Prezident İlham Əliyev Davosda görüşlərə başladı (YENİLƏNİR)
Bizi izləyin

Nida.az

Prezident İlham Əliyev Davosda görüşlərə başladı (YENİLƏNİR)

Yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsrail Dövlətinin sabiq Prezidenti Şimon Peresin görüşü olub.

Görüşdə Azərbaycan ilə İsrail arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edildi.

Söhbət zamanı iqtisadi sahədə əməkdaşlığın və mədəniyyətlərarası dialoq istiqamətində əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

***

Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti xanım Simonetta Sommaruqanın görüşü olub.

Görüşdə ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi. İqtisadi sahədə səmərəli əlaqələrin olduğu qeyd edildi və əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın mövcudluğu diqqətə çatdırıldı. İsveçrə şirkətlərinin Azərbaycanda sərmayə qoyuluşu, enerji sahəsində əməkdaşlıq, eləcə də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin bu ölkədəki fəaliyyətinin əhəmiyyəti vurğulandı.

Söhbət zamanı iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinin önəmi qeyd olundu, Azərbaycanın və İsveçrənin həyata keçirəcəyi birgə layihələrin qarşılıqlı faydalı olduğu bildirildi, mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə edildi.

Görüşdə ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

***

***

Prezident İlham Əliyevin “Swiss Re Global Partnership” şirkətinin sədri Martin Parker ilə görüşüb.


Görüşdə Azərbaycan ilə “Swiss Re Global Partnership” şirkəti arasında əməkdaşlığın genişləndirilməsindən məmnunluq ifadə olunub.

Prezident İlham Əliyev ilə ötənilki görüşdən keçən dövr ərzində şirkətin Azərbaycanın bir sıra dövlət qurumları - Maliyyə, Fövqəladə Hallar, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirlikləri ilə görüşləri nəticəsində hazırlanmış, ölkəmizdə baş verə biləcək təbii fəlakətlərin qarşısının alınması ilə bağlı sığortanın təşkilinə dair Anlaşma Memorandumu ətrafında müzakirələr aparılıb.

Dövlətimizin başçısına bu istiqamətdə verdiyi dəstəyə görə təşəkkürünü bildirən Martin Parker bu sahədə işlərin davam etdiriləcəyinə əminliyini vurğulayıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda Rusiya Federasiyası “Sberbank”ının sədri German Qref ilə görüşüb.

Görüşdə “Sberbank”ın sədri Azərbaycanda gedən inkişaf proseslərinin maraqla izlənildiyini bildirdi, ölkəmizin müvafiq maliyyə və bank strukturları ilə uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğuladı. Azərbaycan iqtisadiyyatının sürətli inkişafı nəticəsində investisiya qoyuluşu baxımından cəlbedici ölkəyə çevrildiyini deyən G.Qref rəhbərlik etdiyi bankın Azərbaycanın müvafiq qurumları ilə bundan sonra da səmərəli əməkdaşlıq aparacağına ümidvar olduğunu bildirdi.

Prezident İlham Əliyev Azərbaycanda iqtisadi inkişaf proseslərindən danışdı, ölkəmizin bank, maliyyə, energetika sistemlərində mühüm islahatların, eləcə də investisiya sahəsində uğurlu siyasətin həyata keçirildiyini dedi. Dövlətimizin başçısı Azərbaycanda investisiya qoyuluşu üçün əlverişli şəraitin yaradılmasının önəmini qeyd edərək Azərbaycanın da xarici ölkələrə fəal sərmayə yatırdığını vurğuladı. Prezident İlham Əliyev Azərbaycanın maliyyə qurumları ilə “Sberbank” arasında səmərəli əməkdaşlığın həyata keçirildiyini qeyd etdi. Dövlətimizin başçısı bu əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi.

Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

****

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 22-də Davosda Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç ilə görüşü olub.


Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi. Azərbaycanın Avropanın enerji təminatında artan rolunun önəmi vurğulandı, bu sahədə “Cənub” qaz dəhlizinin əhəmiyyəti qeyd edildi.


Söhbət zamanı gələn ay Bakıda keçiriləcək “Cənub” qaz dəhlizinin nazirlər səviyyəsində birinci məşvərət şurasına dair məsələlər müzakirə edildi, əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm