı olaraq Sovet cəmiyyətində yaşamağın mümkünsüzlüyünü dərk edərək azadlıq uğrunda mübarizəni davam etdirdi”, - deyə o bildirib.


“SSRİ-nin dağıdılması ssenarisində 20 Yanvar son nöqtə idi”


Həmin dövrün aktiv iştirakçılarından olan, Azərbaycan respublikası Ali Sovetinin Milli Şurasının üzvü olmuş politoloq Cüşmüd Nuriyev 20 Yanvar hadisələrinə geopolitik kontekstdə yanaşır: “Həmin vaxt Sovet imperiyasının süqutu planlaşdırılırdı. Kissencerin də, Bzejinskinin də əsərlərində bu məsələlərlə bağlı məqamlar var. Lakin SSRİ-ni dağıtmaq üçün hazırlanan layihədə zəif nöqtə olaraq niyə Azərbaycanən seçilməsi maraqlıdır. 1987-ci ildə Heydər Əliyevi Mərkəzi Büro üzvlüyündən çıxardılar. Ardınca Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri Aqambekyan Dağlıq Qarabağın iqtisadi cəhətdən Ermənistana daha yaxın olması haqda bəyanat verdi. Ermənilər bu istiqamətdə hərəkətə keçdilər. Xankəndində Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı vilayət deputatlarının qərarı çıxarılandan dərhal sonra Bakıda
“Dağlıq Qarabağ Ermənistana birləşdirilməsin” şüarı altında “Yurd” tərəfindən mitinqlər başlanıldı. Maraqlıdır, heç kimin məlumatı olmayan bir məsələni “Yurd” necə bilirdi? Hesab edirəm ki, SSRİ-nin dağıdılması haqda bir ssenari var idi və bu ssenaridə 20 Yanvar son nöqtə idi”.


C. Nuriyev 20 yanvar günü qətlə yetirilənlər və yaralananlar arasında AXC rəhbərliyində təmsil olunanlardan heç kimin olmamasına xüsusi diqqət çəkib.


“Mən xüsusi araşdırma aparmışam və onlardan heç birinin orda olmadığı ortaya çıxıb. Amma hadisələr zamanı daim xalqın önündə olduqlarını deyirlər. Əgər öndə idilərsə, niyə onların heç birinin burnu belə qanamadı? Bu illər ərzində mən həmişə demişəm ki, 20 Yanvar faciəsinin miqyasının bu qədər geniş olmasının məsuliyyəti AXC-nın üzərindədir”, - deyə o vurğulayıb.


“Hikmət Hacızadə evində yatmışdı, İsa Qəmbər Yusif Səmədoğlu ilə onun evində çay içirdi”


Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə də 20 Yanvar faciəsinə görə müəyyən mənada AXC-ni ittiham edib: “Əgər AXC liderlərinin şüuru, ağlı və savadı olsaydı, Azərbaycan Kommunist Partiyasının rəhbərliyi binamus və bişərəf olmasaydı, Qorbaçov başqa olmaqla SSRİ rəhbərliyi cinayətkar olmasaydı, hadisə baş verməyə də bilərdi”.


Onun sözlərinə görə, 1989-cu ilin sentyabrında AXC daxilində demokratlarla radikallar arasında mübarizə başladı.

ASDP sədri AXC-nin xalqı qırğına sürüklədiyini bildirib. A. Əlizadə də hadisə baş verən günü AXC rəhbərliyinin ortada olmadığını qeyd edib.


“Hikmət Hacızadə evində yatmışdı. İsa Qəmbər Yusif Səmədoğlu ilə onun evində çay içirdi. Nemət Pənahov meydanda camaata deyirdi ki, dağılmayın, bir azdan sizə tankvuran avadanlıqlar gətirəcəm. Etibar Məmmədov həmin gecə Moskvaya uçub getdi. Rəhim Qazıyevin harada olduğunu isə bilmirəm”, - deyə o bildirib.


A. Əlizadə qeyd edib ki, 1989-cu ilin sentyabrında Azərbaycan Xalq Cəbhəsi (AXC) qeydiyyatdan keçdi. Onun sözlərinə görə, bundan sonra AXC-dəki radikal qanad demokratik qanadı sıxışdırmağa başladı. Radikal qanadın liderləri Etibar Məmmədov, Nemət Pənahov, Əbülfəz Əliyev, demokratik qanadın lideri isə Leyla Yunus, Zərdüşt Əlizadə idilər: “AXC-də özlərini mötədil adlandıran qrup da vardı. Onlar guya bu qanadları bir-birləri ilə barışdırmaq istəyirdilər. Hər dəfə də məcbur edirdilər ki, demokratik qanad radikal qanada güzəştə getsin. AXC rəhbərliyi ilə Mərkəzi Komitədə əsasən Polyaniçko görüşürdü. Demokratik qanad hər hansı bir tələb irəli sürəndə o bunu rədd edir, radikal qanadın təkliflərini, tələblərini qəbul edirdi. Bununla da kütlənin şüurunda belə bir fikir hakim olurdu ki, danışıqlar ancaq radikal yolla mümkündür. Radikal qanadın xalqı mürtəce dairələrlə, SovİKP ilə qarşıdurmaya apardığı artıq məlum idi.

Ən qəribəsi isə bu idi ki, Qarabağ uğrunda yaradılan siyasi davada iştirak edirdi. Buna görə də demokratik qanadın lideri Zərdüşt Əlizadə yanvarın 6-da Elmlər Akademiyasının binasında keçirilən konfransda bəyanat verdi ki, siz xalqı qırğına aparırsınız. Mən qandan qorxuram. Nemət Pənahov isə dedi ki, sən qorxaqsan. Zərdüşt cavabında qorxaq olmadığını, öz qanından qorxmadığını bildirdi. Dedi ki, sizə inanaraq arxanızca gedənlərin öz qanlarına qəltan ediləcəklərindən, onların valideynlərinin gözlərinə günahkarcasına baxmaqdan qorxuram. Zərdüşt AXC-dən istefa verərək oradan getdi. Radikal qanad bundan sonra AXC-nin yeni seçilmiş İdarə Heyətində at oynatmağa başladı. Biz bu davranışların təhlükəli olması haqda onları xəbərdar edirdik.

Amma bunlar cavab verirdilər ki, Tiflisdəki 9 aprel qırğınından sonra daha qan tökülməyəcək. 20 Yanvar faciəsinin əsas səbəbkarı AXC rəhbərliyinin nadanlığı, şöhrətpərəstliyi, Azərbaycan Kommunist Partiyasının bacarıqsızlığı, Qorbaçov başda olmaqla Sov.İKP MK Bürosunun cinayətkarlığı idi. Bu üç qüvvə bir nöqtədə birləşdi. Nəticədə isə insanlarımız nahaqdan həlak oldular. Allah onların hər birinin ruhlarını şad eləsin. Amma indiyədək 20 Yanvar faciəsinin nə səbəbkarları, nə də günahkarları ortaya qoyulub. Buna görə də cəmiyyətimiz faciə qurbanlarının ruhu qarşısında günahkardır”.


Məsələ ilə bağlı Zərdüşt Əlizadə danışmaq istəmədi. O, 20 Yanvar hadisələri və həmin dövrün siyasi prosesləri ilə bağlı özünün “İkinci respublikanın sonu” kitabında yazdığını bildirdi.


“Bir sıra adamların, eləcə də Primakovun adını bu işdən çıxartdılar”


Milli Azadlıq Hərəkatının fəal üzvlərindən olan, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu hər şeyin gözləri önündə baş verdiyini deyib. Onun sözlərinə görə, Qanlı Yanvardan öncə baş verən Sumqayıt hadisələri, Moskvanın Azərbaycana münasibəti, həmin dövrdə hakimiyyətin astagəlliyi və antimilli yol tutması, Qərbi Azərbaycandan soydaşlarımızın kütləvi deportasiyası, KQB-nin törətdiyi soyğunlar, cinayətlər, azadlıq hərəkatına qarşı baş verənlər çox da keçmiş tarixdə olmayıb: “25 il insan üçün böyük olsa da, tarix üçün qısa müddətdir. Bəzən necə xatırlayırsınız deyə soruşanda hər kəs bir epizod danışır. Lakin biz hər şeyi olduğu kimi xatırlayırıq. Hətta səhnəarxası proseslərdən də xəbərimiz var idi”.


KXCP sədri Moskvanın vəhşiliklə atdığı bu addımın Azərbaycanın milli azadlığına qarşı olduğunu bildirib: “Azərbaycan öz müstəqilliyini bərpa etmək üçün ayağa qalxmışdı. Moskva isə bunu gözümüzdə qoymaq istəyirdi. Sovet İttifaqının digər 14 respublikasındakı vəziyyət Azərbaycanda olduğu kimi deyildi. Düzdür, 1986-cı ildə Qazaxıstanda, daha sonra Baltikyanı ölkələr və Gürcüstanda da bu tipli hadisələr baş vermişdi. Lakin 14 respublikanın heç birində milli azadlıq hərəkatı Azərbaycandakı kimi deyildi və miqyasına görə Moskva heç bir ölkədə Bakıda etdiyi qırğını etməmişdi. Bu milli azadlıq hərəkatına qarşı olmaqla yanaşı, həm də Sovetlərin süqutunu gerçəkləşdirdi. Milli Azadlıq hərəkatı sovet imperiyasına son verdi. Təbii ki, heç bir istiqlaliyyət, müstəqillik şəhidsiz mümkün deyildi. Azərbaycan müstəqillik qazandı. Eyni zamanda, digər xalqların da müstəqil olmasının əsasını qoydu”.


M. Mirəlioğlu törədilmiş cinayətə görə Moskvanı ittiham edib. Onun sözlərinə görə, yerdə qalan şəxslər imperiyanın nökərləri idi.


“20 Yanvar cinayətinə görə məsuliyyət daşıyanlarla bağlı məsələ dəfələrlə müzakirə olunub. 1980-i illərin sonlarında seçilmiş parlamentdə milli azadlıq hərəkatının təkidi ilə deputat-istintaq komissiyası yaradıldı. Bu komissiyasının araşdırmaları olduqca əsaslı idi. Lakin komissiyanın bir çox materiallarını Moskvaya apardılar. Bir sıra adamların, eləcə də Primakovun adını bu işdən çıxartdılar. İndi də bir sıra şəxslər bu cinayətdə ittiham oluna bilər. Lakin hadisələrin hərtərəfli araşdırılması və qiymətləndirməsində milli mövqedən çıxış etməliyik. Əsas günahkar Moskvadır. Digərləri isə imperiyanın nökərləri olduğu üçün əmr yerinə yetirirdilər. Onlara nə tapşırıq verilsə, edirdilər. O vaxt hakimiyyətin başında olanlardan tutmuş bir sıra təşkilat, müəssisə rəhbərliyində təmsil olunanlara qədər cinayətdə əli olan adamlar var idi.

İndiki nəsil bundan az xəbərdardır. Köhnə nəslin bir sıra imkanları olduğu üçün bir sıra məsələləri ictimaiyyətləşdirməyə imkan vermirlər. Yalnız il ərzində bu tarixi qeyd etməklə, şəhidlərimizi ziyarət etməklə kifayətlənirik. 25 il ərzində xatırlanması vacib olan məsələlərdən biri də müəyyən dövrlərdə 20 Yanvar faciəsinin anılmasının qadağan edilməsidir. Həmin dövrlərdə təkcə indi KXCP-də olan insanlar bu tarixi qeyd edirdi. Hətta bəzən bizə də qadağalar olmuşdu. Sonradan xalqımızın və siyasi təşkilatların tələbi ilə bu dövlət protokoluna belə salındı. Bu işdə də hər birimizin əməyi var. Şəhidlərin ruhu şad olsun. Bunu təkcə sözdə deməməliyik, əməllərimizdə də göstərməliyik. Şəhidlərimizin yarımçıq qalan arzularını gerçəkləşdirməliyik. Hesab edirəm ki, bu məsələdə dövlət və millət mövqeyindən çıxış etməliyik. Qarabağ və şəhidlərimizə münasibətdə siyasi mülahizələr arxa planda dayanmalıdır”, - deyə KXCP sədri bildirib.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR