• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Prezident İlham Əliyev Almaniyada Dağlıq Qarabağla bağlı bəyanat verdi

  • Nida.az
  • 21 Yanvar 2015 21:34
  • 682 Baxış
Prezident İlham Əliyev Almaniyada Dağlıq Qarabağla bağlı bəyanat verdi

Dağlıq Qarabağ münaqişəsi region üçün böyük təhlükə mənbəyidir.

Trend-in Almaniyaya ezam olunan müxbirinin məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Berlində Almaniya Federativ Respublikasının Kansleri Angela Merkel ilə birgə keçirilən brifinqdə deyib.

Dövlət başçısı qeyd edib: "İlk növbədə, Almaniyaya səfərə dəvət etdiyiniz üçün sizə minnətdaram və yenidən ölkənizdə olmağımdan çox məmmunam. Qeyd etdiyiniz kimi, bizim ikitərəfli əlaqələrimizin gündəliyi çox genişdir, müxtəlif sahələri əhatə edir və bu gün biz çox açıq və səmimi şəkildə bu məsələləri müzakirə etdik. Siyasi əlaqələrimiz çox uğurla inkişaf edir və əminəm ki, mənim səfərim siyasi əlaqələrimizin inkişafına yeni təkan verəcək. Siyasi əlaqələr bütün başqa sahələrə də müsbət təsir göstərir. Əlbəttə, bu gün iqtisadi əməkdaşlıq da gündəlikdədir. Azərbaycanda çoxsaylı Almaniya şirkətləri fəaliyyət göstərir. Biz onların fəaliyyətini dəstəkləyirik".

Prezident hesab edir ki, Almaniya şirkətləri Azərbaycanda həm podratçı, həm də investor kimi gələcəkdə daha da böyük işlər görə bilərlər: "Nəzərə alsaq ki, Azərbaycan iqtisadiyyatı dinamik inkişaf edir, çoxsaylı infrastruktur layihələri icra edilir və əlbəttə ki, Almaniya şirkətlərinin uğurlu fəaliyyəti Azərbaycanda davam etdiriləcəkdir. Xanım Kanslerin qeyd etdiyi kimi, bu gün biz eyni zamanda regional təhlükəsizlik məsələlərinə toxunduq".

İlham Əliyev bildirib ki, ilk növbədə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün proritet məsələdir: "Bu, həm Azərbaycan, həm də region üçün böyük təhlükə mənbəyidir. Bildiyiniz kimi, uzun illər ərzində Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan əraziləri Ermənistan ordusu tərəfindən işğal edilib, torpaqlarımızın 20 faizi işğal altındadır, bir milyondan artıq azərbaycanlı bu işğaldan əziyyət çəkir, qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Beynəlxalq təşkilatlar, ilk növbədə, BMT Təhlükəsizlik Şurası münaqişənin həlli ilə bağlı dörd qətnamə qəbul edib və bu qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılması tələb olunur. Əfsuslar olsun ki, Ermənistan buna məhəl qoymur və sadəcə olaraq status-kvonu olduğu kimi saxlamaq istəyir".

Dövlət başçısı deyib ki, bu münaqişə beynəlxalq hüquq norma və prinsipləri üzərində, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bütün başqa münaqişələr kimi vahid bir yanaşma olmalıdır.

Prezident qeyd edib ki, enerji təhlükəsizliyi bu gün Avropa ilə Azərbaycan arasında gedən danışıqların demək olar ki, əsas mövzusudur: "Azərbaycan öz rolunu oynayır, Azərbaycan tərəfindən irəli sürülmüş layihələr Avropanın enerji xəritəsini dəyişdirir və Avropanın enerji təhlükəsizliyi gələcəkdə, o cümlədən Azərbaycan hesabına təmin ediləcək. 2012-ci ildə TANAP layihəsinə start verildi, 2013-cü ildə TAP layihəsi əsas ixrac marşrutu kimi seçilmişdir və keçən ilin sonunda Cənub Qaz Dəhlizinin təməli qoyuldu. Bütün bu layihələrin təşəbbüskarı Azərbaycandır. Eyni zamanda Azərbaycan bu layihələrin icrası üçün böyük maliyyə yükünü öz üzərinə götürür və əminəm ki, bütün işlər vaxtlı-vaxtında icra ediləcək. TANAP layihəsi 2018-ci ildə, TAP layihəsi isə ondan bir il sonra icra ediləcək".

İlham Əliyev vurğulayıb ki, buna nail olmaq üçün əlbəttə ki, Avropa İttifaqı ilə Azərbaycan arasında bu sahədə daha sıx əməkdaşlıq aparılmalıdır: "Onu da bildirməliyəm ki, bizim təşəbbüsümüzlə gələn ay Bakıda Cənub Qaz Dəhlizinin birinci məşvərət şurası keçiriləcək və əminəm ki, bütün məsələlər orada müzakirə ediləcək.

Bir daha demək istəyirəm ki, mən bugünkü səfərimi çox yüksək qiymətləndirirəm. Almaniya-Azərbaycan əlaqələri böyük potensiala malikdir. Bu gün qəbul edilmiş qərarlar, aparılan diskussiya əlaqələrin inkişafına böyük töhfələr verəcəkdir".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR