Millət vəkili: “Con Kerrinin də anti-Azərbaycan mövqeyi o zamandan formalaşıb”
Bizi izləyin

Nida.az

Millət vəkili: “Con Kerrinin də anti-Azərbaycan mövqeyi o zamandan formalaşıb”

“Qorbaçova müraciət edən senatorlar üçün ədalət, yaxud ABŞ marağı yox, özlərinin seçki kampaniyası və karyerası maraqlı idi. Onlar, bəlkə də, həmin vaxt Bakının harada yerləşdiyini bilmirdilər. Bu, onlar üçün heç maraqlı da deyildi”.


Bunu Publika.az-a açıqlamasında Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Aydın Mirzəzadə deyib.


Qeyd edək ki, 1990-cı il 18 mart tarixində ABŞ-ın 5 senatoru SSRİ rəhbəri Mixail Qorbaçova müraciət ünvanlayıb. ABŞ-ın hazırkı dövlət katibi Con Kerrinin də imza atdığı müraciətdə Qorbaçovdan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı tədbir görməsi xahiş edilir.


A. Mirzəzadə qeyd edib ki, 20 Yanvar hadisələrini erməni millətçi dairələri və onların təsiri altında olan SSRİ siyasi rəhbərliyi törədib: “Burda ABŞ-dakı erməni lobbisinin də təsirləri var. Məqsəd Azərbaycan xalqının gözünü qorxutmaq, onun ərazi bütövlüyü uğrunda mübarizəsini dayandırmaq və Azərbaycanla Türkiyə hesabına Ermənistan ərazilərini genişləndirməkdən ibarət idi. Bunun üçün mümkün olan və olmayan variantlardan istifadə edilirdi. Həm Qorbaçov, həm də ABŞ-dakı erməni lobbisi bu məqsəd uğrunda bütün vəhşiliklərə əl atdı. Qorbaçov özünün erməni sevgisi ilə tanınırdı. Onun köməkçilərinin ikisi erməni idi. Rəhbərlik etdiyi mərkəzi komitənin iki vacib şöbəsinin müdiri erməni idi.

Dövlət Plan Komitəsinin sədrinin birinci müavini erməni idi. Onun vaxtaşırı erməni millətçiləri ilə görüşləri olurdu. Hətta 1989-cu ildə Ermənistanda zəlzələ olanda Qorbaçov oraya getmişdi. O, erməni ziyalıları ilə görüşdə Qarabağı “Artsax” adlandırmışdı. Bu, erməni ictimaiyyətinə çox xoş gəlmişdi. 1990-cı ilin 20 yanvar tarixi isə təxmini seçilmişdi. Başqa bir gündə, başqa bir ildə də ola bilərdi. Amma bu hadisə mütləq baş verməli idi. Çox maraqlıdır ki, daxili məsələ olduğu halda, Bakıdakı qırğına SSRİ-nin müdafiə naziri Dmitri Yazov rəhbərlik edirdi. Ermənistanda yaşayan 200 min azərbaycanlı oradan qovulanda, evləri dağılanda, minlərlə insan öldürüləndə SSRİ rəhbərliyi Ermənistanda fövqəladə vəziyyət elan etmək və azərbaycanlı vətəndaşları qorumaq həvəsinə düşməmişdi. Aydın məsələdir ki, bunun içində böyük siyasi riyakarlıq, Azərbaycan xalqına qarşı böyük bir qəsd əhvali-ruhiyyəsi dururdu”.


Komitə üzvü Azərbaycana qarşı beynəlxalq səviyyədə qərəzin hələ o vaxtdan olduğunu deyib.


“Erməni lobbisi ABŞ-da uzun müddət fəaliyyət göstərib. Onlar Azərbaycanın beynəlxalq çıxışının olmamasından istifadə edərək yalan təbliğat aparıblar. Nəticədə bu cür faktlar baş verib. Digər tərəfdən, bir sıra konqresmenlər indi olduğu kimi, o vaxt da pul, yaxud nəyinsə müqabilində ümumi siyasi kursu qurban veriblər. Bu gün Azərbaycana qarşı qərəzli tənqidləri ilə çıxış edənlərin mövqeyi 25 il öncədən formalaşıb. Con Kerrinin də anti-Azərbaycan çıxışlarının elementləri həmin dövrdən yaranıb. Lakin Azərbaycan artıq həmin ölkə deyil. Azərbaycan bu gün güclü və dünyanın qəbul etdiyi dövlətdir. Şəxsi maraqlarını düşünən, erməni lobbisinin əlaltılarına çevrilən konqresmenlərin canfəşanlığına baxmayaraq, Azərbaycanı heç bir qüvvə sarsıda bilməz”, - deyə millət vəkili qeyd edib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm