Əli Həsənov: “Azərbaycana demokratiya öyrətməsinlər” - YENİLƏNİB
Bizi izləyin

Nida.az

Əli Həsənov: “Azərbaycana demokratiya öyrətməsinlər” - YENİLƏNİB

“Bizə bəzi kənar maraqlı dairələrin verdiyi subyektiv qiymətdən asılı olmayaraq Azərbaycanda QHT sektorunun fəaliyyəti bəlkə də dünyada ən nümunəvi sektorlardan biridir”.

Publika.az-ın məlumatına görə, bunu Prezident Administrasiyasının İctimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu gün Bakıda Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının illik hesabatına həsr edilmiş konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycanda heç kim siyasi əqidəsinə, hakimiyyətə münasibətinə, cəmiyyətdə tutduğu mövqeyə görə ona müraciət etdiyi sahə üzrə qrant verilməsindən imtina edildiyini deyə bilməz. Ə.Həsənov deyib ki, təşkilatlar müraciət edib, Şura üzvləri onları dəyərləndirib, sonra da onlara qrant ayrılıb: “Amma bizə bu gün QHT ağlı, QHT taktikası öyrətmək istəyən həmin o bəzi dairələrin, dövlətlərin burada verdikləri qrantlara baxın. Eyni təşkilatlar, eyni istiqamətli adamlar, bəlli sahələr üzrə idarə olunan adamlar, bəlli sahələr üzrə lazım olanda Azərbaycan dövlətinə, onun maraqlarına qarşı istifadə olunan insanlar. Çox uzağa getmirəm, bu günlərdə ABŞ-ın Demokratiyaya Yardım Milli Fondunun keçirdiyi dinləmələrdə iştirak edərək Azərbaycanı təmsil edən QHT-lərə baxın. QHT-lər millətsiz, milliyyətsiz şəxslər deyillər. Onlar bir milləti təmsil edirlər. Baxın, Azərbaycanı təmsil edən QHT-lər bizim yaralı yerimiz olan, neçə illərdir ki, Azərbaycan dövlətinin bütövlüyünü, suverenliyini pozan, bizim milli dövlətçiliyimizə ciddi problem yaradan, “Dağlıq Qarabağı təmsil edən QHT-lər"lə bir araya gəlib, heç bir etiraz etmədən, orada heç bir münasibət ortaya qoymadan Azərbaycandakı vəziyyəti "postulatlar" çərçivəsində təhlil etdilər. Bunları burada təbliğ edən qüvvələr də - siyasi partiyalar, bəzi mətbuat orqanları da var. Etsinlər, bu onların hüququdur. Amma Azərbaycana ağıl öyrətməsinlər, Azərbaycana demokratiya öyrətməsinlər. Azərbaycana III sektorun fəaliyyəti ilə bağlı özlərinin subyektiv mülahizələrini və postulatlarını zorla bizə təlqin etməsinlər”.

Ə.Həsənov onu da bildirib ki, bu, Azərbaycandakı QHT sektorunun fəaliyyəti və ortaya qoyduğu mövqe, qrant fəaliyyəti, QHT-lərə verdiyi sifarişlər və onun nəticəsi olaraq aldığı nəticələrdir: “Bu da həmin demokratiya carçısı olan dövlətləri təmsil edən donor təşkilatlarının fəaliyyəti. Azərbaycana qarşı vahid mərkəzdən siyasət formalaşdırırlar. Təkrar edirəm, hakimiyyətə qarşı deyil, ölkənin milli maraqlarına qarşı. Qondarma "Dağlıq Qarabağ Respublikası"nı təmsil edən "rəsmilərin" və "QHT-lərin" nümayəndələri ilə bir arada oturub heç bir etiraz etmədən, onlara heç bir rəy bildirmədən Azərbaycandakı vəziyyəti təhlil etmək elə onlardan heç nə ilə fərqlənməmək deməkdir. Belələri ictimai qınağa tuş gəlməlidir. Bir dəfə mən ictimai qınaqla bağlı danışdım. Onları müdafiə edən qüvvələr dedilər ki, Əli Həsənov QHT-lərdən və bəzi anti-Azərbaycan qüvvələrindən qisas almağa çalışır. Xeyr, burada qisasdan söhbət getmir. Burada sadəcə olaraq ictimai qınaqdan söhbət gedir. İctimai qınaq sözlə həyata keçirilir. İctimai qınaq kiməsə fiziki təsir və başqa şeyləri nəzərdə tutmur. Əgər onlar ictimai qınaqla insana qarşı bu və ya digər fiziki təsiri fərqləndirə bilmirlərsə, onların bundan sonra da siyasətlə məşğul olmağının heç bir mənası yoxdur. Yaxud da cəmiyyətə nəyisə təlqin etmələrinin heç bir mənası yoxdur. Əlbəttə ki, QHT-lərə Dövlət Dəstəyi Şurası və QHT-lər də buna öz münasibətlərini bildirməlidirlər.

Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasını Azərbaycan cəmiyyətinin ayrılmaz bir hissəsi kimi görürük. Şura 7 ildir fəaliyyət göstərir. Gələn il Şuranın sədr fəaliyyətinin ikinci sədrlik dövrü başa çatır. Bu hər bir təşkilat üçün mühüm bir dövrdür. Əgər Şura bu dövr ərzində bir iş görübsə, deməli iş görməyə və bundan sonra yaşamağa layiqdir və cəmiyyət buna münasibət bildirməlidir.

Şura ötən 7 ildə kifayət qədər səmərəli və müsbət fəaliyyət göstərib. Şuranın xətti ilə 2008-2014-cü illərdə 2 mindən çox layihə maliyyələşdirilib, bu layihələrin maliyyələşməsinə 20 milyon manata yaxın vəsait sərf olunub. Azərbaycan dövlətinin QHT-ləri maliyyələşdirməsi təkcə şura vasitəsi ilə deyil, digər qurumlar, nazirliklər və komitələr tərəfindən də həyata keçirilib. Dövlət başçısının sərəncamı ilə bu ildən QHT-lərin fəaliyyətinin vahid koordinasiyası, xüsusilə də qrant fəaliyyətinin həyata keçirilməsinin koordinasiyası QHT-lərə Dövlət Dəstəyi Şurasına həvalə olunub. Qrantların nəticələrinin dəyərləndirilməsi sahəsində vahid yanaşma olacaq. Müstəqillik dövründə Azərbaycanda QHT-lərdən ibarət üçüncü sektor formalaşıb. Bu gün Azərbaycanda 3 minə yaxın QHT qeydiyyatdan keçib”.

***

“Bu gün bizə QHT ilə bağlı ağıl və taktika öyrətmək istəyən bəzi təşkilatlar və dairələr var. Onlar xaricdən qrant alan təşkilatlardır”.

Publika.az-ın məlumatına görə, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Onun sözlərinə görə, bu yaxınlarda ABŞ-ın Demokratiyaya Yardım Fondu tərəfindən təşkil olunan tədbir bu qəbildən olub. Ə.Həsənov deyib ki, bu cür təşkilatların Azərbaycana ağıl öyrətməsi doğru deyil: “Həmin təşkilatların qrant almaq naminə fəaliyyəti ilk növbədə Azərbaycan dövlətinin və xalqının milli maraqlarına ziddir. Çünki həmin dairələrin nümayəndələri xaricdə erməni QHT rəhbərləri ilə bir arada oturub Azərbaycandakı vəziyyəti təhlil edib qiymət verməyə çalışırlar. Bütün bunlar isə Azərbaycanın milli maraqlarına uyğun deyil. Təhlillər obyektiv olmalıdır. Yoxsa ki, kiməsə təzyiq və təsir göstərmək üçün təhlillər vermək doğru deyil. Bu baxımdan da Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları mövcud vəziyyətə real və obyektiv qiymət verməlidir”.

Ə.Həsənov onu da qeyd edib ki, hər bir sahədə qanun işləməli, hamı qanuna əməl etməlidir: “Əgər qanun varsa, hər kəs ona hörmətlə yanaşmalıdır və onu icra etməlidir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm