• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Abbasov-Sadıqov davasının pərdəarxası: Moskvaya kriminal keçmişli savadsız adam lazımdır? - “Azerros” OYUNU

  • Nida.az
  • 21 Yanvar 2015 11:28
  • 1 418 Baxış
Abbasov-Sadıqov davasının pərdəarxası: Moskvaya kriminal keçmişli savadsız adam lazımdır? - “Azerros” OYUNU

Rusiya prezidenti yanında Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyəti - “Azerros”un yanvarın 17-də növbədənkənar qurultayı keçirildi.

Qurumun fəxri sədri Söyün Sadıqovun rəhbərliyi ilə baş tutan qurultaya Ağsaqqallar Şurasının sədri Abbas Abbasov qatılmadı. Qurultay “Azerros” sədri, Abbasovun adamı olaraq tanınan Asif Məhərrəmovu rəhbərlikdən uzaqlaşdırdı.

Azərbaycanda 2013-cü ildə keçirilən prezident seçkiləri ərəfəsində müəyyən ssenarilərlə gündəmə gələn bu qurumda baş verənlər həqiqətən də maraqlıdır. Söyün Sadıqov Abbas Abbasovun yaxını olaraq tanınırdı, onun Bakıya xüsusi emissarlar göndərdiyinə dair xəbərlər də var idi. İndi nə baş verir?

Mətbuatda məsələ ilə bağlı müəyyən versiyalar dolaşır. Diqqət çəkən versiyalardan biri bu proseslərin arxasında Bakının dayanmasıdır. Doğrudur, belə bir ssenarinin yaşanması Bakının xeyrinədir. Lakin söhbət birbaşa Kremlin xeyir-duası ilə yaranan “Azerros”dan, Abbas Abbasovdan və Moskvanın adamı hesab olunan Söyün Sadıqovdan gedir.


Nə baş verir?

Publika.az Moskvadakı Azərbaycan diasporunun bu proseslərin içində olan nümayəndələri ilə təmasa keçərək, adlarının açıqlanmaması şərtilə prosesləri araşdırmağa çalışıb.

“Hər şey iki il öncəki qurultayda başladı, – mənbələrdən biri deyir,– "Azerros”da son seçkilərdə Abbasovun dəstəyi ilə Asif Məhərrəmov yeni prezident seçildi. Bununla da Söyün Sadıqovla qurum arasında ciddi konflikt yarandı. Xüsusilə qurumdakı sadıqovçular yeni rəhbərliyə tabe olmaq istəmirdilər. Lakin sonradan Abbas Abbasovun müdaxiləsi ilə “atəşkəs” elan olundu. Həmin konfliktdə Sadıqovun imici xeyli zəiflədi və Rusiya hökumətindəki əlaqələri də zərər gördü.

Daha sonra Rusiya prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının yeni tərkibi açıqlandı. Yeni tərkibdə Söyün Sadıqovun adı yox idi. Onun yerinə isə Asif Məhərrəmov təyin edildi”.


Mənbə “bu, artıq bütün körpülərin yandırılması idi” deyə vurğulayır: “Çünki Sadıqov Kremlin ona qarşı soyuq münasibətinə görə Abbasovu ittiham edirdi. Həmin dövrdən sonra Sadıqov sanki “qeybə” çəkildi”.

“O, özünü çox sakit apardı və məqam gözlədi. Kremllə münasibətlərini yenidən yoluna qoymaq istiqamətində çalışdı, hətta bir neçə “iş” də ala bildi. Sonuncu dəfə Ukrayna münaqişəsindən sonra Krım tatarlarının parçalanması, Mustafa Cəmilovun dayaqlarının sıradan çıxarılması işini ona tapşırdılar. Sadıqov bu işi pis həyata keçirtmədi və hazırda məsələ üzərindəki fəaliyyətini davam etdirir. Hələ o vaxt məlum idi ki, Sadıqov dirçələn kimi Abbasova qarşı revanşa başlayacaq”, - deyə mənbə qeyd edir.


“Azerros”a yaxın digər mənbə isə bütün hədəfin Abbas Abbasovun zərərsizləşdirilməsi olduğunu deyir: “Qurumun içində o vaxtdan marginallığı ilə seçilən adamlar var. Bu qrupa Sadıqov rəhbərlik edir. Söyün uzun müddət idi ki, “Azerros”a yaxın buraxılmırdı. Təsir imkanları azalmışdı. Lakin, görünür, o, uzaqda olanda da işi dayandırmayıb və qurumu içindən dağıtmaq planlarını hazırlayıb. Bu işdə ona Nizami Bəşirov, Qalib Ağayev, Tahir Hacıyev, Yusif Xıdırov kömək edir. Bu qruplaşma əvvəldən də qurumu Abbasov - Məhərrəmov kurasiyasından almaq istəyirdi. Son proseslər də bunu göstərdi. Ümumi hədəf isə Abbasovu ictimai-siyasi proseslərdən uzaqlaşdırmaq, onun nüfuzunu zədələməkdir”.


Bu, kimə sərf edir və ya oyunda Bakı varmı?


Mənbə proseslərdə Bakının birbaşa barmağının olması haqda iddiaları təkzib edir: “Çünki Abbasovu Moskvanın özü qəbul edir. Rusiyada “Azerros” deyəndə birbaşa Abbasov yada düşür. Rusiyadakı səfirliyimiz, həmçinin Diaspor Qurumları ilə İş üzrə Dövlət Komitəsi bu proseslərdən kənarda dayanmağa çalışır. Bu, qurum daxilində çoxdan yaranmış qruplaşmaların intriqasıdır”.


Lakin diaspordakı mənbə Bakının “Azerros”un milliləşməsində maraqlı olduğunu deyir.


“Çünki Abbasov Moskvaya yaxın adamdır. Söyün Sadıqovun rəhbərliyi ilə keçirilən qurultayda işıqların söndürülməsi, ora milis işçilərinin göndərilməsi də Rusiya hökumətinin buna qarşı olduğunu göstərdi. Sadəcə olaraq, Söyün Sadıqovun rəhbərliyə gəlməsi, Abbasovun prosesdən uzaqlaşması müəyyən dairələrin indiki maraqlarına uyğundur. Güman ki, Söyün Sadıqov da müvəqqəti lider ola biləcək. Onun özü Abbasovdan qisasını almaq üçün bu oyuna girib. Lakin daha sonra onu da vuracaqlar”, - deyə məlumatda bildirilir.


Abbasovun revanşı


Mənbə Abbasovun revanşının kəskin olacağını hesab edir. Onun sözlərinə görə, Moskvada hər kəs bunu gözləyir: “Qurultayda Ağsaqqallar Şurası ləğv olundu, lakin bunun nizamnaməyə nə qədər uyğun olub-olmadığını dəqiq bilmirik. Hazırda Abbasova yaxın saytlar baş verənlərə etiraz edir. Ehtimallara görə, onun qisası daha ağıq olacaq. Hətta Abbasovun Kremldəki müəyyən dairələrlə əlaqəyə keçdiyi və mart ayında keçiriləcək qurultaya qarşı sərt tədbirlər görəcəyinə dair məlumatlar da dolaşır. Əslində hər şey RATİ-dəki proseslərə bənzəyir. O vaxt RATİ-dən milyarderlər getdi, lakin Rusiya hökuməti yeni təşkilatın legitimliyini tam qəbul etmədi. İndi yeni “Azerros”un legitimliyini nə dərəcədə qəbul ediləcəyi sual altındadır”.


Kreml susur: “Moskvaya kriminal keçmişi olan, savadsız adam lazımdır”


“Kreml proseslərlə bağlı hələlik susur və Abbasov-Sadıqov savaşından kimin sağ çıxacağını görmək istəyir. İstənilən halda, hər iki şəxs Moskvaya yaxındır. Digərləri - Nizami Bəşirov, Qalib Ağayev, Tahir Hacıyev, Yusif Xıdırov “Azerros”un rəhbəri ola bilməz. Söyün Sadıqovun savadı, xarici görünüşü olmasa da, pulu və kriminal keçmişi var. Rusiya Azərbaycanı istənilən halda Söyün Sadıqov kimi adamların timsalında görmək istəyir”, - deyə mənbə bildirir.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR