İraq Türkman Cəbhəsinin lideri: “İŞİD hər an Kərkükə hücum edə bilər” – ÖZƏL
Bizi izləyin

Nida.az

İraq Türkman Cəbhəsinin lideri: “İŞİD hər an Kərkükə hücum edə bilər” – ÖZƏL

“İŞİD Kərkükdən 5 kilometr məsafədədir və hər an hücum edə bilər”.


Bu barədə Publika.az-a açıqlamasında İraq Türkman Cəbhəsinin lideri, İraq parlamentinin deputatı Ersat Salihi İŞİD-in Kərkükü bombalaması xəbəri haqda danışarkən deyib.


Onun sözlərinə görə, Kərkükün yaxınlığındakı türkman kəndləri İŞİD hücumuna məruz qalıb: “Türkmanların bir qismi İraqın cənubuna, bir qismi isə Türkiyəyə köçüb. İŞİD-in hədəfi Kərkükün neftidir və bunun üçün mübarizə aparır. İndiyə qədər buna nail ola bilməyiblər. Bundan sonra da bacardığımız qədər imkan verməyəcəyik”.


E. Salihi İraq mərkəzi hökumətinin türkmanlara yardım etmədiyini bildirib.


“Kürd peşmərgələrinə mərkəzi hökumət yardım edir. Lakin türkmanlar bir kənarda qalıb. Kürdlərə edilən yardım qədər bizə də edilsəydi, öz müdafiəmizi qura bilərdik. Hazırda türkmanların heç bir silahı yoxdur və müdafiəsiz şəkildə qalmışıq. Bizim silaha ehtiyacımız var. Təəssüf ki, türkman coğrafiyası dağıdıldı. İnsanlarımız başqa yerlərə məcburən köç edirlər. Türkmanları sahibsiz buraxıblar. Nə mərkəzi hökumət, nə də qonşu ölkələr kömək etmir. Buna görə də dağılmış türkman coğrafiyasını yenidən qurmaq bizim vəzifəmizdir”, - deyə kərküklü deputat bildirib.


E. Salihi İraq türkmanlarının əsl vətənlərinin Orta Asiya və Qafqaz olduğunu qeyd edib: “Bizlər Orta Asiya və Azərbaycandan gəlmişik. Buna görə də hər kəs İraq türkmanlarının yanında durmalıdır. Hazırda türkman milləti tarixinin ən pis dövrünü yaşayır”.


Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm