• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Düşmənlərin görüşünün acı nəticələri: AXCP-Müsavat savaşı qızışır

  • Nida.az
  • 21 Yanvar 2015 17:00
  • 371 Baxış
Düşmənlərin görüşünün acı nəticələri: AXCP-Müsavat savaşı qızışır

Müsavat Partiyasının başqanı Arif Hacılının AXCP sədri Əli Kərimli ilə görüşü iki partiya arasında münasibətləri daha da kəskinləşdirib.

Ötən həftə keçirilən görüşlə bağlı Publika.az-a danışan A.Hacılı hər şeyin normal məcrada müzakirə olunduğunu, fikir mübadiləsi aparıldığını demişdi. Onun sözlərinə görə, Müsavatın əməkdaşlıq təklifinə AXCP sədri Rəyasət Heyətində müzakirələrdən sonra cavab verəcək.


Lakin görüşdən sonra AXCP fəallarının “facebook”da Müsavata qarşı sərgilədiyi münasibət diqqət çəkir.

“Heç kim uzağa gedən nəticələr çıxarmasın”

Əli Kərimlinin müavini Əbülfəz Qurbanlı AXCP sədrinin Arif Hacılı ilə görüşündən xeyli adamın narahat olduğunu dilə gətirib: “Bəziləri bu görüşdən ümidlənib, əksəriyyət isə narahat olub. Xeyli cəbhəçilər də “bəy, bizi daha neçə dəfə yarıyolda qoymalıdılar ki...” tipli mesajlar yazırlar.

Biz belə bir görüşün olacağına bilirdik. Əli bəy partiyanın Rəyasət Heyətinə məlumat vermişdi ki, Arif bəy məktub yazıb, görüşmək istəyir. Əli bəy mədəni adamdır, çoxdan tanıdığı bir adam onunla görüşmək istəyib, o da imtina etməyib. Görüşüb, dinləyib. Sadəcə bu qədər. Demək istəyirəm ki, heç kim uzağa gedən nəticələr çıxarmasın”.


“Müsavat birlik haqda Milli Şuranı tərk etməzdən qabaq düşünəydi”


Ardınca AXCP mətbuat katibi Natiq Ədilov görüşlə bağlı rəsmi açıqlama verib.


“Əli bəy mədəni insan kimi siyasi etikaya uyğun olaraq Arif Hacılı ilə görüşüb. Amma bizim partiya olaraq Müsavat partiyası ilə hər hansı birlik, ittifaq yaratmaq kimi planlarımız yoxdur. Məncə, bu barədə Arif bəyin özünə də deyilib. Müsavat rəhbərliyi gərək birlik haqda Milli Şuranı tərk etməzdən qabaq düşünəydi. Görüş faktından başqa nəticələr çıxarmaq lazım deyil”, - deyə AXCP sözçüsü qeyd edib.

Son olaraq Əli Kərimlinin özü də danışıb. O, “Azadlıq” qəzetinə açıqlamasında Müsavat Partiyası ilə əməkdaşlığın mümkün olmadığını bildirib.


“Əli Kərimlinin mövqeyi siyasi etikaya ziddir”


Müsavat Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı AXCP-nin sərgilədiyi mövqeyə Publika.az-a açıqlamasında münasibət bildirib.


Onun sözlərinə görə, AXCP sədri Əli Kərimlinin mövqeyi siyasi etikaya tamamilə ziddir: “AXCP rəhbərliyi vahid mövqe sərgiləmir. Məncə, onlar vahid mövqe sərgiləsələr, daha məqsədəuyğun olar. Çünki Arif Hacılının Əli Kərimliyə əməkdaşlıq etməsi fonunda deyilən fikirlər məsələni kontekstdən kənarlaşdırmaqdır. Bu kimi açıqlama görüşün məzmunu və mahiyyətini dəyişməkdən başqa bir şey deyil. Əməkdaşlıq təklifinə gəlincə, biz Müsavat Partiyası olaraq doğru yol, doğru mövqe sərgiləyirik”.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR